İran region dövlətləri ilə radikal dəyişikliyə gedir - Tehran Bakı ilə RAZILIĞA GƏLİR

"Dünyada baş verən hadisələrin təhlili göstərir ki, beynəlxalq münasibətlər sistemində faktiki olaraq yeni-yeni gərginliklər və ziddiyyətli məqamlar üzə çıxır".

Olaylar.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, Azərbaycan və Türkiyənin təklif etdiyi altılıq platformasının aktuallığı artır:

"Dünyanın təhlükəsizlik arxitekturası yenidən formalaşır ki, indiki məqamda isə hələ qarşıda müəyyənləşəcək böyük mənzərənin elementlərini görürük. Hərbi, iqtisadi, enerji, informasiya, ərzaq kimi komponentləri əhatə etməklə təhlükəsizliyin təmin olunmasında proksi müharibələr fonunda nüvə silahının istifadə olunması da meydana gətirilir ki, ABŞ və NATO-nun Kanadada nüvə, kimyəvi və bioloji silahlardan qorunmaq üçün müdafiə təlimləri keçirəcəyi xəbərləri beynəlxalq münasibətlər sisteminin aktorları tərəfindən son dərəcə ehtiyatlı manevrlarla müşayiət olunur.

Təbiidir ki, baş verən hadisələr açar bölgə hesab olunan regionumuza da təsirsiz ötüşmür. Bu baxımdan Cənubi Qafqaz region dövləti olan həm İran, həm də İranı əhatə etmək istəyəcək güclər üçün potensial genişlənmə zonası olduğundan bir çox aspektlərdə önəmli olan bölgədir. Burada isə əsas amillərdən biri və birincisi enerji məsələsidir ki, Rusiya-Ukrayna məsələsi fonunda bir çox ölkənin Səudiyyə Ərəbistanının neftinə ehtiyacı artıb.

Rusiya və Çinin son illərdə Səudiyyə Ərəbistanı ilə əlaqələrinin güclənməsi, Türkiyə-Səudiyyə Ərəbistanı və Türkiyə-İsrail arasında son zamanlar yaxınlaşmalar baş verir ki, bu da İranı narahat etməyə bilməz. Eyni zamanda, ABŞ-İran münasibətlərini nəzərə alsaq ki, ABŞ Prezidenti Cozef Baydenin "Çinin Honqkonqun muxtariyyətini pozmaq üçün atdığı son addımları ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün həddindən artıq təhlükə yaratmaqda davam edir" fikrini bildirməsi, bununla bağlı Honqkonqdakı vəziyyətlə əlaqədar Çinə qarşı tətbiq edilən sanksiyaların müddətinin daha bir il uzadılması fonunda da İran xarici siyasətində aktivliyin şahidiyik.

Təbiidir ki, Azərbaycanın əldə etdiyi Böyük Zəfərdən sonra regionda onun artan gücündən narahat olan, bu artımın öz maraqlarına hansı uzaqlıqda dayana biləcəyini hesablayan qüvvələr mövcuddur. İranın xarici siyasəti də strateji maraqlar üzərində qurulub. Azərbaycanın və Türkiyənin təklif etdiyi altılıq platforması bütün baş verən hadisələr fonunda daha aktuallıq kəsb etməyə başlayıb ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun Türkiyədən sonra Tehrana, İrəvana və Bakıya səfəri həm də məhz bu istiqamətdə atılan addım idi.

İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian Türkiyə Respublikasına səfəri zamanı bölgə ölkələrindəki prosesləri, o cümlədən Azərbaycanın da daxil olduğu regional münasibətləri, həmçinin Türkiyə-İran əlaqələrinin inkişaf imkanlarını müzakirə etmələri bu arqumentləri daha da gücləndirir. Eyni zamanda, bu il ərzində Türkiyə-İran-Azərbaycan üçtərəfli əməkdaşlıq formatı çərçivəsində xarici işlər nazirlərinin növbəti iclasının İranda keçiriləcəyi gözlənilir.

Düşünürəm ki, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması prosesinin də getdiyini nəzərə alsaq, İran-Ermənistan əlaqələrinin intensivliyini də buraya əlavə etməklə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxaninin İrəvandan sonra Bakıya gəlməsi Tehranın da artıq region dövlətləri ilə radikal dəyişikliyə getdiyindən xəbər verir. Zənnimcə, bu, bir növ rəsmi Tehranın qlobal güclərdən uzaqlaşması fonunda regiona daha sıx sığınması kimi də qiymətləndirilə bilər.

Təbii ki, İran-Ermənistan əlaqələrinin dərinliyi və intensivliyi fonunda İran regionda sülhə olduqca böyük töhfə verə bilər. Tehranda Ərdoğan, Putin və Rəisi arasında görüş də buna təkan verəcək ki, bu da sonrakı mərhələdə Azərbaycanla Ermənistan arasında sülh danışıqları və delimitasiya ilə bağlı gedən danışıqlara da olduqca müsbət təsir edə bilər". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31