Azərbaycan Cənubi Qafqazın dominant gücü olduğunu regionda marağı olan bütün dövlətlərə qəbul etdirəcək
19 İyul 2022 11:07 Siyasət"Şimalın, Qərbin, Cənubun bütün şəbəkələrinin sabotajlarna, maneçilik cəhdlərinə, cibgir məmurların əməllərinə rəğmən Azərbaycan Cənubi Qafqazın dominant, oyun qurucu gücü olduğunu regionda marağı olan bütün dövlətlərə qəbul etdirəcək və ermənilər quzu- quzu gəlib sülh sazişinə imza atacaqlar". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Türk-İslam Araşdırmalar Mərkəzinin sədri Telman Nüsrətoğlu səsləndirib. O bildirib ki, Türkiyə ilə qol- qola ortaq Türk gücünü də inşa edəcəyik: "Gördüyüm və hazırkı həssas şəraitdə ulu orta danışmağı, tənqid etməyi, ruh düşkünlüyünə səbəb olacaq şəkildə müzakirə etməyi uyğun görmədiyim bütün nöqsanlara baxmayaraq mən buna bütün səmimiyətimlə inanıram. Prezident İlham Əliyevin uzaqgörən siyasət sahibi olmasına, millətimizin fərasətinə, Azərbaycanda gerçək dövlət ağlını təmsil edən çevrələrin varlığına , Türkiyə ilə qarşılıqlı istişarə ilə müəyyən edilən milli təhlükəsizlik və tədricilik metodologiyasıyla böyümə konsepsiyasının mövcudluğuna inamım bu haqdakı əminliyimi artırır".
Telman Nüsrətoğlu onu da qeyd edib ki, ciddi geosiyasi mübarizələrin mərkəzində yer alan, Rusiya və İran kimi dövlətlərlə qonşu olan, torpaqları işğal edilmiş, müsəlman Türk kimliyindən dolayı Qərbin ikili standart siyasətiylə üzləşən, üstəlik iki yüz illik müstəmləkə dönəmindən çıxaraq cəmi 30 ildi müstəqilliyə qədəm qoymuş Azərbaycanın əldə etdiyi nəticələr kifayət qədər çoxdur: "Bakı- Ceyhan neft kəməri , Bakı- Tiflis- Ərzurum qaz kəməri, Bakı - Tiflis - Qars dəmiryolu, TANAP, TAP , Türkiyəyə 20 milyara yaxın stratejiq mahiyyətdə yatırımlar, 44 günlük müharibədə böyük zəfər, Şuşa bəyənnaməsi, Qoşulmama Hərəkatına təkrar sədrlik, Türkmənistan və Özbəkistanla böyük yaxınlaşmada körpü olmaq, İpəkyolunun kritik ölkəsi və indi də Avropayla qaz sazişi.. Biz yüz metrəlik deyil maraton koşusundayıq. Ağlı, nəfəsi, zəkası olan qazanacaq".