Prezidentin kadr siyasəti xalq tərəfindən dəstəklənir
18 İyul 2022 15:38 SiyasətAzərbaycanda artıq yeni situasiyanın yaranmasının şahidi oluruq. Hazırda Prezident İlham Əliyevin kadr islahatları çərçivəsində atdığı bir sıra qətiyyətli addımları müşahidə edirik. Dövlət başçısı vəzifəsinin öhdəsinin gələ bilməyən yüksək vəzifəli məmurları işdən azad edir. Uzun illərdir eyni vəzifədə oturub korrupsiya və rüşvətxorluqla məşğul olan, xalqın və dövlətin əmlakını mənimsəyən vəzifə sahiblərinə qarşı görülən tədirlər öz səmərəsini verməkdədir, həm də vətəndaşların maraqları dairəsindədir. Vətəndaşlara da məlumdur ki, öz yerində olmayan məmurlar vəzifədə olduqları müddətdə yalnız özlərini düşünüblər, qapılarını xalqın üzünə bağlayıblar. Ona görə də sadə vətəndaşların şikayət və təklifləri müvafiq şəxslərə ya çatmayıb, ya da bununla bağlı heç bir tədbir görülməyib. Etiraf edək ki, Prezidentin bu cür addımlıarı xalqın hakimiyyətə inamını qaytarmaq baxımından da çox vacibdir. İndiyə qədər vəzifəsindən azad edilən nazirlərin cinayət işlərinin araşdırılması deməyə əsas verir ki, Prezident İlham Əliyev dövlət qurumları və məmurlardan vətəndaşların hüquq və azadlıqlarının, onların təhlükəsizliyinin, ölkədə sağlam biznes və investisiya mühitinin təmin edilməsini tələb etdikləri halda, bəzi harınlamış məmurlar tam əks fəaliyyətlə məşğul olublar. Rüşvətxorluq, korrupsiya, dövlət əmlakının mənimsənilməsi kimi qanunazidd fəaliyyət bəzi məmurların əsas iş prinsipinə çevrilib. Dövlət başçısının kadr siyasəti deməyə əsas verir ki, artıq belə məmurların aramızda yeri yoxdur. Məhz bu siyasətin davamı olaraq Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirdə qeyd edib ki, əfsuslar olsun ki, etimad göstərdiyim bəzi kadrlar bu etimadı doğrultmayıblar: "Kölgə iqtisadiyyatı ilə mübarizədə yaxşı nəticələr əldə olunsa da, yenə kölgə iqtisadiyyatı və narahat edən məsələlər var. Əfsuslar olsun ki, etimad göstərdiyim bəzi kadrlar bu etimadı doğrultmayıblar. Kölgə iqtisadiyyatı, əlbəttə, hər ölkədə var, əsas məsələ onun həcmidir, dövlətin, hökumətin buna münasibətidir. Dövlətin və hökumətin buna münasibəti belədir ki, bu, Azərbaycanda olmamalıdır və bizim əlimizdədir ki, bu, olmasın. Çünki texnologiyalar inkişaf edir, yeni nəzarət imkanları yaranır. Burada kölgə iqtisadiyyatı adlı mənfi faktor olmamalıdır, yaxud da minimuma endirilməlidir. Ona görə ən qabaqcıl texnologiyalar tətbiq edilməlidir - uçot, nəzarət və əlbəttə, kadrların yerləşdirilməsi. Əgər qurumun başında dayanan kadr öz cibinə işləyirsə, istəyirsən hansı elektron nəzarət vasitəsi olursa-olsun, onsuz da onun heç bir əhəmiyyəti olmayacaq. Ona görə burada bu amillərin vəhdəti olmalıdır. İnstitusional tədbirlər, əlbəttə ki, dövlət nəzarəti, ictimai nəzarət və kadrların düzgün seçilməsi. Ona görə hesab edirəm, baxmayaraq ki, büdcəmiz artıb, o cümlədən şəffaflıq nəticəsində böyük dərəcədə artıb, buna görə yenə də rezervlər var. Kölgə iqtisadiyyatı bu rezervləri faktiki olaraq dövlətdən götürüb kiminsə cibinə istiqamətləndirir. Buna son qoyulmalıdır və biz bütün imkanlardan istifadə etməliyik".
