Bu saziş Azərbaycanın haqlı mövqeyinin geniş yayılmasına xidmət etməlidir
28 İyun 2022 12:00 Siyasət"Hazırkı durumda Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlığın mühüm əhəmiyyəti vardır".
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
"Son dövrlər Azərbaycanın göstərdiyi qətiyyət və siyasi iradə bu sazişin imzalanmasını labüd etmişdir. Nəzərə almaq lazımdır ki, Rusiya Federasiyası Azərbaycanın bir neçə saytını bloklamışdır, bu Rusiya-Ukrayna müharibəsi ilə əlaqələndirilmişdir. Lakin Azərbaycan da öz ərazi bütövlüyünü, suveren hüquqlarını, sərhədlərin toxunulmazlığı prinsipindən çıxış edərək Azərbaycanda "RİA Novosti" Agentliyini bloklamışdır. Buna əsas səbəb separatçıların "liderlərindən" biri Artak Beqlaryandan "RİA Novosti"nin müsahibə alması olmuşdur. Təbii ki, bu yolverilməz bir səhv idi. Məhz bu səbəbdən "RİA Novosti" ölkəmizdə qapadıldı.
Eyni zamanda, xüsusilə qeyd etməliyik ki, 30 illik zaman kəsiyində, eləcə də Vətən müharibəsində dövründə Rusiya informasiya kanalları, media ölkəmizə qarş qərəzli mövqe tutur, qarayaxma kampaniyası aparır, həqiqətə uyğun olmayan informasiyaları yayırdılar. Məhz bu səbəbdən media sahəsində əməkdaşlığın gücləndirilməsini ehtiva edən bu saziş, həm də bu yazıların və materialların qarşısının alınmasına xidmət etməlidir. Düşünürəm ki, Sergey Lavrovun səfəri çərçivəsində bu sazişin imzalanması məhz ikitərəfli münasibətlərin gücləndirilməsinə xidmət edəcəkdir və bir daha bu cür neqativ halların yaşanmaması həyata keçiriləcək.
Qeyd etmək lazımdır ki, ermənilər məhz Rusiya mediası vasitəsilə Azərbaycana hər zaman təhdidlər törədiblər. Hazırda informasiya kommunikasiyaları texnologiyalarının inkişaf etdiyi bir dövrdə, məhz onlayn medianın daha çox aktuallığının nəzərə çarpdığı bir zamanda bu sahənin gücləndirilməsi, informasiya təhlükəsizliyinin daha qabarıq şəkildə ikitərəfli münasibətlərdə nəzərə çarpması müşahidə edilməlidir.
Düşünürəm ki, məhz Rusiya Federasiyasının informasiya resurslarında da ölkəmizə qarşı qərəzli materiallar yayımlanmayacaqdır və bu saziş hüquqi sahədə Azərbaycanın haqlı mövqeyinin geniş yayılmasına xidmət etməlidir".