Diasporamızın “hücum” diplomatiyası öz bəhrəsini verməkdədir
8 İyul 2022 12:00 SiyasətAzərbaycan diaspora təşkilatlarının fəaliyyətində yeni dönəm başlayıb. Sirr deyil ki, Azərbaycan Ordusunun işğalçı Ermənistan üzərindəki şanlı qələbəsi bu ölkənin diaspora təşkilatlarını daha fəal olmağa məcbur edib. Hazırda bir sıra Avropa ölkələrindəki erməni diasporu məğlubiyyətin acısını çıxmaq, ölkəmizdən qisas almaq məqsədilə bütün mümkün vasitələrə əl atmaqdadır. Xüsusən, yaşadıqları ölkələrdəki nüfuzlarından yararlanaraq Azərbaycana qarşı hansısa qərarın qəbul edilməsi, sanksiyaların tətbiq olunması istiqamətində mütəşəkkil şəkildə hücuma keçiblər. Bu məqsədlə təsirləri altında olan kütləvi informasiya vasitələrində ölkəmizə qarşı qərəzli, həqiqətə uyğun olmayan materialların çap olunması davam etdirilir. O da məlumdur ki, bundan sonra ermənilər xaricdəki fəaliyyətlərində daha aqressiv hərəkət etməyə başlayacaqlar. Çünki, son zamanlar erməni lobbisinin Azərbaycan diasporu ilə sivil mübarizədə uduzduğu müşahidə olunur. Elə bu səbəbdən də erməni diasporu xaricdə yaşayan soydaşlarımıza qarşı fiziki güc göstərmək yolunu tutublar. Bir sözlə, heç bir xarici təsir və təzyiqlərə məhəl qoymadan Azərbaycan Ordusunun öz torpaqlarını azad etməsi erməni lobbisini iflic duruma salıb. Onlar bu acınacaqlı durumdan çıxmaq üçün hər cür addım atacaqlar. Bəs, Azərbaycan diasporu bu mübarizəyə hazırdırmı? Azərbaycan diasporunun ötən müddət ərzindəkı fəaliyyəti deməyə əsas verir ki, diasporumuz qarşısına qoyduğu məqsədlərə nail olub.
Əvvala qeyd edək ki, Azərbaycanda diaspor quruculuğunun əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci il noyabr ayının 9-10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında xaricdəki həmvətənlərimizlə sistemli iş aparılmasını təşkil etmək, soydaşlarımız arasında milli birliyin möhkəmləndirilməsini təmin etmək məqsədilə xüsusi dövlət qurumunun yaradılması ideyası irəli sürülüb, 5 iyul 2002-ci ildə isə Prezident Heydər Əliyevin fərmanı ilə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılıb. Ümumilli liderin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin 5 iyul 2018-ci il tarixli fərmanı ilə Azərbaycan Diasporuna Dəstək Fondu yaradılıb. Azərbaycan Diasporuna Dəstək Fondu bu illər ərzində 200-ə yaxın diaspor təşkilatının sənədlərinin həmin ölkələrin qanunvericiliyinə uyğun tərtib edilməsi və qeydiyyatdan keçməsinə dəstək göstərib, 100-dən çox layihəni maliyyələşdirib.
Hazırda diaspora təşkilatlarımız dünya xalqlarının diaspor qurumları ilə əməkdaşlıq prinsipinə önəm verirlər. Elə bu səbəbdən də Şuşa Bəyannaməsinə uyğun olaraq Azərbaycan və Türk diasporları arasında qarşılıqlı əməkdaşlıq, dəstək və həmrəylik fəaliyyətinin gücləndirilməsinə xüsusi diqqət yetirilir. Yeri gəlmişkən xatırladaq ki, Azərbaycan diasporunun birliyinə nail olunması və sistemli işin təşkil edilməsi məqsədi ilə 2019-2023-cü illər üçün Strateji Yol Xəritəsi hazırlanıb. Məhz vahid ideya və maraqlar uğrunda dövlət-diaspor əməkdaşlığının inkişafı, qüvvələrin ümumi məqsəd naminə birləşməsi, xüsusən, böhranlı vəziyyətlərdə düşünülmüş çevik planın olması üçün çalışılıb. Bu istər koronavirus pandemiyası, istərsə də Vətən müharibəsi dönəmində sistemli şəkildə həyata keçirilib. Diaspor gənclərinin fəallığının artırılması, milli kimliyin qorunub-saxlanılması və liderlik potensialının inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Diaspor Gəncləri şəbəkəsinin formalaşdırılması da buna bariz nümunədir.
