Rusiyadakı erməni təxribat maşınına vurulan zərbə

Cari ilin fevral ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına səfəri zamanı iki ölkənin dövlət başçıları arasında imzalanmış müttəfiqlik sazişi Moskva ilə Bakı arasında yeni-yeni əməkdaşlıq imkanlarına yol açdı. Eyni zamanda müxtəlif sahələrdə gələcək əməkdaşlıq perspektivləri üzə çıxardı. Prezidentlər səviyyəsində imzalanmış müttəfiqlik sazişi hər iki ölkənin ərazisindən üçüncü tərəfin bu müttəfiqə qarşı hər hansı təxribatının mümkünsüzlüyünə inam yaradırdı. Düzdür, sazişdən keçən müddət ərzində şimal qonşumuzun ayrı-ayrı informasiya resurslarında Azərbaycana qarşı çox ciddi təxribat xarakterli materiallar dərc edildi ki, bu da Azərbaycan cəmiyyətində haqlı narazılığa səbəb oldu. Ancaq bu günlərdə Azərbaycanda rəsmi səfərdə olan Rusiyanın xarici siyasət idarəsi rəhbəri Sergey Lavrovun Bakı görüşlərinin sonucu olaraq Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması belə bir qənaət formalaşdırıb ki, bundan sonra qonşu ölkənin informasiya resurslarında Azərbaycan əleyhinə qərəzli, təxribat xarakterli fikirlərə rast gəlməyəcəyik. Elə "Türk Dünyası Media Əməkdaşlıq Alyansı" İctimai Birliyinin sədri Süleyman İsmayılbəyli də bu qənaətdədir. İctimai Birlik sədri hesab edir ki, iyunun 24-də Bakıda Azərbaycan və Rusiyanın xarici siyasət idarəsi rəhbərlərinin imzalamıç olduğu "Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş" informasiya cəbhəsində əldə etdiyimiz daha bir uğur, irəliyə doğru atılmış addımdır. Süleyman İsmayılbəylinin sözlərinə görə, bu saziş həm də erməni təxribat maşınının Azərbaycana qarşı uzun illər ərzində aparmış olduğu yalan, şər-böhtan kampaniyasına vurulan bir zərbədir.

İctimai Birlik sədri qeyd edib ki, həm İkinci Qarabağ müharibəsi ərəfəsində, həm də ondan sonrakı zaman kəsiyində Rusiyanın bir sıra informasiya resurslarında Azərbaycanla bağlı yer alan qərəzli fikirlər,  təxribat xarakterli materiallar bu sahədə hansısa tənzimləyici addımın atılmasını zərurətə çevirmişdi: "Vətən müharibəsi dövründə Rusiyanın əksər informasiya resurslarında açıq şəkildə Azərbaycana qarşı kampaniya aparılır, başlamış olduğu haqq mübarizəni dünyaya qətliam, vandalizm kimi təqdim etməyə çalışılırdı. Eləcə də postmüharibə dövründə də eyni mənfi tendensiyanı müşahidə etdik. Hətta Rusiyanın ayrı-ayrı dövlət qurumlarının rəsmi saytlarında belə Azərbaycan əleyhinə dərc edilən xəbərlər, ərazi bütövlüyümüzün pozulmasına yönəlik materiallar işıq üzü gördü. Haqlı olaraq bu kimi hallar Azərbaycan cəmiyyətində narazılıq yaradırdı". Süleyman İsmayılbəyli hesab edir ki, imzalanmış sözügedən sazişlə artıq bu kimi mənfi halların, Azərbaycana qarşı Rusiyanın informasiya resurslarında yer alan metarialların qarşısı alınmış olacaq: "Bunu həm də Rusiyadakı erməni lobbisi və erməni təxribat maşınına vurulan zərbə kimi də xarakterizə etmək mümkündür. Hər birimizə məlumdur ki, Rusiyada erməni lobbisi kifayət qədər şəbəkələşib və bu ölkənin informasiya resurslarında kifayət qədər erməni millətindən olan şəxslər çalışır. Eyni zamanda şimal qonşumuzun dövlət qurumlarında da təmsil olunan ermənilər çoxlu saydadır və onlar zaman-zaman həmin imkanlardan istifadə edərək Rusiya KİV-lərində Azərbaycan əleyhinə materiallar dərc edir, ölkəmizə qarşı çirkin kampaniya həyata keçiridilər. Bununla isə onlar Rusiya-Azərbaycan münasibətlərinə zərbə vurmağa çalılşırdırlar. Bundan sonra isə bu kimi cəhdləri artıq müşahidə etməyəcəyik. Çünki sözügedən sazişlə Rusiya informasiya məkanından Azərbaycana mümkün təhdidləri bloklayır".

Məlumat üçün qeyd edək ki,  sazişdə informasiya təhlükəsizliyinin təmin olunmasına əsas təhdidlər sırasında dövlətlərin suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünün pozulmasına yönəlmiş aktlar, mühüm informasiya infrastrukturu obyektlərinə kompüter hücumları; terrorçuluğun təbliğatı və terror məqsədləri, dövlətin daxili işlərinə qarışmaq və ictimai qaydanın pozulması,  millətlərarası, irqlərarası və konfessiyalararası ədavətin qızışdırılması, separatçılığın və ekstremizmin, nifrət və diskriminasiya yaradan, zorakılığa və qeyri-sabitliyə təhrik edən irqi və ksenofobiya fikirlərin təbliğ olunması; vətəndaşların həyatına və təhlükəsizliyinə təhdid yaradan və ya ağır nəticələrə səbəb olan hallar haqqında bilərəkdən yalan məlumatın etibarlı mesajlar adı altında açıq şəkildə yayılması və digər hallar göstərilir.

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31