Azərbaycanda insan hüquq və azadlıqlarının qorunmasının etibarlı təminat mexanizmi mövcuddur
1 İyul 2022 10:43 Siyasətİstiqamət: İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması
Azərbaycan müstəqillik əldə etdikdən sonra özünü dünyəvi, hüquqi dövlət elan edib. Həmin andan başlayaraq ölkəmizin hədəfi demokratik dəyərləri əxz etməklə yanaşı, insan hüquq və azadlıqlarının qorunmasını təmin etmək olub. Baçqa sözlə, Azərbaycan hüquqi, demokratik və vətəndaş cəmiyyəti quruculuğunu, insan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edib. İnsafən qeyd edilməlidir ki, Azərbaycan demokratik dəyərlərin bərqərar olması, fundamental insan hüquq və asadlıqlarının təmin edilməsi istiqamətində çoxsaylı addımlar atıb. Belə ki, ölkəmizdə həyata keçirilən demokratikləşmə prosesində sosial, hüquqi, siyasi, iqtisadi olmaqla cəmiyyət həyatının bütün sferalarını əhatə edən şoxsaylı tədbirlər həyata keçirilib. Xüsusən, müstəqi Azərbaycanın ilk milli Konstitusiyasında insan hüquq və azadlıqlarının təmin olunması məsələsi öz əksini tapıb. Konstitusiyanın qəbulu yalnız yeni ictimai sistemin hüquqi tanınmasını təsdiq edən fakt deyil, ölkəmizin inkişafının prinsipcə yeni mərhələyə qədəm qoymasının göstəricisi idi. Bu mərhələ isə ilk növbədə siyasi sistemin mərkəzində insanın və vətəndaşın, onun hüquq və azadlıqlarının, demokratik və hüquqi dövlət ideallarının durması ilə səciyyələnir. Ana Yasada insan şəxsiyyətinə və ləyaqətinə hörmət, dövlət hakimiyyət orqanlarının demokratik qaydada formalaşdırılması vasitəsilə xalqın hakimiyyət funksiyalarının həyata keçirilməsində iştirakı, insan hüquqlarının səmərəli müdafiəsi mexanizmlərinin mövcudluğu, siyasi sistemdə plüralizmə təminat verilməsi, sosial ədalətə nail olmaq kimi müddəaların əksini tapması məhz dövlətimizin insan hüquq və azadlıqlarına verdiyi dəyərin bariz nümunəsidir. Məhz bu baxımdan ilk milli Konstitusiyanın qəbul olunması ölkənin siyasi sistemin müasirləşdirilməsi və demokratik institutların formalaşdırılması üçün zəmin yaradıb. Nəticədə Konstitusiyada təsbit olunmuş hakimiyyət bölgüsü prinsipinə uyğun dövlət idarəetmə sistemi formalaşıb, icra, qanunvericilik və məhkəmə orqanlarının səmərəli fəaliyyəti təmin edilib. Azərbaycanda müxtəlif yönlü siyasi partiyaların, ictimai təşkilatların, həmçinin, kütləvi informasiya vasitələrinin azad fəaliyyəti üçün yaradılmış şərait müstəqil dövlətimizdə siyasi plüralizmin, fikir azadlığının, demokratiyanın bərqərar olduğunu bariz şəkildə təsdiqləyir. Bununla kifayətlənməyən Azərbaycan dövləti insan hüquq və azadlıqları ilə bağlı beynəlxalq sənədləri də ratifikasiya edib. Ölkəmiz Avropa Şurasına üzv qəbul olunduqdan sonra Azərbaycan "İnsan hüquqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına" qoşulub. Bu zaman dövlət üzərinə milli qanunvericiliyin beynəlxalq Avropa standartlarına uyğun təkmilləşdirilməsi öhdəliyini götürüb. Bu istiqamətdə atılan addımlardan ən mühümü Ombudsman təsisatının yaradılmasıdır. Bunun ardınca isə insan hüquq və azadlıqları ilə bağlı çoxsaylı konvesiyalara qoşulması Azərbaycanın bu sahəyə verdiyi dəyərin təzahürüdür.
