“Dumanlı Albionda” mühüm görüşlər, faydalı müzakirələr

Yekunlaşmaqda olan bu həftənin mühüm tədbirlərindən biri Böyük Britaniyanın paytaxtı Londonda reallaşıb. Təkcə Avropanın deyil, bütünlükdə dünyanın siyasi mərkəzlərindən biri sayılan bu şəhərdə Din və Etiqad Azadlığı üzrə Nazirlər Konfransı keçirilib. Tədbirdə aktual məsələlər müzakirə olunub,  bəşəriyyəti narahat edən problemlərin həlli yolları axtarılıb. 

Nifrətə çağırış çıxış yolu ola bilməz                          

Dünyanın bütün qitələrini təmsil edən 700-dən çox mötəbər qonaq Din və Etiqad Azadlığı üzrə Nazirlər Konfransının işində iştirak etmək "Dumanlı Albiona" toplaşıb. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID) Direktorlar Şurasının üzvü, Şeyxülislam Allahşükür Paşazadə də qonaq qismində həmin tədbirdə iştirak edib. Şeyxülislam həzrətlərinin Londona səfəri Böyük Britaniyanın dövlət naziri Lord Tariq Əhmədin dəvəti ilə reallaşıb.

AZƏRTAC-ın məlumatına görə, Din və Etiqad Azadlığı üzrə Nazirlər Konfransının iyulun 6-da keçirilən açılış mərasimində Uels şahzadəsi Çarlzın və Böyük Britaniyanın Baş naziri Boris Consonun videomüraciətləri səsləndirilib. Tədbirdə Britaniyanın Xarici işlər naziri Liz Trass və Lord Tariq Əhməd çıxış edərək din azadlığının əhəmiyyəti barədə danışıblar, antisemitizm, islamofobiya, induofobiya, xristianofobiya kimi meyillərin artmağa doğru olduğundan narahatlıq ifadə ediblər. Natiqlər qeyd edib ki, nifrətə çağırışlar dünyada toqquşmalara və soyqırımlarına gətirib çıxarır. Konfransda müxtəlif mövzular ətrafında müzakirələr aparılıb.

Həmin gün QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə Böyük Britaniya Baş nazirinin dəvəti ilə az sayda seçilmiş qonağın iştirak etdiyi "Dauninq Strit"də rəsmi qəbulda olub.

"İşğaldan azad edilən ərazilərdə bütün dini abidələr bərpa olunacaq"

Londona səfəri çərçivəsində Şeyxülislam Allahşükür Paşazadə müxtəlif ölkələri təmsil edən dini liderlər, nüfuzlu ictimai xadimlərlə görüşlər keçirib.  Anqlikan kilsəsinin lideri Arxiyepiskop Castin Velbi ilə də görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib. Arxiyepiskop Castin Velbi Şeyxülislam Allahşükür Paşazadə ilə görüşmək fürsəti əldə etdiyindən məmnunluq ifadə edib, əlaqələrin davamlı olmasını arzulayıb. Qafqaz Müsəlmanları İdarəsinin sədri Arxiyepiskopu Azərbaycana dəvət edib.

Həmin gün Şeyxülislam həzrətləri İngiltərənin Dövlət naziri, Lord Tariq Əhməd ilə görüşüb. Allahşükür Paşazadə konfransa dəvətə görə Lord Tariq Əhmədə təşəkkür edib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını ona çatdırıb. Görüş zamanı nazir Tariq Əhməd Azərbaycan Prezidenti İlham Əliyevin apardığı din-dövlət siyasətini, ölkənin uğurlarına yönələn  addımlarını yüksək qiymətləndirdiyini qeyd edib.

Dövlət nazirinin sözlərinə görə, Allahşükür Paşazadə kimi dünya miqyasında dinlərarası dialoq sahəsində böyük xidmətləri olan şəxsin konfransda iştirakının tədbirə əlavə dəyər qatıb. Qafqaz Müsəlmanları İdarəsinin sədri Lord Tariq Əhmədi Azərbaycana dəvət edib.

Şeyxülislam Allahşükür Paşazadə konfransda iştirak edən Britaniya yəhudi icmasının baş ravvini Efraim Mirvis, BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anhel Moratinos, Simon Vizental Mərkəzinin rəhbəri Abraham Kuper, Qazaxıstanın İnformasiya və sosial inkişaf naziri Askar Omarov, Rumıniyanın dini məsələlər üzrə dövlət katibi Viktor Opaski, Özbəkistanın Ədliyyə naziri Ruslanbek Davletov, Finlandiyanın müsəlman icmasının rəhbəri Atik Ali və başqaları ilə də görüşlər keçirib, müzakirələr aparıb.  

APA-nın Britaniya bürosu xəbər verir ki, Londonda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri,  Şeyxülislam Allahşükür Paşazadə Koventri yepiskopu, Lordlar Palatasının üzvü Kristofer Koksvört ilə də görüş keçirib.

Şeyxülislam həzrətləri  vurğulayıb ki, Azərbaycan beynəlxalq hüququn tələblərinə uyğun olaraq öz ərazi bütövlüyünü bərpa edib,  təxminən 30 il Ermənistan ordusunun nəzarətində qalan torpaqlar işğaldan azad olunub. Həmin ərazilərdə ermənilərin ibadət edə bilməsi üçün imkan yaradılıb, lakin bu imkandan revanşizm çağırışları üçün istifadə etmək yolverilməzdir.

QMİ sədri qeyd edib ki, Ermənistan islam abidələrini ya tamamilə məhv edib, ya təhqir edib, ya da mənşəyini saxtalaşdırıb. Bakının mərkəzindəki  erməni kilsəsi isə Azərbaycan dövləti tərəfindən qorunur.

Şeyxülislam həzrətlərinin sözlərinə görə, Azərbaycanda etnik və dini müxtəliflik ölkənin milli sərvəti kimi dəyərləndirilir, Qarabağ torpaqlarında bütün dini məbədlər bərpa edilir, yenidən qurulur və Azərbaycan dövləti tərəfindən qorunur.

Allahşükür Paşazadə Londonda keçirdiyi bütün görüşlərdə Azərbaycanda multikulturalizmə verilən önəmdən, milli və dini tolerantlığın hər zaman dövlət tərəfindən dəstəklənməsindən və Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə görülən işlərdən də ətraflı danışıb.

Etibar CƏBRAYILOĞLU

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31