Müharibədən sonra da Ordumuzun inkişafı üçün ciddi addımlar atılır
1 İyul 2022 10:30 SiyasətAzərbaycan müstəqillik əldə etdikdən sonra gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi və tərbiyə olunması davamlı siyasət olaraq həm Umummilli lider Heydər Əliyevin, həm də Prezident cənab İlham Əliyevin inkişaf strategiyasının ana xəttini təşkil etmişdir. Bu gün Azərbaycan gəncləri vətənpərvər gənclərdir, Vətənə bağlıdır və Vətən müharibəsi bunu bütün dünyaya göstərdi. Bizi Qələbəyə aparan ən başlıca amil milli ruh, ləyaqət, Vətənə sevgi idi və bunu gənc nəslin nümayəndələri, müstəqillik dövründə yetişən gənclər etdilər. Öz canlarını fəda edərək, ölümə gedərək bunu etdilər və biz bütün dünyaya göstərdik ki, həm ruhən, həm fiziki cəhətdən, həm peşəkarlıq, həm döyüş qabiliyyəti, həm də Vətənə olan sevgi və məhəbbət nöqteyi-nəzərindən böyük xalqıq.
Yeni Azərbaycan Partiyasının Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov deyir ki, qalib Azərbaycanın vətəndaşı kimi xalqımızın və dövlətimizin tərəqqi və intibahının iştirakçısı olmaq hər birimiz üçün son dərəcə böyük fəxarətdir: "Biz bu gün qalib insanlar kimi yaşayırıq. Bütün dünya azərbaycanlıları yaşadıqları yerlərdə başlarını dik tutub, qalib xalqın nümayəndələri kimi yaşayırlar. Azərbaycan xalqı tarix qarşısında, əcdadlarımızın ruhu qarşısında və gələcək nəsillər qarşısında tarixi missiyanı icra edərək Qarabağ torpaqlarını 30 illik təcavüzdən azad etmişdir. Təsadüfi deyil ki, dövlət başçısı İlham Əliyev də Kəlbəcər və Laçın rayona səfəri zamanı keçirdiyi görüşlərdə gənclərin vətənpərvər ruhda böyüməsinin vacibliyini önə çəkərək bildirmişdi. "Vətənpərvərlik, nizam-intizam, iqtisadi güc, siyasi mövqelər və Silahlı Qüvvələrimizin müasir silahlarla təchiz edilməsi - bütün bu amillərin vəhdəti İkinci Qarabağ müharibəsinin nəticələrini şərtləndirdi. Cəmi 44 gün ərzində Azərbaycan Ordusu düşməni torpağımızdan qovdu, düşməni diz çökdürdü, onu məcbur etdi ki, ağ bayraq qaldırsın və Kəlbəcərdən məcbur olaraq çıxsın. Kəlbəcər bir güllə atılmadan azad edilmişdir".
Həbib Misirov qeyd edib ki, müharibədən sonra da Ordumuzun inkişafı üçün ciddi addımlar atılır və bu gün Azərbaycan Ordusu daha güclüdür: "Həm təchizat nöqteyi-nəzərdən, həm də döyüş qabiliyyəti nöqteyi-nəzərdən. Ən müasir silahları almaq üçün yeni kontraktlar imzalanmış və bu kontraktlar artıq icra olunur, yeni silahlar, ən müasir texnika Azərbaycana gətirilir. Xalqımız böyük Zəfəri bizə yaşadan qalib ordumuzla fəxr edir. "Ordu quruculuğu ilə bağlı işlər planlı şəkildə gedir. Kəlbəcər rayonunda, Laçın rayonunda və azad edilmiş digər rayonlarda bir çox hərbi hissələr yaradılır və xidmət şəraiti də yaxşıdır. Bütün şərait təmin edilir ki, hərbçilərimiz xidmət şəraitini nəzərə alaraq daha yaxşı xidmət etsinlər." deyən müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin birbaşa rəhbərliyi ilə bu gün Kəlbəcərdə quruculuq işlərinə də start verilmişdir. Kəlbəcərin infrastrukturu, elektrik təchizatı, su təchizatı, evlərin tikilməsinə başlanılmışdır.
Kəlbəcərə səfəri çərçivəsində Prezident cənab İlham Əliyev "İstisu" sanatoriyasının təməlqoyma mərasimində iştirak etmişdir. Sanatoriyada yeni su zavodunun təməlinin qoyulması, yaxın zamanda vaxtilə məşhur olan İstisu suyunun istehsalı, istehlakı və ixracını mümkün edəcəkdir. İşğaldan azad olunan digər ərazilərimizdə olduğu kimi Kəlbəcər və Laçın rayonlarında da davamlı olaraq yeni yollar, tunellər çəkilir ki, bu da həm mülki əhali, həm də hərbçilərimiz üçün mühüm əhəmiyyət kəsb edir".
Hakim partiya rəsmisi qeyd edib ki, azad edilmiş bütün şəhərlərdə İşğal və Zəfər muzeylərinin inşası da nəzərdə tutulur. Bu gün biz azad edilmiş torpaqların sahibləri kimi Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bütün Qarabağın tezliklə bərpası və sakinlərimizin o torpaqlara qayıtması üçün Vətən müharibəsində olduğu kimi birlik, bərabərlik nümayiş etdirərək qazandığımız qələbələri davamlı etməliyik". Həbib Misirov onu da deyib ki, bu gün dünyada güc amili ön plandadır və Azərbaycan həm güclü ordu, həm də güclü iqtisadi müstəqillik faktoru ilə regionda sülhün və təhlükəsizliyin əsas təminatçısıdır.
Süleyman