Qeyd edilməlidir ki, Azərbaycan müasir tendensiyalarından çıxış edərək hüquqi dövlət quruculuğu istiqamətində əməli addımlar atıb. Bu addımların hər biri insan hüquq və azadlıqlarının ən yüksək səviyyədə qorunmasına xidmət edir. Bu məqsədlə bir sıra yeni institutların yaradılması təmin edildi. Konstitusiya Məhkəməsi, insan hüquqları üzrə müvəkkil (ombudsman), yerli özünüidarəetmə orqanlarının yaradılması heç şübhəsiz ki, sözügedən ali məqsədə hesablanmışdı. Dövlət və hüquq sistemimizə gətirilən mühüm yeniliklərdən biri də dövlət hakimiyyətinin ali orqanları sistemində müstəqil məhkəmə hakimiyyətinin mövqeyinin gücləndirilməsi oldu. Çünki müasir sivil cəmiyyətlərdə güclü və müstəqil məhkəmə hakimiyyəti insanların dövlətə olan etimadının, vətəndaş sülhünün təminatının, vətəndaş cəmiyyəti quruculuğunun və ən əsası insan hüquq və azadlıqlarının qorunmasının təminatçısı kimi çıxış edir. Artıq insan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoyulub. Ölkədə ilk dəfə olaraq inzibati məhkəmələrin fəaliyyətə başlamasını insan hüquq və azadlıqlarının qorunması sahəsində mühüm bir addım kimi xarakterizə etmək olar.
Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda hüquqi dövlət quruculuğu uğurla həyata keçirilir. Bu siyasi-strateji kursun fonunda insan və vətəndaş hüquq və azadlıqlarının təminatının daha da gücləndirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, ictimai-siyasi təsisatların fəaliyyət mexanizminin artırılmasına yardım edən hüquqi islahatların həyata keçirilməsi və digər bu kimi tədbirlər hüquqi dövlət quruculuğu prosesini şərtləndirən amillərdəndir. Məlumat üçün qeyd edək ki, Prezidenti İlham Əliyevin sərəncamı ilə hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Dövlət başçısı tərəfindən 27 dekabr 2011-ci il tarixdə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" qəbul olunub. Milli Fəaliyyət Proqramında əhalinin müxtəlif, o cümlədən həssas qruplarına aid olan şəxslərin - məhkumlar, hərbi qulluqçular, qadınlar, uşaqlar, ahıllar, əlillər və başqalarının hüquqlarının təmin edilməsində səmərəliliyin artırılması məqsədilə fəaliyyət istiqamətləri müəyyən olunur. Ümumilikdə, Prezident İlham Əliyevin yürütdüyü iqtisadi, siyasi və hüquqi islahatların əsasında da məhz insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi məsələsi dayanır.
Birmənalı şəkildə qeyd etmək olar ki, bu gün də ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması ilə bağlı mühüm addımlar atılmaqdadır. Söz, vicdan, sərbəst toplaşmaq və digər bu kimi azadlıqlar Azərbaycanın demokratik inkişafının mühüm və ayrılmaz tərkib hissələri kimi qəbul edilməkdədir. Qətiyyətlə qeyd etmək olar ki, Azərbaycan vətəndaşları azadlıq, təhlükəsizlik, mülkiyyət, şəxsiyyətin ləyaqəti, şəxsi və ailə sirrini saxlamaq kimi insan hüquqlarına sahibdirlər. Hüquqi dövlət olaraq Azərbaycan bütün vasitələrlə insanın yaşamaq hüququnu müdafiə edir. İnsan həyatına və sağlamlığına qəsd ən ağır cinayət hesab olunur. İnsan hüquqları içərisində şərəf və ləyaqət - özünəhörmət, başqalarına hörmət və ədalətlilik əsas yer tutur. Məhz bunun nəticəsidir ki, BMT, ATƏT və Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində də respublikada insan hüquqlarının təmini məsələsinə xüsusi diqqət ayrılıb. Azərbaycanda çoxsayl xalqların yaşadığını nəzərə alsaq deyə bilərik ki, dövlət hər kəsin, milli mənsubiyyətini qoruyub saxlamaq hüququnu müdafiə edir. Azərbaycanda hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ var. Heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz. Bir sözlə, hüquqi dövlət olan Azərbaycanda insan hüquq və azadlıqları yetirəncə qorunur.
Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir