Azərbaycançılıq ideologiyası 44 günlük Vətən müharibəsində tarixi qələbəmizi şərtləndirən amillərdən biri oldu

İstiqamət-Azərbaycançılıq ideyasının təbliği

Günümüzdə dünyada yaşayan azərbaycanlıları öz ətrafında birləşdirən bir ideologiya var ki, həm Azərbaycan dövlətinin, həm də fərd olaraq ayrı-ayrı tanınmış şəxsiyyətlər, simaların uğur və nailiyyətlər əldə etməsində həmin ideologiyanın öz rolu, yeri var. Məhz bu ideologiya bu gün dünyadakı azərbaycanlıları öz ətrafında birləşdirir, onları daha mütəşəkkil, mobil bir qüvvəyə çevirir. Bu azərbaycançılıq ideologiyasıdır.

Azərbaycan ideologiyasının tarixi o qədər də çox olmasa da,  qısa müddət ərzində bu ideologiya inkişaf etmiş, təşəkkül tapmışdı. Azərbaycan ideologiyasının daha geniş mənada inkişaf etməsi, dünya azərbaycanlılarını bir amal ətrafında birləşdirməsi əsasən müstəqillik illərində təsadüf etsə də, lakin ondan əvvəl də dolayısıyla, belə demək mümkünsə pərdə arxasında bu ideologiyanın yayılması istiqamətində mühüm işlər görülmüşdü. Yaxın tarixə nəzər salsaq aydın şəkildə görərik ki, azərbaycançılıq ideologiyasının inkişafı istiqamətində təməl addımlar hələ 1970-80-cı illərdə atılmağa başlamışdı. Heç şübhəsiz ki, bu da ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Hələ sovetlərin zamanında respublikaya rəhbərlik edən ümummilli lider Heydər Əliyev ittifaqın ayrı-ayrı ölkələrdəki nüfuzlu ali təhsil ocaqlarına azərbaycanlı gəncləri oxumaq üçün göndərməsi dahi şəxsiyyətin azərbaycançılıq ideologiyasının inkişaf etməsi istimqamətində atmış olduğu əməli addımlardan idi. Yaxud, respublikaya rəhbərlik etdiyi illərdə tanınmış elm adamları, mədəniyyət xadimləri, Azərbaycan ədəbiyyıtından, incəsənətində müstəsna yeri olan şəxsiyyətlərin yubileylərinin keçirilməsi də öz-özlüyündə dahi şəxsiyyətin azərbaycançılıq ideologiyasının inkişaf etməsi istiqamətində atmış olduğu addımlardan idi.

Azərbaycançılıq ideologiyasının daha geniş şəkildə yayılması və günümüzdə dünyada yaşayan azərbaycanlıları öz ətrafında birləşdirməsi istiqamətində mütəşəkillik, daha çevik və nəticəli addımlar müstəqillik illərindən sonra atılmağa başladı. Heç şübhəsiz ki, həmin dövr də ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli liderin atdığı mütərəqqi addımlardan biri də sovetlərin zamanından yarımçıq qalmış azərbaycançılıq ideologiyasını inkişaf etdirmək oldu. Bu mənada Heydər Əliyevin imzaladığı müvafiq sərəncam əsasında 2001-ci ildə Bakıda Dünya Azərbaycanlılarının Birinci Qurultayının keçirilməsi mühüm əhəmiyyət daşıyırdı. Məhz həmin qurultay azərbaycançılıq ideologiyasının yeni bir mərhələdə inkişafı, təşəkkül tapması kimi tarixə düşdü. Artıq dünyanın ayrı-ayrı nöqtələrində yaşayan azərbaycanlılar onların arxasında Azərbaycan dövlətinin olduğunun fərqinə varırdılar və onun güclənməsi, dünyada söz sahibinə çevrilməsi üçün məhz azərbaycançılıq ideologiyası ətrafında birləşməyin zəruriliyini dərk edirdilər. Təsadüfi deyil ki, elə ümummilli lider Heydər Əliyev məhz Dünya Azərbaycanlılarının Birinci Qurultayında xaricdə yaşayan soydaşlarımızı bu ideologiya ətrafında daha sıx birləşməyə dəvət edirdi: "Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir. İndi hər bir azərbaycanlı qürur hissi keçirdə bilər ki, mən azərbaycanlıyam, mənim millətim, mənim millətimin dövləti, ölkəm vardır. İsveçrədə, Almaniyada, Fransada yaşasam da, fərqi yoxdur, mənim xalqımın müstəqil dövləti var və dünya xalqları içərisində yerim vardır. Azərbaycan xalqının əsrin sonunda əldə etdiyi ən böyük nailiyyət budur".

