Azərbaycan bu gün dünya miqyasında etibarlı tərəfdaş kimi tanınır
19 İyul 2022 12:51 SiyasətAzərbaycanın regional və qlobal əhəmiyyəti getdikcə artır. Bu bir tərəfdən rəsmi Bakının sözü ilə əməlinin üst-üstə düşməsi, Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmayacağı təqdirdə hərb yolla həll ediləcəyinə dair bəyanatını reallığa çevirib cəmi 44 gün ərzində erməni işğalı altında olan şəhər və rayonlarını azad etməsi ilə bağlıdırsa, digər tərəfdən ayrı-ayrı regionlarda gedən silahlı münaqişələr, müharibələr nəticəsində, xüusilə Rusiya-Ukrayna müharibəsi fonunda şimal qonşumuzun enerji asılılığılndan xilas olmanın alternativi kimi Azərbaycanın mühüm mövqeyə malikliyi ilə əlaqədardır.
Məhz bütün bunlardan dolayı son vaxtlar qlobal mənada Azərbaycana olan maraq, rəsmi Bakı ilə əməkdaşlıq istəkləri artır. Eyni zamanda qurulan yüksək səviyyəli əməkdaşlıqlar yeni-yeni təşəbbüslərin meydana çıxmasına yol açır. Əksər hallarda bu və ya digər təşəbbüslər, beynəlxalq sülh və təhlükəsizliyə xidmət edən təkliflər, təşəbbüslər rəsmi Bakı tərəfindən irəli sürülür ki, həmin təşəbbüs və təkliflər də məhz yüksək səviyyəli əməkdaşlıq və qarşılıqlı hörmət nöqteyi nəzərindən qəbul edilir, dəstəklənir. Elə Milli Məclisin deputatı Sədaqət Vəliyeva da bu qənaətdədir. O bildirib ki, Azərbaycanda həyata keçirilən müdrik və uzaqgörən xarici siyasət nəticəsində bu gün ölkəmiz dünya miqyasında etibarlı tərəfdaş, düzgün və sözünəbütöv ölkə kimi tanınır: "Dünyada hökm sürən qeyri-sabit proseslər, müharibələr fonunda Azərbaycan dünya miqyaslı tədbirlərə ev sahibliyi edir, böyük enerji layihələri həyata keçirir, dünya ölkələri ilə əməkdaşlığını daha da genişləndirir, inkşafa, sülhə və tərəqqiyə hesablanmış böyük təşəbbüslər irəli sürür. Eyni zamanda bu gün dünyanın tanınmış ölkələri Azərbaycanla əlaqələr qurmağa, mövcud əlaqələri daha dərinləşdirməyə və ölkəmizin həyata keçirdiyi layihələrdən bəhrələnməyə çalışır. Qeyd olunan bütün amillər ölkəmizin dünya miqyasındakı gücünün və etibarının göstəricisidir"
Sədaqət Vəliyeva bildirib ki, bütün bunlarla yanaşı Azərbaycan tanınmış dünya miqyaslı təşkilarla da yaxından əməkdaşlıq edir: "Ölkəmiz üzv olduğu bütün təşkilatlarda fəal iştirak edir, böyük təşəbbüslər irəli sürür. Azərbaycan tərəfindən irəli sürülən bütün təşəbbüslər dünya ölkələri tərəfindən təqdir edilir və dəstəklənir. Hal-hazırda Azərbaycan dünya üzrə ikinci ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına sədrlik edir və ölkəmizin sədrlik etdiyi müddət ərzində təşkilatın fəaliyyətində böyük və görünməmiş canlanma müşahidə olunmuşdur. Eyni zamanda təşkilata üzv olan 120 ölkənin yekdilliklə səsverməsi nəticəsində Azərbaycanın sədrlik müddəti 2023- cü ilin sonuna qədər uzadılmışdır".
Deputat qeyd edib ki, Azərbaycanın Pandemiya dövründə həyata keçirdiyi insanyönümlü siyasət, digər ölkələrə yardımlar etməsi, Azərbaycan prezidentinin peyvəndlərin ədalətli bölgüsü ilə bağlı irəli sürdüyü təşəbbüslər dünya ölkələrinə böyük fayda gətirdi: "Dəfələrlə dünya miqyaslı təşkilatlar Azərbaycanın nümunəvi üzv dövlət olmasını xüsusi qeyd etmiş və səmərəli fəaliyyətinə görə ölkəmizə, ölkə başçısı cənab İlham Əliyevə təşəkkür etmişlər. Əlbətdə bu gün Azərbaycanın dünya miqyasındakı yüksək mövqeyi, gücü və etibarı ölkə başçısı, cənab prezident İlham Əliyevin həyata keçirdiyi müdrik, uzaqgörən və düşünülmüş xarici siyasətin nəticəsidir".
Süleyman