Təcavüzkar dövləti Azərbaycanla  müharibəyə kim sövq edir?

Ermənistan Rusiya və İranın girovluğunu davam etdirir

Ermənistan liderlərinin yürütdüyü təcavüzkar siyasət uzun illərdir ki, bu ölkənin daxildən parçalanmasına zəmin yaradıb. Erməni ideoloqlarının utopik düşüncələri nəticəsində dövlət başçısı ilə məmurların, hökumət nümayəndələri ilə vətəndaşların arasında olan qarşıdurmaları pik həddə çatdırıb. Ümumilikdə ölkədə yaranan ziddiyyət o həddə çatıb ki, xalqın həyat tərzi, yaşam səviyyəsi tamamilə sıfıra enib. Məhz bu kimi amillərin nəticəsidir ki, Ermənistan vətəndaşlarının kütləvi şəkildə ölkəni tərk etməsi prosesi baş verməkdədir. Son vaxtlar isə Ermənistanda yaranmış siyasi vakuum illərdən bəri davam edən narazılıqları daha da artırıb və böhranı dərinləşdirib. Qətiyyətlə demək olar ki, ölkədə yaranan xaosdan həm daxili, həm də xarici qüvvələr məharətlə istifadə etməkdədir. Məhz bunun nəticəsidir ki,  hakimiyyətin yarıtmaz siyasət yürütdüyünü bəhanə edərək xalqı küçələrə çıxmağa çağıran, son nəticədə Serj Sarkisyan rejiminin devrilməsinə nail olan hazırkı baş nazir Nikol Paşinyan son zamanlar çıxılmaz durum qarşısında qalıb. Xalq verilmiş vədlərin doğrulmasını tələb edir, Paşinyanın başı isə hakimiyyət uğrinda mübarizə qayğılarına   qarışıb. Bu əsnada Ermənistan əhalisi arasında narazılıqlar get-gedə güclənir. Cənubi Qafqazda xüsusi maraqları olan, Azərbaycanın Ermənistan üzərindəki ədalətli qələbəsini həzm etmək istəməyən qüvvələr isə bölgədə yenidən münaqişə ocağı alovlandırmaqda israrlıdırlar. Elə bu səbəbdən Ermənistanla Azərbaycan arasında əldə olunan istənilən razılaşmaya qızqanclıqla yanaşılır, sülh müqaviləsinin imzalanmasına hər cür maneə olmağa çalışırlar. MCP SŞ-nın üzvü, politoloq Vüqar Dadaşov deyir ki, Brüsseldə Ermənistanla  Azərbaycan arasında əldə edilmiş razılaşmaların icrası əvvəldən güman edildiyi kimi, Moskvanın  müdaxiləsi nəticəsində mümkünsüz vəziyyətdədir. Təbii ki, vəziyyətin bu şəkildə durğunluğu Azərbaycanı yeni müharibəyə məcbur edir. Baxmayaraq ki, durğunluğun  Ermənistan üçün ağır nəticələrə səbəb ola biləcəyi ehtimalı elə erməni siyasi rəhbərliyinə gün kimi aydındır. Ermənistanın o qədər də uzun müddətə malik olmayan tarixi və dövrümüzün analizi göstərir ki, bu ölkə faktiki olaraq, əsasən Rusiya və İranın girovluğunu davam etdirir, baxmayaraq ki, Paşinyan hakimiyyəti bu girovluğa son verməyə cəhdlər edir: "Ümumən Ermənistan əhalisi Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasının tərəfdarıdır və məhz bu amilə görə də Paşinyan Ermənistanın Azərbaycana ağır məğlubiyyətdən sonra təkrar hakimiyyətini saxlaya bildi və İrəvanda son ayların mitinqləri də onun hakimiyyətinə təsir etmədi. Ermənistanın Azərbaycanla yeni müharibə ərəfəsində olduğu aydın sezilir, ermənilər yaxşı anlayır ki, onları ölümə Rusiyanın və İranın təhriki vadar edir. Paşinyan bunun fərqindədir və çox güman ki, Türkiyə prezidenti cənab Ərdoğanla telefon danışığında bu məsələni müzakirə edib və onu anlamağı xahiş edib. Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramovun İrana səfəri, İran rəsmilərin Azərbaycana buna qədər səfərləri və nəhayət İran rəsmilərinin İrəvan səfərləri müharibə ehtimalının yüksək olmasını  göstərir. Cənab Ərdoğanın Rusiya prezidenti Putinlə telefon danışığı yəqin ki, Ermənistan-  Azərbaycan arasında sülh, yoxsa yeni müharibə seçimini müəyyənləşdirir. Ermənistan  siyasi elitası çaşqınlıq içindədir, müharibənin başlamasını bütün variantlarla əngəlləməyə çalışırlar, çünki təkləndiyini və gücsüzlüyünü anlayır və Rusiyanın köməyinə arxayın deyil. Rusiyaya ümidsizliyi Azərbaycanla Rusiya arasında "müttəfiqlik" haqqında Moskva Bəyannaməsi də xeyli gücləndirib. Sözsüz Rusiya bu yeni müharibənin marağındadır və onun üçün kimin qalib olmağı əsas şərt deyil, Rusiyaya Ermənistanla Azərbaycan arasında daimi müharibə şəraitinin saxlanması gərəkdir hansı ki, onun Cənubi Qafqazda mövcudluğunu təmin edir. Həm də, Rusiyaya bu yeni müharibə ona görə lazımdır ki, Ermənistanın növbəti məğlubiyyəti Paşinyanı hakimiyyətindən məhrum etsin. Rusiya üçün bu variant ona görə işə düşdü ki, onun patronajında olan erməni müxalifəti Paşinyanı devirmək tapşırığının öhdəsindən gələ bilmədi. Rusiya ilə eyni fikirdə olan İran da müharibəyə "töhvəsini" verməkdə davam edir belə ki, öz ərazisindən Zəngəzur dəhlizinin analoqu, körpü məsələsi ondan ötəridir ki, Azərbaycanla Ermənistan arasında razılaşmaların icrasın mümkünsüz və əhəmiyyətsiz etsin. Ermənistan Rusiya və İranın regionda maraqlarının təmin edilməsi naminə növbəti zərbəsini almağa təhrik edilir. Ancaq Ermənistan günbə-gün ehtimalı yüksələn yeni müharibədən qaça bilər təbii ki, Azərbaycan və Türkiyəyə sığınmaqla".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31