Prezident İlham Əliyevin son dövrlərdə atdığı qətiyyətli addımlar Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə yönəlib. Heç şübhəsiz ki, bu addımlar sırasında kadr islahatı mühüm yer tutur. Dövlət başçısının yürütdüyü kadr siyasətinin ana xəttini əsasını təşkil edən amillərdən biri və başlıcası ondan ibarətdir ki, prezidentin etimadını doğrultmayan hər bir şəxs onun komandasından kənarlaşdırılır. Artıq dəfələrlə belə halların şahidi olmuşuq. Ölkədə kadrlarla bağlı görülən tədbirlər onu göstərir ki, Azərbaycan Prezidenti Azərbaycan dövlətçiliyinin idarə olunmasında son dərəcə qətiyyətlidir və ölkə xalqının maraqlarına xidmət edir. Lakin bu addımın davamlı olmasına baxmayaraq hələ də şəxsi mənafeyini dövlət və vətəndaş mövqeyindən üstün tutan kadrlar mövcuddur. Özü də ən ali təbəqələrdə belə lövbər salıblar. Təəssüf ki, bu kateqoriyadan olan məmurlar həm dövlət başçısının yürütdüyü sosial siyasətə xələl gətirir, həm də dövləti vətəndaşların gözündən salır. Əslində isə dövlət başçısının kadr siyasəti deməyə əsas verir ki, hər kəs prezidentin kadrlarla bağlı mövqeindən nəticə çıxarmalıdır. İstər dövlətin icra strukturlarında, istərsə də başqa strukturlarda çalışan hər bir kəs xalqın, dövlət başçısının etimadını daimi öz üzərində hiss etməli və Konstitusiya borcunu yerinə yetirməlidir. Əks halda, dövlətin öz layiqli cəzasını alacaq.
Qeyd edək ki, Prezident ali icra hakimiyyətinin rəhbəri olduğundan nazirlərin vəzifəyə təyin və azad edilməsi birbaşa onun səlahiyyətinə daxildir. Dövlət başçısı yaxşı bilir və kifayət qədər informasiyası var ki, hansı nazir vəzifəsini necə icra edir. Buna müvafiq olaraq da nazirlərin təyinatını həyata keçirir. Məlum olduğu kimi İlham Əliyev digər ölkələrin dövlət başçıları kimi sıradan olan prezident deyil. O, cəmiyyət tərəfindən çox yüksək dəstəyə malikdir və seçkilərdə yüksək səs almış prezidentdir. Eyni zamanda, siyasi lider kimi Avropada və dünyada tanınmış siyasətçidir. Ona görə də bir siyasətçi və vətəndaş olaraq dövlət başçısının qərarları cəmiyyətin gözləntiləri ilə üst-üstə düşür. Çünki, prezidentin islahatlarla bağlı verdiyi hər hansı qərar yalnız obyektivlik üzərində qurulur.
Qətiyyətlə demək olar ki, dövlət başçısı tərəfindən həyata keçirilən kadr islahatları davamlı olacaq. Çünki, Prezidentin kadrlardan istədiyi ondan ibarətdir ki, dürüst işləsinlər, qanunlara əməl etsinlər, cəmiyyət-dövlət üçün işləsinlər, vətəndaşların problemlərini həll etsinlər. Bunlar da normal və mövcud qanunlara uyğun tələblərdir. Heç şübhəsiz ki, kim bu tələblərə cavab verəcəksə vəzifəsinin icrasını davam etdirəcək, etməyənlər barədə isə prezident düzgün və obyektiv qərar verəcək. İşinin öhdəsindən gələn, idarəetmədə yaxşı nəticə göstərən kadrlara etimad isə bundan sonra da yüksək olacaq. Ona görə ki, dövlət başçısının bu istiqamətdə atdığı qətiyyətli addımlar Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə yönəlib. Təkcə nazirlərin deyil, digər vəzifəsindən sui-istifadə edən yüksək çinli məmurların da işdən çıxarılması və məsuliyyətə cəlb olunması xalq tərəfindən bəyənilir və dəstəklənir.
Alim