Özbəkistan müstəqillik sınağı verir...
8 İyul 2022 14:00 Siyasət"Özbəkistanda baş verənlər sadəcə Rusiyanın maraqlarına uyğun və Moskvanın istəkləri daxilində yaşanandır"
Olaylar.az xəbər verir ki, bu fikirləri siyasi məsələlər üzrə ekspert Həşim Səhrablı Özbəkistanda baş verən hadisələri dəyərləndirərkən deyib.
SSRİ dağılmadan öncə rus şovinizmi postsovet məkanına müdaxilələr etməyin, bu yolla da postsovet məkanını nəzarətdə saxlamağın mexanizmini hazırlamışdılar. Milli faktorları əsas götürən bu mexanizm müstəqil ölkələrdə milli azlıqları dövlətə qarşı təşkilatlandıracaq, Moskva mərkəzli siyasətə qarşı çıxan ölkələrdə həmin bu təşkilatlanmalar milli azlıqların müstəqillik çağırışlarına və üsyanlarına dönəcəkdi. Qarabağ, Abxaziya, Osetiya, Luqansk, Donetsk kimi örnəklər son 30 ilin bariz nümunələridir.
Təbii, bütün postsovet məkanında rusların Sovet Birliyindən əvvəl də, təxminən 200 illik bir zamanda siyasi iqtidarda olmaları onların bölgədəki bütün xalqların psixologiyasını öyrənmək və xalqları milli keyfiyyətlərinə görə öyrənmək fürsəti verib. Görürük ki, ruslar bu fürsəti maksimum dəyərləndirə bilib. Nə vaxt Azərbaycanda milli maraqlardan çıxış edən dövlət mexanizmi quruldu, Qarabağda separatizm başladı, hətta digər etnik azlıqlarda da az qalsın separatizm qığılcımları alovlandırılırdı. Eynisini Gürcüstan və Ukrayna da yaşadı. Moskva mərkəzli siyasətdən uzaqlaşdıqları anda tərkiblərində seperatizm hərəkətləri başladı və bütün bu separatist addımlar Moskvadan dəstəkləndi.
Özbəkistanda baş verən hadisələrə də fərqli rakurs, fərqli baxış bucağından baxmaq vaxt itkisi olacaq. Özbəkistan uzun müddətdir ki, yerləşdiyi çətin geosiyasi məkana baxmayaraq, həm Qərbin, həm də Rusiya və Çinin maraqlarından uzaq, öz milli maraqlarını əsas alan siyasət yeridirdi. Son zamanlar isə, bu addımlar daha kəskin müstəviyə daxil olmuş, sürətlə inkişaf edən Özbəkistan artıq kənar güclərlə hesablaşmaq istəmirdi.
Bu günlərdə isə, Özbəkistan da eyni təcrübə ilə sarsıdılmağa çalışıldı. Birdən ölkədə separatizm qığılcımları alovlandı və birbaşa müstəqillik tələbləri eşidilməyə başladı. "Böl və idarə et" təcrübəsi Qərb-ABŞ və Rusiya mərkəzli olur.
Bu nöqtədə fikir yanıltması mümkündür ki, kimlərsə hadisələrə Qərbin səbəb olduğunu iddia etsin. Ancaq hazırki geosiyasi vəziyyəti dərk edən hər kəs yaxşı görür ki, Özbəkistanda baş verənlər sadəcə Rusiyanın maraqlarına uyğun və Moskvanın istəkləri daxilində yaşanandır. Xatırlayırıqsa, Belarus Prezidenti Aleksandr Lukaşenko da Ukrayna hadisələri fonunda açıq şəkildə Özbəkistanı təhdid etmişdi. Çünki hazırki geosiyasi vəziyyətdə Özbəkistanın güclənməsi və Mərkəzi Asiyada Rusiya və Çinə qarşı dik duran qalaya çevrilməsi Qərbin maraqlarına uyğundur. Qərb Şərqi Avropada Rusiya ilə bacara bilməzkən, Özbəkistan az qala həm Rusiya, həm də Çinə qarşı Mərkəzi Asiyada alınmaz qalaya çevrilir.
Gələcəyi söyləmək qeyri-mümkündür, ancaq hadisələr bu şəkildə davam edərsə, Rusiya Özbəkistanda nə Qarabağ, nə Abxaziya, nə də Donetsk və ya Luqansk yarada biləcək. Çünki Özbəkistan artıq 30 il əvvəlki oyunlara şahiddir, bu oyunların necə qurulduğunu bütün dünya bilir və əminəm ki, Özbəkistan belə hadisələrə qarşı çoxdan hazırlığını görüb.