“Artıq Minsk Qrupuna ehtiyac yoxdur”- İlham Əliyev

 "Biz Minsk qrupu ilə vidalaşmışıq, onlarla sağollaşmışıq"

İyunun 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı öz işinə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib. Dövlətimizin başçısı konfransda çıxış edərək bildirib ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi təkcə ölkələrimiz arasında həmrəyliyin gücləndirilməsinə deyil, parlamentlərarası əlaqələrin də inkişafına mühüm töhfə verəcək: "Biz istəyirik ki, səsimiz qlobal səviyyədə duyulsun. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi irəli sürdüyümüz yeganə təşəbbüs deyil. Digər təşəbbüs isə Gənclər Şəbəkəsidir. Gələn ay Bakı daha bir mühüm tədbirə ev sahibliyi edəcək. Gənclər Şəbəkəsinin toplantısı Bakıda keçiriləcək".

Dövlət başçısı qeyd edib ki, Azərbaycan hər zaman həm regional, həm də qlobal məsələlərdə öz mövqeyini nümayiş etdirib: "Biz Qoşulmama Hərəkatının sədri kimi ədalətsizliyə qarşı, beynəlxalq hüququn qorunması uğrunda mübarizəmizi davam etdirəcəyik. Ölkəmizin Hərəkata üzv dövlətlərin fəal dəstəyini daim hiss etdiyini vurğulayan dövlətimizin başçısı deyib: "Azərbaycanın Qoşulmama Hərəkatına sədr seçilməsi zamanı üzvlərin yekdil həmrəyliyini gördük. Ölkəmizin təşkilata sədrlik müddətinin uzadılması da üzv dövlətlərin Azərbaycana dəstəyinin göstəricisidir".

Ölkəmizin koronavirusa qarşı mübarizə sahəsində gördüyü işlərə toxunan dövlət başçısı qeyd edib ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi, koronavirusla mübarizədə beynəlxalq səviyyədə mühüm rol oynayıb: "Qoşulmama Hərəkatına sədrliyimiz COVID-19 pandemiyası vaxtına təsadüf etdi. Ölkəmiz pandemiyaya qarşı fəal mübarizə aparan ölkələrdən biri oldu və xəstəliklə mübarizədə aktiv rol oynadı. Pandemiya dövründə 80-dən çox ölkəyə maddi yardım və humanitar dəstək göstərdik".

Dövlət başçısı vurğulayıb ki, Ermənistanın işğalı nəticəsində bir milyondan çox azərbaycanlı məcburi köçkünə çevrilmişdi: "Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edən hər kəs 30 ilədək davam etmiş işğalın gətirmiş olduğu vandallığın və dağıntıların şahidi ola bilər. Azərbaycan otuz il böyük ədalətsizliklə üzləşmişdi. Biz torpaqlarımızı işğaldan azad edərək bu ədalətsizliyə son qoyduq". Bəzi ölkələrin Azərbaycana qarşı kampaniya apardıqlarını, iftiralar atdıqlarını təəssüflə qeyd edən Prezident deyib: "Bu, təkcə sözlərlə ifadə olunan kampaniya və ittihamlar deyildi, özünü başqa şəkildə də göstərirdi. Bəzi ölkələr bu barədə BMT Təhlükəsizlik Şurasında məsələ qaldırmışdılar. Lakin bizim Qoşulmama Hərəkatında olan dostlarımız bu cəhdin qarşısını aldılar. Beləliklə, Ermənistanın beynəlxalq səviyyədə Azərbaycana qarşı təxribatlarının qarşısı alındı. Mən buna görə sizə təşəkkür edirəm".