Azərbaycanlıların Koordinasiya Şuralarının yaradılması və Azərbaycan Evlərinin açılması - hazırda dünyanın 31 ölkəsini əhatə edən və 130 diaspor təşkilatını özündə birləşdirən 14 Koordinasiya Şurası, 12 ölkədə fəaliyyət göstərən 18 Azərbaycan Evi fəaliyyət göstərir. COVID-19 pandemiyası ilə əlaqədar sərhədlərin bağlanması, eləcə də Ukraynada baş verən hadisələrlə əlaqədar təxliyə olunan soydaşlarımız Azərbaycan evlərinə üz tutublar. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə xarici ölkələrdə "Qarabağ" adlı həftəsonu Azərbaycan məktəbləri fəaliyyətlərini genişləndirir. Hazırda Ottava, Nant, Bern, Varşava, Stokholm, London kimi şəhərlərdə fəaliyyət göstərən "Qarabağ məktəbi"ndə yüzlərlə azərbaycanlı uşaq təhsil alır. Öz dilini, adət-ənənəsini qoruyub saxlanması üçün 6-10 yaşlı azərbaycanlı uşaqlar üçün müasir üslubda hazırlanmış "Azərbaycan dili" dərsliyi çap edilərək xaricdəki soydaşlarımıza göndərilib. COVİD-19 pandemiyası zamanı Dövlət Komitəsi tərəfindən 24/7 fəaliyyət göstərən qərargah yaradılıb, Azərbaycanlıların Koordinasiya Şuraları və Azərbaycan Evləri gücləndirilmiş rejimdə fəaliyyət göstəriblər. Pandemiya dövründə təkcə Dövlət Komitəsinin qaynar xəttinə 18 minə yaxın zəng, Azərbaycan evlərinə, Koordinasiya Şuralarına ümumilikdə 51 ölkədən 9 minə yaxın müraciət daxil olub, 33 ölkə üzrə 6857 nəfər soydaşımıza maddi yardım edilib, sərhədlərin qapanması ilə əlaqədar azərbaycanların təxliyəsinə dəstək göstərilib. Azərbaycan həqiqətlərinin Avropa ictimaiyyətinə çatdırılması üçün mitinq və aksiyaların təşkili: "Xocalıya Ədalət!" kampaniyası çərçivəsində, 2020-ci ilin "Tovuz hadisələri" Vətən müharibəsi zamanı Avropanın 30 ölkəsində on minlərlə soydaşımızın iştirak etdiyi 300-dən artıq aksiya keçirilib.
Sadalanan faktlar deməyə əsas verir ki, indiyə qədər Azərbaycan diasporu ölkəmizin haqq işinin müdafiəsi iqstiqamətində əlindən gələn bütün mümkün imkanlardan səmərəli şəkildə yararlanıb. Başqa sözlə, diaspora təşkiatlarımız siyasi, iqtisadi, mədəni və humanitar sahədə fəaliyyəti ilə daim Azərbaycan dövlətinin yanında olub. Ancaq nəzərə almaq lazımdır ki, hazırda söhbət ordusu dağılmış, iqtisadiyyatı məhv olmuş, ölkəsində xaos yaşanan Ermənistanın diaspor təşkilatlarından söhbət gedir. Sirr deyil ki, onlar yeni istiqamətdə, daha hiyləgərcəsinə hücumlara başlayıblar və bu siyasəti davam etdirəcəklər. Bu baxımdan Azərbaycan doaspor təşkilatları fəaliyyətlərində korektə etməli, yeni strategiya və taktika hazırlamalıdırlar. Daha doğrusu, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin "hücun doplomatiyası" siyasətini əldə rəhbər tutaraq hücum taktikasına üstünlük verməlidirlər. Həmçinin Azərbaycanın qələbəsi, ərazi bütövlüyünün təmin edilməsi beynəlxalq aləmdə qəti şəkildə müdafiə edilməlidir. İnsafən qeyd edilməlidir ki, artıq Azərbaycan diasporu bu mübarizəyə hazırdır və həyata keçirilən tədbirlər bunu deməyə əsas verir.
Alim