Qeyd etdiyimiz kimi, ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı və Dünya Azərbaycanlılarının Birinci Qurultayı azərbaycançılıq ideologiyasının  günümüzdə daha geniş yayılmasına vəsilə oldu. Sevindirici hal ondan ibarətdir ki, ümummilli liderin əsasını qoyduğu bu məqsədyönlü siyasət Heydər Əliyev dünyasını dəyişəndən sonra yarımçıq qalmadı, əksinə daha da inkişaf etməyə başladı. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Cənab İlham Əliyevin respublikaya rəhbərlik etdiyi 20 ilə yaxın müddət ərzində qeyd edilən istiqamətdə gördüyü işlər fonunda bunu aydın müşahidə etmək mümkündür. İstər Dünya Azərbaycanlılarının İkinci, istər üçüncü, istərsə də xronoloji ardıcıllıqla keçirilən digər qurultaylar azərbaycançılıq ideologiyasının günümüzdə daha geniş aspektdə inkişaf etməsinə verilən töhfələrdən idi. Təsadüfi deyil ki, Prezident İlham Əliyev 2006-cı ilin mart ayında Bakıda keçirilən Dünya Azərbaycanlılarının İkinci Qurultayında çıxışı zamanı azərbaycançılıq ideologiyasına sadiqliyini ifadə edir və bundan sonra bu ideyanın Azərbaycan dövlətinin siyasətinin ana xəttini təşkil edəcəyini deyirdi: "Azərbaycançılıq ideyasının birləşdirici dəyər kimi bütün dünyada yaşayan azərbaycanlılar arasında yayılması, dilimizin, mədəniyyətimizin, mütərəqqi adət-ənənələrimizin, tariximizin yaşadılması və inkişaf etdirilməsi Prezident Heydər Əliyevin ideyası idi. Düşünürəm ki, bütün dünyada yaşayan soydaşlarımızın mədəni-mənəvi birliyinin mühüm şərti olaraq bu ideya bu gün də, gələcəkdə də bizim siyasətimizin əsasını təşkil edəcəkdir".

Məhz həmin ideya və onun Azərbaycan dövlətinin siyasətinin ana xəttini təşkil etməsi də 44 günlük Vətən müharibəsində tarixi qələbəmizi şərtləndirən amillərdən biri oldu. Vətən müharibəsi günlərində dünyanın istənilən nöqtəsində yaşayan azərbaycanlının məhz azərbaycançılıq ideologiyası ətrafında birləşərək mobil qüvvəyə çevrilməsi, Azərbaycanımıza göstərdikləri dəstək, yeri gəlində Vətənə gələrək əldə silah onun müdafiəsinə qalxması sonucda tarixi zəfərimizi şərtləndirdi. Ona görə də haqlı olaraq deyə bilərik ki, Vətən müharibəsində tarixi qələbəmizdə Müzəffər Ordumuz, onun qalib Ali Baş Komandanı ilə yanaşı, azərbaycançılıq ideologoyası, hər bir azəbaycanlının həmin tarixi günlərdə bu ideologiya ətrafında birləşməsinin də rolu vardır.

Süleyman İsmayılbəyli

Yazı Azərbaycan Respublikasının Medianın  İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31