Ermənistanın İrəvandan türk izini itirmək siyasəti

Ermənistan dövləti öz ənənəsinə sadiq qalaraq tarixi saxtalaşdırmaq, onu təhrif etmək, bunu bacarmadıqda isə həmin tarixi tamamilə məhv etmək siyasətini davam etdirir. Azərbaycan ərazilərini işğal altında saxladıqları 30 ilə yaxın müddət ərzində Qarabağdakı tarixi-mədəni abidələrə qarşı eyni siyasəti yürüdüb onları məhv etmək istiqamətində öz vandalizm hərəkətlərini davam etdirən ermənilər indi də qədim türk yurdu olan İrəvandakı Təpəbaşı məhəlləsini yer üzündən silmək, qədim tarixi yox etməyə başlayıblar.  Belə ki, Azərbaycan xalqının milli mədəni-tarixi irsinin məhv edilməsi məqsədini qarşıya qoyan və bu illər ərzində buna çalışan ermənilər artıq bir müddətdir ki,  qədim  Azərbaycan şəhəri olan İrəvanın yaranması,  inkişafı və erməniləşdirilməsinə qədər uzanan tarixi yolun sağ qalan yeganə şahidi - Təpəbaşı məhəlləsinə qarşı soyqırım siyasəti həyata keçirirlər. Təəssüflər olsun ki, bütöv bir xalqın tarixinin silinməsi, onun mədəni irsinin məhv edilməsi prosesi dünyanın gözü qarşısında, eyni zamanda  tarixi-mədəni abidələrin mühafizəsi missiyasını öz üzərinə götürən müvafiq beynəlxalq təşkilatların fəaliyyətsizliyi fonunda baş verir. Milli Vəhdət Partiyasının sədr müavini Süleyman İsmayılbəyli deyir ki, tarixən  Azərbaycan xalqı, dövlətinə, onun mədəni irsinə qarşı həyata keçirilən soyqırım və vandalizmə beynəlxalq aləm göz yumub, yaxud ermənilərin tarixi-mədəni irsimizi məhv etməsi görməməzlikdən gəlinib. Partiya rəsmisinin sözlərinə görə, necə ki, Ermənistanın 30 ilə yaxın Azərbaycan ərazilərini işğal etməsi görməməzlikdən gəlindi və beynəlxalq hüququn, bir dövlətin BMT çərçivəsində tanınan  sərhədlərinin pozulmasına göz yumuldu, eləcə də həmin işğalçı ölkənin yaxın və uzaq tarixi məhv etməsinə anoloji münasibət bəslənilir. Süleyman İsmayılbəyli onu da diqqətə çatdırıb ki, indiki halda Ermənistanın Təpəbaşı məhəlləsini məhv etmək istiqamətində ciddi hərəkətə keçməsi təsadüfi deyil: "Məllum olduğu kimi 2022-ci il 4 fevral tarixində Azərbaycan, Fransa, Ermənistan liderlərinin və Avropa İttifaqı Şurasının rəhbərinin videoformatda görüşü keçirildi. Həmin görüşün nəticəsi olaraq UNESCO-nun Ermənistana və Azərbaycana missiyalarının həyata keçirilməsi barədə ümumi razılıq əldə olundu. Bu xəbər və əldə edilən ümumi razılıq cəmiyyətə açıqlanar - açıqlanmaz Azərbaycan ictimaiyyəti haqlı olaraq UNESCO-ya Ermənistana göndərəcəyi missiyanın gedəcəyi ünvanlardan biri kimi Təpəbaşı məhəlləsinə baş çəkməyi də tövsiyyə etdi. Ona görə də Ermənistan indiki məqamda çox ciddi şəkildə həmin mədəni-tarixi irsimizi məhv etmək siyasəti həyata keçirir. Bunun da səbəbi bəllidir. Çünki sözügedən missiya ədalət prinsipinə əsaslanıb obyektiv şəkildə araşdırma aparsa, o halda indiki Ermənistan dövlətinin paytaxtı sayılan İrəvanın əslində bir türk yurdu olduğu, ermənilərin həmin əraziyə zorla məskunlaşdırıldığı bir daha gün kimi aydınlaşacaq və indiyə qədər uydurulan erməni yalanlarının üzərindən qalın bir xətt çəkilmiş olacaq. Bu bir danılmaz faktdır ki, Təpəbaşı məhəlləsi İrəvannin qədim məhəllələrindən biridir.  Məhəllə Zəngi çayı ilə Şəhri məhəlləsinin arasındakı təpəlikdə yerləşirdi. Bu məhəllə şəhərin qərb hissəsini əhatə edirdi. Təpəbaşı məhəlləsini Şəhri məhəlləsindən İrəvanın adlı-sanlı adamlarının çoxsaylı bağları ayırırdı. Təsadüfi deyil ki, Hüseynqulu xana məxsus məşhur Xan bağı da burada yerləşirdi. Hələ  1728-ci ildə tərtib olunmuş osmanlı "Müfəssəl dəftər"inə görə, bu dövrdə İrəvan şəhəri 4 iri məhəllədən ibarət idi. Bu məhəllər isə  "Köhnə şəhər", "Dəmirbulaq", "Dərəkənd" və "Təpəbaşı" məhəlləri idi. Məhz həmin məhəllərdə də məskunlaşan zamanında türklər olub. Digər adları çəkilən məhəllər zaman-zaman erməniləşdirilib, yaxud tamamilə məhv edilib. İndi də eyni soyqırım siyasəti, mədəni-tarixi irsə qarşı represiyanın davamı kimi Təpəbaşı məhəlləsində məkirli addımlar atılır. Bir sözlə Ermənistan UNESKO-nun missiyasının nəticəsi olaraq İrəvanın qədim türk yurdu olduğu reallığının ortaya çıxacağından ehtiyat edərək belə bir addım atır".

Qeyd edək ki, hələ Dağlıq Qarabağ münaqişəsi başlayan illərdən etbarən Ermənistan Azərbaycan irsi, tarixi-mədəni abidələrimizin məhvinə start verib. 90-cı illərdən etibarən işğala məruz qoyduğu bütün ərazilərdə bu siyasəti həyata keçirən Ermənistan zəbt etdiyi hər bir ərazidə Azərbaycan tarixinə xas tarixi-mədəni abidələri dağıdıb, onları yer üzündən silməyə çalışıb. İndi isə Ermənistan İrəvandan türk izini itirmək siyasətinin yeni variantlarını həyata keçirir.

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31