Ermənistanın sülh danışıq imitasiyası uzun müddət davam edə bilməz

Ermənistan iqtidarı Azərbaycanla sülh müqaviləsi imzalamaq barədə mesaj verdikdən sonra ölkənin keçmiş rəhbərləri və onlara yaxın çevrələr kütləvi aksiyalar təşkil etməklə mövcud vəziyyəti gərginləşdirmək, Baş nazir Nikol Paşinyan hakimiyyətini devirməyə cəhd göstərirlər. Aydındır ki, burada məqsəd Ermənistanda hansısa demokratik, xalqın və millətin mənafeyini ifadə edən dövlət yaratmaq yox, hakimiyyəti zəbt etmək planını gerçəkləşdirməkdən ibarətdir. Əslində, hakimiyyətə itayətsizlik ənənəsi Ermənistanda mövcuddur, Robert Koçaryanın Levon Ter-Petrosyanın istefasına nail olması bunun bariz nümunəsidir. Lakin bütün cəhdlərə baxmayaraq sabiqlərə hələ də hakimiyyəti laxlatmaq sevinci qismət olmayıb. Çünki, erməni xalqı uzun illər hakimiyyətdə olan R.Koçaryan-S.Sarkisyan cütlüyünün oğru, talançı və qaniçən rejiminin idarəçiliyinin acı nəticələrini yaşayıblar. Buna baxmayaraq, cütlük indi də hakimiyyət ehtiraslarını "Qarabağ kartı" ilə reallaşdırmaq niyyəti güdürlər. Məsələ orasındadır ki, Ermənistanda baş qaldırmış revanşist qüvvələr xarici ölkələrdən idarə olunur və onların diktəsi ilə hərəkət edirlər. Çox təəssüf ki, Ermənistan-Azərbaycan münasibətlərində ikili oyun nümayiş etdirən Rusiyadakı bəzi dairələr revanşist qüvvələrin fəallaşmasına şərait yaradır. Lakin bütün cəhdlərə baxmayaraq Ermənistan anlamalıdır ki, istənilən halda güclü Azərbaycan ordusu ölkəmizin ərazisində ermənilərin vəziyyətin gərginləşdirilməsinə yönəlmiş istənilən cəhdinin qarşısını dərhal alacaq və Ermənistan növbəti dəfə revanşistlərin özbaşınalığının acı nəticələrini ödəmək məcburiyyətində qalacaq.

Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Baydəmirli bildirib ki, əsasən Rusiyanın bəzi qüvvələri tərəfindən idarə olunan Ermənistanda xeyli müddətdir ki, davam edən siyasi çaxnaşmalar, İrəvan küçələrində mütəmadi olaraq keçirilən dağıdıcı yürüşlərin səngidiyini görürük: "Dağıdıcı aksiyaların keçirildiyi dövrdə zavallı Paşınyanın devriləcəyini  iddia edən şərhçilər var idi. Acınacaqlı  durumda olan erməni əhalisinin bu aksiyalara dəstək vermədiyi ortadadır. Digər tərəfdən Rusiyanın Ermənistandakı revanşist qüvvələrə dəstək siyasənin iflasa uğradığı da göz qabağındadır. Təəssüf  ki, Şimal qonşumuz öz əhalisini, xirtdəyəcən problemlər içərisində boğulan ölkəsini xilas etmək əvəzinə  regionda ağalıq iddiasından əl çəkmir. Region dövlətlərinə qarşı təhdid siyasəti, ağalıq iddiası, imperiya ambisiyaları Rusiyanın sonunu yaxınlaşdıracaq". Onun sözlərinə görə, gələcəkdə regionda baş vermək ehtimalı olan fəlakətlərdən qorunmaq üçün  analitik təhlil mərkəzləri  strateji hədəflərə yönələn layihələr ortaya qoymalıdır. Deməli, Vətəndaş Cəmiyyəti İnstitutlarının, medianın üzərinə böyük məsuliyyət düşür. Həm Ermənistanda, həm də Qarabağda yaşayan etnik ermənilərə mütəmadi olaraq açııq çağrışlar edilməlidir: "Manevr siyasətindən əl çəkməyən Ermənistanın baş naziri  zavallı  Paşınyan da və digər ermənilərdə dərk etməlidir ki,  regionda inkişafa, sabitliyə təkan verəcək sülh təklifləri, çox zəruri iqtisadi, strateji mahiyyət kəsb edən layihələr hər zaman  masanın üzərində qalmayacaq. Azərbaycan tərəfi öz hədəflərinə doğru addımlaykən zaman itkisinə yol verməməlidir. Sülh və iqtisadi əməkdaşlıq təklifləri  müəyyən bir dövrü əhatə etməlidir. Əlqərəz, Rusiyanın və  Ermənistandakı bəzi  qüvvələrin sülh danışıq imitasiyası uzun müddət davam edə bilməz. Regionun inkişafı və sabitliyin təmin edilməsi üçün separatizmin kökü kəsilməlidir. Bütün hallarda separatizmə dəstək sülh anlayışına təhlükədir".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31