26 iyun təkcə ordumuzun yox, bütün xalqın qürur və fəxarət günüdür

"Silahlı qüvvələr bütün ölkələrdə dövlətçilik sisteminin mühüm elementlərindən biridir. Hansı ki, dövlət və dövlətçilik birmənalı şəkildə bu strukturun üzərində qurulur".
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq  Aydın Quliyev deyib.
"Dövlətin təhlükəsizlik, müdafiə, əmin-amanlıq və daxildə sabitlik funksiyasını əsasən bu orqan həyata keçirir. Azərbaycanın da silahlı qüvvələri dövlətçilik sisteminin mühüm elementi, atributudur.
Azərbaycanın silahlı qüvvələrinin yaranmasının zəngin bir tarixi var. Bizim milli silahlı qüvvələrimiz ilk öncə 100 il bundan əvvəl demokratik cümhuriyyətin dövründə yaradılıb. Ondan sonra milli silahlı qüvvələrin müstəqilliyinə son qoyulub və Azərbaycandakı silahlı qüvvələr vahid sovet ordusunun ümumi silahlı qüvvələrinin yalnız tərkibinə daxil olan müəyyən hissələr formasında mövcud olub. Yəni, ordu quruculuğunda milli, mənəvi xarakterik əlamətlər üstün rola malik olmayıb və Azərbaycan tam başqa hərbi dəyərlərə söykənən bir ordu sisteminin içində mövcud olub. Nə yaxşı ki, ölkəmizin müstəqilliyi elan olunduqdan sonra Azərbaycanın tam milli mənafelərə və milli hədəflərə söykənən ordusu formalaşdırılmağa başladı.
Bu gün həqiqətən bizim ordumuz milli hədəflərə tuşlanmış bir strukturdur. Bəzi ölkələrin dövlət müstəqilliyi bir qayda olaraq hansısa formada mövcud olan silahlı birləşmələrin, silahlı qüvvələrin apardığı müharibələr nəticəsində əldə olunur. Azərbaycan bir qədər fərqli yol keçib. Hamı bilir ki, bizim ölkəmizin siyasi müstəqilliyi ordunun döyüşə-döyüşə əldə etdiyi siyasi müstəqillik və dövlətçilik deyil, bu siyasi amillərin və proseslərin təsiri nəticəsində əldə olunmuş, yaradılmış dövlətçilik sistemidir.
Azərbaycanın milli ordu qüvvələri iki əsas funksiyanı yerinə yetirdi. Birincisi; ölkənin siyasi müstəqilliyinin keşiyində dayanmaq və onu beşiyindəcə məhv etmək üçün xaricdən qıcanmış dişləri məhv etmək. İkincisi, ölkənin məruz qaldığı erməni hərbi təcavüzünün qarşısının alınması və işğal olunmuş torpaqların azad edilməsi. Azərbaycanın milli ordusu, Silahlı Qüvvələri dediyim bu iki hədəfi də yüksək səviyyədə yerinə yetirərkən özünü təkmilləşdirdi.
Beləliklə, başqa bəzi ölkələrdə silahlı qüvvələr və ordu birləşmələri döyüşə-döyüşə dövlətin müstəqilliyini yaratdıqları halda, Azərbaycanın hərbi silahlı qüvvələri öz gücü, qabiliyyəti və döyüş potensialı ilə həm ölkənin siyasi müstəqilliyini daha da möhkəmləndirdi, həm də ölkəni xarici hərbi təcavüz və onun işğal kimi böyük nəticəsindən tamamilə xilas elədi. Məhz bu iki istiqamətdə gedən mübarizə Azərbaycanın milli silahlı qüvvələrini daha da təkmilləşdirdi və biz onun nə qədər təkmil və təcrübəli bir struktur olduğunu 44 günlük Vətən müharibəsində gördük. 44 günlük müharibə Azərbaycan ordusunun çox böyük bir təkmilləşmə və kamilləşmə yolu keçdiyini bir daha sübut elədi.
İyunun 26-sı Azərbaycanın Silahlı Qüvvələrinin necə deyərlər, peşə bayramı kimi qeyd olunsa da, əslində bu çox böyük xəlqi, milli və dövlətçilik bayramıdır. Ona görə ki, dövlətimizin milli mənafelərinin, təhlükəsizlik maraqlarının və sabitliyinin büsbütün silahlı qüvvələrin və onun ən müxtəlif formalarının, strukturlarının üzərində dayandığı heç kimdə şübhə doğurmur. 26 iyun təkcə ordumuzun yox, bütün xalqın qürur və fəxarət günüdür".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31