YAP-ın mətbuat xidmətinin rəhbəri vəzifəsindən getdi
8 İyul 2022 10:41 SiyasətYeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elməddin Quliyev vəzifəsindən ayrılıb.
"OLAYLAR" xəbər verir ki, bu barədə o, özü sosial şəbəkə hesabında məlumat verib. Elməddin Quliyev bunu səhhətində yaranan problemlə əlaqələndirib:
"Bu gündən səhhətimdə yaranan müvəqqəti narahatlıqlarla əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatındakı işimdən ayrıldım. Hazırda lazımı prosedurlar qəbul edirəm. Ötən müddət ərzində səlahiyyətim daxilində KİV və İctimaiyyət nümayəndələri ilə səmərəli və işgüzar fəaliyyət göstərməyə çalışdım. Mənə göstərilən yüksək dəstəyə görə Partiyamızın Mərkəzi Aparatının rəhbərliyinə, fədakar kollektivinə, İdarə Heyətinin, Təftiş Komissiyasının, Veteranlar Şurasının, Gənclər Birliyinin, şəhər (rayon) təşkilatlarının və YAP Parlament fraksiyasının dəyərli nümayəndələrinə sonsuz minnətdarlığımı və təşəkkürümü bildirirəm".
Elməddin Quliyev daha sonra qeyd edib ki, regionun ən böyük siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının fəal üzvü kimi daim Partiyamızın Sədri, Prezidentimiz cənab İlham Əliyevin və Partiyamızın Sədrinin Birinci müavini, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın rəhbərliyi ilə vətənimizin tərəqqisi və ölkəmizin daha da inkişafı naminə var gücü ilə çalışacaq:
"Hər birinizi qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, Sizlərə möhkəm can sağlığı xoş günlər arzulayıram".