ATƏT-in Minsk Qrupunun münaqişənin həllində heç bir rol oynaya bilmədiyini diqqətə çatdıran dövlət başçısı qeyd edib ki, biz işğala son qoyduq, ədaləti bərpa etdik: "Mən 2019-cu ildə Bakıda Qoşulmama Hərəkatının Zirvə toplantısında qeyd etmişdim ki, biz beynəlxalq hüququ, ədaləti bərpa edəcəyik. Biz uzun illər, 30 il gözlədik ki, beynəlxalq ictimaiyyət tərəfindən bu məsələnin həlli tapılacaq və işğala son qoyulacaq. Bu məqsədlə 1992-ci ildə ATƏT-in Minsk Qrupu təsis olunmuşdu. Qrupun funksiyası münaqişənin həlli, işğala son qoymaq idi. Lakin əksinə, ATƏT-in Minsk Qrupu sadəcə bir alətə çevrilmişdi. Artıq  Azərbaycan işğala son qoyub, Azərbaycan öz ərazi bütövlüyünü hərbi və siyasi yolla təmin edib. Belə olduğu halda artıq Minsk Qrupuna ehtiyac yoxdur, biz Minsk Qrupu ilə vidalaşmışıq, onlarla sağollaşmışıq. Lakin təəssüflər olsun ki, Ermənistan tərəfi və digərləri bu qrupu canlandırmaq istəyirlər. Bildirmək istəyirəm ki, bu, qeyri-mümkündür. Artıq o qrup ölüdür, cansızdır. Biz işğaldan xeyli əziyyət çəkmişik və bunu açıq-aydın şəkildə bildiririk. Düşünürəm ki, ATƏT-in Minsk Qrupu ilə bağlı hər hansı spekulyasiya nəinki qeyri-məhsuldardır, eyni zamanda dağıdıcıdır, regionda sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir".

Azərbaycanın Qoşulmama Hərəkatının fəaliyyəti ilə bağlı irəli sürdüyü təşəbbüsləri xatırladan Prezident İlham Əliyev bildirib ki, bizim digər təşəbbüsümüz BMT-də Qoşulmama Hərəkatının dəstək ofisinin yaradılmasıdır. Bu təşəbbüs Qoşulmama Hərəkatının bütün üzvləri tərəfindən dəstəklənib: "Hesab edirəm ki, bunun da zamanı yetişib. Dəstək ofisinin yaradılması təşkilatımızın institusional inkişafı üçün növbəti addımdır. Bu, beynəlxalq arenada maraqlarımızı qorumaqda və ölkələrimiz arasında həmrəyliyi gücləndirməkdə mühüm rol oynayacaq".

Ermənilərin işğal altında saxladıqları Azərbaycan ərazilərində törətdikləri vandalizm aktlarına toxunan dövlət başçısı qeyd edib ki, bizim tarixi və mədəni irsimiz işğal dövründə ermənilər tərəfindən məhv edilib. İşğaldan azad olunmuş ərazilərə səfər edənlər bu vəhşiliyin miqyasını öz gözləri ilə görürlər. Dövlət başçısı bildirib ki, on minlərlə insan azad olunmuş ərazilərə səfər edib. Onların arasında xarici siyasətçilər, parlamentlərin sədrləri və üzvləri, ekspertlər və sadə vətəndaşlar da var: "Məscidlərimizin təhqir olunmasını, mədəni abidələrimizə qarşı törədilən vəhşilikləri hamı görüb. Təəssüf ki, ermənilərin bu vəhşiliklərinə qarşı etinasızlıq nümayiş etdirilib".

Dövlət başçısı bəyan edib ki, Azərbaycan "Bandunq prinsipləri"ni tam bölüşür: "Bu prinsiplərə tam əməl olunarsa, ölkələr arasında ədalətsizlik və ya müharibə olmaz". O, eyni zamanda qeyd edib ki, bəzi hallarda Təhlükəsizlik Şurasının qətnamələri cəmi bir neçə gün ərzində həyata keçirilir, Azərbaycana aid qətnamələr isə 28 il kağız üzərində qaldı: "Biz BMT Təhlükəsizlik Şurasında qərarlarının siyasi motivlərdən selektiv icrasına son qoyacaq islahatların aparılmasına tərəfdarıq".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31