Daxili siyasi dialoqdan min bir bəhanə ilə boyun qaçıran “virtual müxalifət”
15 İyul 2022 15:00 SiyasətArtıq bir neçə ildir ki, Azərbaycanda normal siyasi atmosfer formalaşıb. Yeni şəkilləndirilən siyasi cameədə ölkədə fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyəti demək olar ki, özünəməxsus yeri tutub və fəaliyyəti ilə özünü sübuta yetirir. Sözün həqiqi mənasında siyasi konfiqurasiyanın mövcud olduğu Azərbaycanda təəssüflər olsun ki, yaranmış bu vəziyyətdən istifadə etməyi düşünməyən, əksinə siyasi konfiqurasiyanı konfrantasiyaya, gərginliyə çevirməyə çalışan siyasi dairələr də var və onlar heç bir halda hakimiyyət, iqtidar-müxalifət dialoqu, anlaşmasından yana deyillər. Əsas məqsəd və qarşılarına qoyduqları məram isə ölkədə yaranmış normal siyasi mühit, iqtidar-müxalifət, xalq-iqtidar birliyinə mane olmaq gərginlik yaratmaqdır. Halbuki elə yaxın tariximizdə, lap elə ölkədə siyasi konfiqurasiyanın təmin edildiyi zamana qədər məhz həmin qüvvələr, bu gün dialoq və qarşılıqlı faydalı əməkdaşlıqdan özlərini uzaq tutan siyasi qüvvələr tələb edirdilər bu günkü dialoqu, hakimiyyət-müxalifət müzakirələrini. Dünənə qədər meydanlarda səsləndirdikləri, hakimiyyətdən tələb etdikləri bu gün reallaşanda isə dialoqdan yayınırlar. Təkcə bui prosesdən kənarda qalmır, eyni zamanda hakimiyyətlə qarşılıqlı faydalı əməkdaşlıq edib dövlət və dövlətçilik maraqlarından çıxış edən siyasi dairələri satqınçılıqda, milli maraqlara zərbə vurmaqda absurd olaraq ittiham edirlər. Özlərini Azərbaycan müxalifətinin əsas simaları, hərəkətverici qüvvələri sayan bu siyasilər dövlət və dövlətçilik naminə hakimiyyətlə qarşılıqlı faydalı əməkdaşlıq edənləri isə satqın, avtobus müxalifəti, yaxud siyasi düşərgəyə xəyanət edənlər kimi qruplaşdırırlar. Xarici dairələrin, Azərbaycanın həmişə təsir altında olması, burada öz maraqlarını təmin etmək istəyində olanların maşası rolunu oynayan həmin siyasi dairələr nə qədər təəccüblü də olsa, dövlət və dövlətçilik maraqlarından çıxış edənləri "avtobus müxalifəti" deyə aşağılayırlar.
Siyasi ekspert, Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov hesab edir ki, AXC və Müsavat partiyalarının rəhbərləri Azərbaycan hakimiyyəti ilə siyasi dialoqdan imtina edirlər və bu imtinanın səbəblərindən biri kimi qarşı tərəfdən hakim Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin deyil, Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevin iştirak etməsini vurğulayırlar: "Yəni, partiya sədri kimi onlarla dialoqun YAP-ın sədri səviyyəsində deyil, Prezident Adminstrasiyasının şöbə müdiri səviyyəsində aparılmasını özlərinə təhqir hesab edirlər. Özlərinin getmədikləri dialoqa gedən 40-dan artıq partiya rəhbərlərini də avtobus müxalifəti adlandırırlar. Daxili siyasi dialoqdan min bir bəhanə ilə boyun qaçıran "virtual müxalifət" xarici siyasi dialoqa isə istənilən səviyyədə hazır olduğunu göstərir".
Xəyal Bəşirov diqqətə çatdırıb ki, Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Şərq Tərəfdaşlığı şöbəsinin müdir müavini olan cavan oğlanla görüşməyi və şəkil çəkdirməyi isə fəxarətlə vurğulayır və əhəmiyyətli bir siyasi hadisə kimi ictimailəşdirirlər: "Aradakı ranq fərqini izah etməyə lüzum belə yoxdur! Şuşaya, Ağdama və ümumilikdə Qarabağa gedən siyasi partiya rəhbərlərini avtobusa minib getdiklərinə görə "avtobus müxalifəti" adlandıran bizim virtual mÜxalifət bu gün avtobusla o müqəddəs torpaqlara gedən siyasilər sabah Füzuli, Zəngilan və Laçın aeroportları vasitəsilə təyyarə ilə və ya sürətli qatarlarla və yaxud da şəxsi avtomobilləri ilə gedəndə onları təyyarə, qatar və ya avtomobil müxalifəti adlandıracaq? Gələcəkdə yeni termin və ya ləqəb axtarışında olmamaları üçün zənnimcə "avtobus müxalifəti" dedikləri partiyaları getdikləri Ağdamın, Şuşanın və Qarabağın adı ilə, "Ağdam müxalifəti", "Şuşa müxalifəti" və ya "Qarabağ müxalifəti" adlandırsalar zənnimcə onlar üçün daha yaxşı olar".
Xəyal Bəşirov deyir ki, sözügedən qüvvələrin bu cür yanaşması kökündən yalnışdır və onlar doğru yolda deyillər.
Məhəmməd