"Bu qrupu təqaüdə göndərməyin vaxtıdır" - Deputat
14 İyul 2022 15:03 SiyasətMillət vəkili Sabir Rüstəmxanlı Milli Məclisin plenar iclasında çıxışı zamanı Azərbaycanın ATƏT-in Minsk qrupunu məhkəməyə verməsini təklif edib.
Deputat bildirib ki, ATƏT-in Minsk qrupu Azərbaycan xalqına qarşı törədilmiş vəhşiliyin təkcə müşahidəçisi yox, həm də iştirakçısıdır.
Məsələyə münasibət bildirən millət vəkili Tamam Cəfərova açıqlamasında deyib ki, Minsk qrupu İkinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə olub və təəssüflər olsun ki, münaqişənin həllində beynəlxalq hüququn norma və prinsiplərinin təmin olunmasına çalışmayıb:
"Beynəlxalq təşkilatların, xüsusən də, vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun ikili standartlar əsasında yanaşmaları Azərbaycanın öz ərazi bütövlüyünü hərbi-siyasi yollarla həll etməsinə, BMT-nin müvafiq qətnamələrini təkbaşına icra etməsinə gətirib çıxardı".
Millət vəkili qeyd edib ki, dünyanın siyasi müstəvisində özünü qabarıq şəkildə göstərən əsas problemlərdən biri hələ də ikili standartların mövcud olmasıdır. Xüsusən də Qərb dövlətləri və onların təmsil olunduğu bəzi beynəlxalq təşkilatlar tərəfindən dünyada gedən proseslərə ikili standartlar əsasında yanaşılır. Vətən müharibəsində ölkəmizin qazandığı Qələbəyə qədər beynəlxalq ictimaiyyət Ermənistanın Qarabağ danışıqlarında qeyri-konstruktiv mövqe nümayiş etdirməsinə, status-kvonun qorunub saxlanması cəhdlərinə, danışıqların pozulmasına yönəlik addımlarına kəskin iradını bildirmirdi.
T. Cəfərova vurğulayıb ki, Azərbaycanın münaqişəni həll etməsindən, işğala son qoymasından, özünün ərazi bütövlüyünü hərbi-siyasi yollarla bərpa etməsindən sonra Minsk qrupunun fəaliyyətinə ehtiyac yoxdur: "Bu il Minsk qrupunun fəaliyyətə başlamasının 30 ili tamam oldu. 30 il kifayət qədər böyük bir vaxtdır. Bu illər ərzində onun fəaliyyətləri, yaxud, fəaliyətsizliyi onu deməyə əsas verir ki, bu qrupu təqaüdə göndərməyin vaxtıdır. Azərbaycan artıq Minsk qrupuna əlvida deyib. Təəssüflər olsun ki, Ermənistan və digərləri onu həyata qaytarmağa çalışır. Lakin bu, mümkünsüzdür. ATƏT-in Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya nəinki qeyri-məhsuldardır, eyni zamanda, regionda mümkün sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir".
BakuPost