Mənasız Minsk Qrupunu yenidən diriltmək cəhdləri

İkinci Qarabağ müharibəsi və tarixi zəfərimizdən sonra Azərbaycanın bir qədər də güclənməsi, nəinki regionda, hətta dünyada belə yeni reallıqlar yaratması deyəsən bir çox dövlətləri ciddi narahat edib. Əks- təqdirdə bir neçə istiqamətlərdə Azərbaycana təsir riçaqlarından istifadə edilməzdi.

Söhbət Birləşmiş Ştatların ənənəvi olaraq erməni maraqlarından çıxış edib Azərbaycana yönəlik təzyiqlərindən gedir. Bu günlərdə eyni tendensiyanı Birləşmiş Ştatların dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Kerri Donfridin artıq tarixin arxivinə qovuşmuş ATƏT-in Minsk Qrupunu dirçəltməyə yönəlik fikirlərindən aydın gördük. Ermənistanda keçirdiyi görüşlərdə səsləndirdiyi fikirlərdən belə anlaşıldı ki, Birləşmiş Ştatlar üçün Qarabağ probleminin həlli arzuedilən deyil və Vaşinqton ATƏT-in Minsk Qrupunu yenidən diriltməklə regionda qeyri-sabit vəziyyətin davam etməsinə maraqlıdır. Elə əksər ekspertlər də belə düşünür.

Azərbaycan Təkamül Partiyasının sədri Teyyub Əliyev hesab edir ki, Azərbaycanın 44 günlük Vətən Müharibəsində əldə etdiyi möhtəşəm qələbə, torpaqlarımızın əhəmiyyətli hissəsini erməni faşistlərindən azad etməsi, təcavüzkar Rusiyanın şantaj yolu ilə ölkəmizə yeritdiyi "sülhməramlıların" müvəqqəti yerləşdiyi ərazilərimizi də tezliklə azad etmək əzmi ermənilərə, eyni zamanda onlardan da daha çox türk düşmənlərinə rahatlıq vermir. Partiya sədri deyir ki, özlərini "dünya ağası" hesab edən, dünyanın hər yerini özlərinin mənafe zonası elan edən ABŞ başda olmaqla bəzi qərb dövlətləri Azərbaycanın möhtəşəm qələbəsi nəticəsində regionumuzda yaranan yeni reallıqları qəbul etmək istəmirlər: "Ermənidən daha çox erməni olan, ənənəvi türk düşmənçiliyi mövqeyindən çıxış edən bu dövlətlər sərgilədikləri antiAzərbaycan və antiTürkiyə mövqeləri ilə əslində ermənilərdən daha çox öz mənafelərini düşünürlər, hər vəclə Azərbaycanın qələbəsinə kölgə salmağa cəhd edirlər. Bunu birbaşa reallaşdırmaq imkanından məhrum olduqlarını bildiklərindən dolayı yollarla, məsələn, ölü doğulan, Azərbaycanın dəfn etdiyi bədnam Minsk Qrupunu qəbirdən çıxarıb dirçəltmək yolu ilə həyata keçirmək istəyirlər". Teyyub Əliyev bildirib ki,  Birləşmiş Ştatların dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Kerri Donfridin  İrəvanda söylədikləri fikirlərə başqa cür qiymət vermək mümkün deyil: "ABŞ rəsmiləri bilməmiş deyillər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə rəsmi şəkildə bəyan edib ki, Dağlıq Qarabağ probelmi həll edilib, belə problem mövcud deyil, ermənilərə heç bir status verilməyəcək, Minsk Qrupu mövcud deyil, Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək və s. Ancaq Azərbaycanda olarkən "Dağlıq Qarabağ", "Minsk Qrupu", "konflikt" ifadələrini işlətməyə cəsarət etməyən, susan bu ABŞ yetgilisinin Ermənistana çatan kimi "dili açılıb" və bəyan edib ki: "Azərbaycan Minsk Qrupunun həmsədrliyi prosesini dəstəkləmir, Birləşmiş Ştatlar isə dəstəkləyir və biz bu prosesdə iştirak edirik, bundan sonra da iştirak edəcəyik". Rusiya ilə Ukraynada ölüm-dirim mübarizəsinə girişən ABŞ öz rəsmisinin dili ilə bəyan edir ki: "ABŞ Ukraynadakı müharibəyə görə Rusiya ilə münasibətləri kəssə də, sülh yolu ilə və uzunmüddətli nizamlanma üçün ATƏT-in Minsk Qrupunda əməkdaşlığı davam etdirməyə hazırdır". Belə çıxır ki, ABŞ bədnam Minsk Qrupunun dirçəldilməsi üçün Azərbaycana təzyiq edəcək, 907-ci bədnam "düzəliş" kimi ikinci bir qətnamə qəbul edəcək, ölkəmizə qarşı sanksiyalar tətbiq edəcək? Buyurun, cənablar əlinizdən gələni edin. Ancaq unutmayın, Azərbaycan keçən əsrin Azərbaycanı deyil. Azərbaycan öz süveren hüquqlarından vaz keçmək fikrində deyil. Azərbaycan heç kimin daxili işlərinə qarışmır və heç kimə imkan verməyəcək ki, onun daxili işlərinə qarışsınlar. Azərbaycanın yeganə istəyi beynəlxalq hüquq normalarına uyğun olaraq öz ərazi bütövlüyünü, süverenliyini tam təmin etmək, regionumuzda sülhə, barışa nail olmaqdır. Müasir Azərbaycan öz mənafeyini qorumaq, istəklərinə nail olmaq gücündədir. Bu reallıqları hər kəsin qəbul etməsi lazımdır".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31