Putinlə Makronun danışığının yayılması münasibətləri GƏRGİNLƏŞDİRDİ
7 İyul 2022 11:04 SiyasətMakronun Putinlə telefon danışığının səsyazısı ortaya çıxandan sonra iki ölkə arasında gərginlik yaranıb.
Ötən gün "Bir prezident, Avropa və müharibə" sənədli filmi "France 2" kanalında yayımlanıb. Bununla da iki liderin görüşünün tam qeydi ictimaiyyətə təqdim olunub.
Sözügedən səs yazılarında Putin Zelenskini yalan danışmaqda ittiham edib. Rusiya prezidenti daha sonra Zelenskinin Kremlpərəst ukraynalı separatçılarla danışıqlardan açıq şəkildə imtina etdiyini vurğulayıb. Məhz bu anda Makronun səsini yüksəldərək "mən bilmirəm sizin vəkiliniz qanunu haradan öyrənib" dediyi eşidilib.
Fransa prezidenti sözlərini belə davam etdirib: "Sizə məlumat verilir ki, suveren ölkədə qanunun mətnləri demokratik yolla seçilmiş məmurlar tərəfindən deyil, separatçı qruplar tərəfindən təklif olunur. Bunu hansı vəkil deyib, bilmirəm".
Qarşılığında isə Putin Zelenskinin demokratik yollarla seçilmədiyini iddia edərək "onlar hakimiyyətə qanlı çevrilişlə gəldilər", söyləyib.
Sənədli filmin yayımından sonra Moskva-Paris xəttində gərginlik artıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, yayım "diplomatik etiket"in pozulmasıdır.
sfera.az