Spiker: "Əminəm ki, Bakı Bəyannaməsində əksini tapmış məsələlər uğurla icra olunacaq"
2 İyul 2022 12:23 Siyasətİyulun 1-də Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı öz işini davam etdirib. İki gün davam edən konfrans çərçivəsində nümayəndə heyətlərinin rəhbərləri məruzə ilə çıxış edərək dünyada mövcud problemlərə öz münasibətlərini bildiriblər və bu problemlərə qarşı birgə mübarizə aparmaq üçün Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin rolunu qeyd ediblər. Milli Məclisdən Olaylar-a bildirilib ki,
tədbirin sonunda Milli Məclisinin sədri Sahibə Qafarova bağlanış nitqi ilə çıxış edib. Sahibə Qafarova sona çatan Bakı konfransının çox əhəmiyyətli bir tədbir olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, tədbir çərçivəsində vacib məsələlər müzakirə olundu, qərarlar qəbul edildi. "Parlament Şəbəkəsinin sədrini və sədr müavinlərini seçdik, loqosunu, bayrağını təsdiqlədik. Məni Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri seçdiyiniz üçün təşəkkür edirəm. Əminəm ki, Bakı Bəyannaməsində əksini tapmış məsələlər uğurla icra olunacaq. Parlament Şəbəkəsinin gələcək inkişafı bizim yeni bir mərhələyə keçməyimizə kömək edəcək, əməkdaşlığımız daha da genişləndiriləcək", - deyə Sahibə Qafarova vurğulayıb.
Konfransdan sonra tədbir iştirakçılarının Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə, o cümlədən mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər gözlənilir. Qonaqlar burada aparılan quruculuq və abadlıq işləri ilə tanış olacaqlar.
![]()