Təhlükəsizlik seqmentinin gücləndirilməsi ölkəmiz üçün əsas prioritetdir

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev altı ayın yekunlarına dair keçirilmiş müşavirədə mühüm siyasi-iqtisadi və sosial məsələlərə toxundu".
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
"Altı ay ərzində Azərbaycan xarici siyasət və diplomatiya sahəsində bir sıra uğurlara imza atmışdır. Həm regional dövlətlərlə əməkdaşlığın gücləndirilməsi, həm də beynəlxalq səviyyədə ölkəmizin nüfuzunun artırılması istiqamətində bir sıra mühüm praktiki addımlar atılmışdır.
Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında apreldə və mayda mühüm görüşlər keçirilmiş və siyasi razılıqlar əldə olunmuşdur. Eyni zamanda, Azərbaycanın və Ermənistanın baş nazirlərinin müavinləri Azərbaycan-Ermənistan sərhədində görüşdükdən sonra Moskvada fiziki təmaslar həyata keçirilmişdir. Bütün bunlar onu göstərir ki, Azərbaycan Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və ehtimad atmosferinin bərqərar olmasında maraqlıdır. Təhlükəsizlik seqmentinin gücləndirilməsi ölkəmiz üçün əsas prioritetdir.
Təəssüflər olsun ki, Ermənistan tərəfi Zəngəzur dəhlizinin çəkilməsi ilə bağlı prosesləri yubatmaqda maraqlıdır. Eyni zamanda, müxtəlif danışıqlar müstəvisində sülhə təhdid törədir, bu həm iqtisadi-nəqliyyat əlaqələrinin bərpa olunmasını əhatə edir. Sərhədlərin delimitasiyası ilə bağlı eyni mənzərəni müşahidə edirik. Yekun sülh müqaviləsinin imzalanması üçün isə bütün bu amillərin öz həllini tapması gərəklidir.
Digər tərəfdən Üçtərəfli Birgə Bəyanatın dördüncü maddəsi icra olunmamışdır və cənab Prezident öz nitqində bu məsələyə toxundu. Rusiya sülhməramlıları da maraqlı olmalıdırlar ki, Azərbaycan ərazisində Ermənistan Silahlı Qüvvələrinin mənsubları qalmasın. Çünki regionda mühüm iqtisadi transformasiya prosesi gedir və kommunikasiyaların açılması, nəqliyyat arterialarının işə başlaması həm də təhlükəsizliyin gücləndirilməsi ilə paralel şəkildə həyata keçirilməlidir. Bu baxımdan cənab Prezident öz fikirlərində Moskvaya və İrəvana xəbərdarlıq etdi, region terrorçulardan və təhlükəsizliyə təhdid törədən ünsürlərdən təmizlənməlidir. Bu baxımdan Azərbaycanın mövqeyi bir daha vurğulandı.
Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Tiblisidə mühüm görüş həyata keçirmişdilər. Bu görüşdə də məhz dördüncü maddənin implementasiyası ilə bağlı rəsmi Bakının mövqeyi bir daha vurğulanmışdır.
Ümumilikdə cənab Prezident öz fikirlərində sosial və iqtisadi sahəyə də toxunmuşdur. Bütün dünyada qlobal böhranın getdiyi inflyasiyanın müşahidə olunduğu bir dövrdə iqtisadiyyatın dayanıqlığının artırılması mühüm prioritetdir və Azərbaycanın strateji hədəfləridir.
Taxıl istehsalının artırılması, kənd təsərrüfatı məhsullarının əlçatanlığının müəyyən olunması və iqtisadiyyatın dürüstləşdirilməsi bu gün ən aktual mövzulardır və bu sahədə intensivliyin artırılması mühüm əhəmiyyət kəsb edir.
Düşünürəm ki, qarşıdakı dönəmlərdə də məhz Azərbaycan iqtisadiyyatının daha da inkişaf etdirilməsi istiqamətində mühüm qərarlar qəbul olunacaq və cənab Prezident artıq öz çıxışında əsas məqsədləri müəyyənləşdirmişdir".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31