Ermənistan Cənubi Qafqazda sülhün bərqərar olmasını əngəlləyir

Görünən odur ki, Ermənistan hakimiyyəti ciddi - cəhdlə Azərbaycanla sülh müqaviləsi bağlamaqdan yayınır. 44 günlük Vətən müharibəsinin bitməsi və tərəflər arasında müvafiq bəyanatın imzalanmasından keçən 2 ilə yaxın müddət ərzində dəfələrlə bu istiqamətdə həm Brüssel, həm də Moskvada görüşlər keçirilsə də, lbu görüşlərin heç bir müsbət effekti olmayıb. Necə ki, Azərbaycan ərazilərini işğal altında saxladığı 30 ilə yaxın müddət ərzində ciddi cəhdlə danışıqlar prosesindən yayınıb münaqişənin həllinə mane olmağı çalışırdısa, indi də eyni tərzdə Ermənistan hakimiyyəti Azərbaycanla sülh müqaviləsinin imzalanması prosesini uzadır. Bu azmış kimi dövlət sərhədi boyunca təxribat xarakterli əməllərini də davam etdirir. İkinci Qarabağ müharibəsinin başa çatması ilə bağlı əldə edilmiş üçtərəfli bəyanata rəğmən demək olar ki, hər həftə dövlət sərhədinin müxtəlif istiqamətlərində atəşkəsi pozan Ermənistan eyni zamanda yeni bir müharibəyə hazırlıq xəyalları ilə də yaşayır. Hər halda son aylarda bu ölkənin hərbi sahəsində atılan addımlar, ehtiyatda olan hərbiçilərin təlimlərə cəlb edilməsi, getdikcə Ermənistan daxilində revanşist meyillərin artması belə deməyə əsas verir. Maraqlısı budur ki, hazırkı Ermənistan hakimiyyəti həmin revanşist qüvvələrin qarşısının alınması istiqamətində hər hansı bir addım atmağa maraqlı görünmür. Baxmayaraq ki, Ermənistanda revanşizmin genişlənməsi təkcə Paşinyan hakimiyyəti üçün deyil, ümumilikdə Ermənistan dövləti və xalqı üçün təhlükəli sonluq bəxş edə bilər. Təsadüfi deyil ki, belə bir ehtimalı elə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də bu günlərdə Kəlbəcər rayonuna səfəri zamanı yeni yaradılan Komando birləşmələri ilə görüşündə də açıq şəkildə bəyan etdi.

Ermənistanın gün-gündən dövlət sərhədində artan təxribatları və bu fonda keçirilən ikitərəfli görüşlər barədə danışan Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib ki, ermənilər bir yandan Kəlbəcəri yenidən atəşə tutur, o biri yandan Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycanın Laçın rayonu ərazisində yerləşən Qaragöl istiqamətində sərhəd bölgəsini minalayır, digər bir yandan isə Ermənistan Müdafiə Nazirliyi ordunu gücləndirmək və revanş götürmək üçün hərbi təhsil sahəsində islahatlar həyata keçirir, hərbi akademiya yaratmağa hazırlaşır: "Ermənistan silahlı qüvvələrinin bölmələrinin dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutması və rəsmi İrəvanın hərbi-siyasi müstəvidə atdığı digər təxribatçı addımlar bu ölkənin heç də sülh tərəfdarı olmadığını açıq-aydın sübut edir.  Siyasi müstəvidə atılan təxribatçı addım deyərkən, mən ilk növbədə rəsmi İrəvanın ABŞ və Fransa ilə səylərini birləşdirərək, bədnam Minsk Qrupunu yenidən aktivləşdirmək, Qarabağ erməniləri üçün "status" əldə etmək cəhdlərini nəzərdə tuturam. Bütün bunlar sülhə yox, sülh prosesinin tormozlanmasına xidmət edir. Görünən budur ki, rəsmi İrəvan hazırkı mərhələdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasını istəmir və həm Moskva, həm də Brüssel razılaşmalarını hər vəchlə pozmağa çalışır".

Partiya sədri qeyd edib ki, biz əvvəllər radikal erməni müxalifətinin revanşizmə can atmasını müşahidə edirdiksə, ancaq indiki məqamda isə Paşinyan hakimiyyətinin də təxribatçı, qızışdırıcı mövqe tutduğunu görürük: "Ermənistan hakimiyyəti bütün vasitələrlə çalışır ki, Azərbaycanı hərbi güc tətbiq etməyə təhrik etsin. Bu da Nikol Paşinyanın və onun komanda üzvlərinin son vaxtlar verdiyi sülh bəyanatlarının saxtakar manevrlərdən başqa bir şey olmadığını təsdiqləyir. Ancaq bu manevrlərin hamısı Ermənistanın özü üçün zərərlidir.  Müstəqil siyasət yürütmək qabiliyyəti olmayan Nikol Paşinyanın tez-tez havadarlarını dəyişməsi, onun gah Moskvaya, gah da Paris və Vaşinqtona yönəlik mövqe sərgiləməsi Ermənistanın baş tutmamış, oturuşmamış dövlət olduğunu göstərir. Paşinyanın sələfləri də bu cür sərsəm siyasət yürütmələri ilə yadda qalıblar. Təəssüf ki, hazırkı Ermənistan rəhbərliyi də eyni səhvləri təkrarlayır. Ermənistanda ağıllı, müdrik liderlərin olmaması Cənubi Qafqazda sülhün bərqərar olmasını əngəlləyir".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31