Azərbaycan regionda fəal xarici siyasət yürüdən ölkədir

Azərbaycan regionda kifayət qədər fəal xarici siyasət yürüdən ölkə rolunu oynayır. Məhz bunun nəticəsidir ki, dünya ölkələri Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığa xüsusi önəm verirlər. Müntəzəm olaraq Azərbaycana ayrı-ayrı ölkələrin dövlət və hökumət başçılarının səfərləri, eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevin bu  və ya digər ölkələrə səfərlərə dəvət edilməsi fonunda bunu aydın görmək mümkündür.

Azərbaycanın xarici siyasətində heç şübhəsiz ki, Orta Asiya regionun da özünəməxsus yeri var. Tarixən adıçəkilən region ölkələri ilə sıx, qarşılıqlı faydalı əməkdaşlıq quran rəsmi Bakı bu siyasəti hazırda da davam etdirir. Bir müddət əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan və Türkmənistana səfərləri fonunda bunu aydın görmək mümkündür. Ölkəmizin region ölkələri ilə əməkdaşlığına diqqət çəkən Milli Məclisin deputatı Rəmin Məmmədov qeyd edib ki, Azərbaycan hər zaman mehriban qonşuluq, qarşılıqı faydalı əməkdaşlıq prinsipinə üstünlük verib: "Regionun demək olar ki bütün dövlətləri ilə, təbii ki Ermənistan istisna olmaqla, güclü əlaqələr qurmağa müvəffəq olub. Düşünürəm ki, bu səfərin əhəmiyyətini şərtləndirən bir sıra vacib amillər var. İlk növbədə regionda və dünyada gedən proseslər kontekstində baxdıqda, Azərbaycanla Özbəkistan arasında münasibətlərin möhkəmlənməsi hər iki ölkənin iqtisadi, siyasi və təhlükəsizlik maraqlarından irəli gəlir. Azərbaycan Prezidentinin Özbəkistana Dövlət səfəri zamanı imzalanmış "Strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında" siyasi Bəyannamə bu baxımdan, hər iki ölkənin əlaqələrinin perspektivlərini müəyyən edən çox vacib bir sənəddir. Hesab edirəm ki, bu sənəddə əksini tapmış müddəalar bizim ölkələrimizin milli mənafeləri ilə bilavasitə bağlı olan məsələləri əhatə edir".

Deputat qeyd edib ki, səfərin əhəmiyyətini artıran ikinci vacib məqam ondan ibarətdir ki, həm Özbəkistan, həm də Azərbaycan müstəqil siyasət yürüdən dövlətlər kimi tanınır: "Beynəlxalq münasibətlər sistemində özünəməxsus yeri olan ölkələrdir. Bu mənada, düşünürəm ki, səfərin ən əhəmiyyətli nəticələrindən biri olaraq qəbul edilən "Strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında" siyasi Bəyannamə iki ölkənin qarşılıqlı münasibətlərinin inkişaf konturlarını nümayiş etdirən yol xəritəsi kimi qiymətləndirilə bilər".

Türkmənistanda Xəzəryanı ölkələrin sammitinin keçirilməsi və Azərbaycan Prezidentinin həmin sammitdə iştirakına diqqət çəkən millət vəkili qeyd edib ki, 4 il öncə Aktauda imzalanmış Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya Xəzəryanı ölkələr arasında münasibətlərin tarixində çox ciddi hadisələrdən biri oldu. Ramin Məmmədovun sözlərinə görə, bu sənəd bir-birinin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmətlə yanaşmaq, daxili işlərinə qarışmamaq kimi mühüm prinsipləri özündə ehtiva etməklə yanaşı, iqtisadi, siyasi və digər sahələrdə əlaqələrin inkişafının mümkün istiqamətlərini də müəyyən edir: "Bu gün dünyada gedən mürəkkəb proseslər fonunda baxdıqda Xəzəryanı ölkələrə arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin qurulması regionda təhlükəsizliyin, sülhün və sabitliyin təmin olunması baxımından xüsusi önəm kəsb edir. Şübhəsiz ki, burda iqtisadi amilləri də diqqətdən kənarda qoymaq olmaz. Xüsusilə beynəlxlaq nəqliyyat dəhlizlərinin inkişafında Xəzəryanı dövlətlərin qarşılıqlı münasibətləri vacib rol oynayır. Bütün bu amillər, Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı çərçivəsində təmasların, aparılan danışıqların həm Azərbaycan, həm də region üçün nə qədər vacib olduğunu göstərir. Fikrimcə, bu toplantıda biz bir daha Azərbaycana olan etimadı, inamı müşahidə etdik. Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün yeni imkanlar açır. Azərbaycan Prezidenti də çıxışında bu imkanlardan maksimum faydalanmağın zəruri olduğunu bir daha vurğuladı. Çünki bu, bütün region ölkələrinin maraqlarına cavab verir".

Deputat onu da diqqətə çatdırıb ki, Azərbaycan fəal xarici siyasət yürüdən bir dövlət kimi tanınır: "Azərbaycanın beynəlxalq siyasətdə əldə etdiy uğurların ən əsas səbəbi bizim ölkəmizin qazandığı inam və etimaddır. Azərbaycan açıq və konkret mövqeyi olan, bütün tərəfdaşları ilə münasibətlərdə bir-birinin müstəqilliyinə, suverenliyinə hörmət əsasında quran güclü dövlətdir. Cənab Prezidentin də dəfələrlə vurğuladığı belə bir fikir var: "Bizim sözümüz imzamız qədər keçərlidir". Hesab edirəm ki, bu fikir xarici siyasətimizin, başqa ölkəlrələ münasibətlərimizin fəlsəfəsini dəqiq şəkildə ifadə edir. Bizim ölkəmiz beynəlxalq hüququn fundamental prinsiplərinə hər zaman sadiqdir, eyni zamanda, başqa ölkələrin maraqlarına da hörmətlə yanaşır. Tərəfdaşlarından da eyni münasibəti gözləyir. Bir xüsusu da qeyd etmək vacibdir ki, 44 günlük müharibədə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında ordumuzun qazandığı tarixi zəfər regionda yeni reallıqlar yaratmaqla yanaşı, nüfuzumuzu, proseslərə təsir imkanlarımızı da əhəmiyyətli dərəcədə artırıb. Azərbaycan artıq beynəlxalq münasibətlər sistemində qalib ölkə kimi təmsil olunur. Cənubi Qafqazda sülhün, təhlükəsizliyin təmin olunmasında həlledici rola malikdir. Əlbəttə ki, ölkəmizin iqtisadi gücünü, demoqrafik potensialını və yüksəlməyə davam edən hərbi qüdrətini də qeyd etmək vacibdir. Bütün bunlarla yanaşı, şübhəsiz ki, dünyada gedən proseslər, təhlükəsizlik, sülh və sabitliklə bağlı ənənəvi təsəvvürlərin dəyişməkdə olduğunu da unutmamamlıyıq. Azərbyacan yeni dünya düzənində öz yerini qorumağa qadir bir dövlət kimi özünü təsdiq edib. Hesab edirəm ki, bir çox ekspertlərin vurğuladığı tarixin dəyişmə mərhələsində olduğu indiki dönəmdə bu xüsusilə vacibdir".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31