Özbəkistan Azərbaycanın haqq işinə dəstək olan dövlətlərdəndir

Türk Dövlətləri Təşkilatının üzvü olan hər iki ölkə strateji münasibətlərə malikdirlər

Azərbaycan və Özbəkistan  arasında qarşılıqlı münasibətlərin tarixi uzaq əsrlərə gedib çıxır. Özbək və Azərbaycan xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Uzun illər ərzində hər iki dövlət SSRİ-nin müttəfiq respublikaları olublar. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistan torpağında sığınacaq tapıb. Bu gün 40 mindən çox azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial-ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar yaxından iştirak ediblər. Azərbaycanla  Özbəkistan arasında siyasi münasibətlər yüksək səviyyədədir. İki qardaş ölkə arasında diplomatik əlaqələr 2 oktyabr 1995-ci ildə yaradılıb. 1996-cı ilin ortalarında Azərbaycan Respublikasının Özbəkistan Respublikasında, 1998-ci ilin may ayında Özbəkistan Respublikasının Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlayıb. Yeri gəlmişkən qeyd edək ki, bu iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Ümumiyyətlə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsini şərtləndirir. Xatırladaq ki, 23-24 mart 2004-cü il tarixdə Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Respublikasında dövlət səfərində olub. Səfər çərçivəsində iki ölkə rəhbərinin təkbətək görüşü keçirilib. Dostluq və qarşılıqlı etimad şəraitində keçən görüşdə Azərbaycanla  Özbəkistan arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri, Cənubi Qafqazda və Mərkəzi Asiyada təhlükəsizlik məsələləri, regional və beynəlxalq problemlər barədə, habelə ölkələrimizi maraqlandıran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Tərəflər iqtisadi əməkdaşlığın inkişafına, o cümlədən qarşılıqlı mal dövriyyəsinin artırılmasına, nəqliyyat və energetika məsələlərinə, habelə humanitar və mədəni əlaqələrin genişləndirilməsinə böyük diqqət yetiriblər.

Fikrimizi Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri zamanı keçirilən görüşlər, imzalanan sənədlər bir daha sübut edir. Millət vəkili Azay Quliyev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistana rəsmi səfəri adi protokol səfəri deyil, dünyada yeni yaranmış geosiyasi hadisələr fonunda xüsusi hədəflərə hesablanmış tarixi bir hadisədir. Bu səfər təkcə Azərbaycan-Özbəkistan əlaqələrini tamamilə yeni və strateji tərəfdaşlıq mərhələsinə yüksəltmir, eyni zamanda türk dünyasının inteqrasiyası və güclənməsi üçün real imkanlar yaradır: "Səfərin vacib məqamlarına keçməmişdən öncə onu xatırlatmaq istərdim ki, Qarabağın bərpası işində Türkiyədən sonra qardaş köməyinə gələn məhz Özbəkistandır, onun Prezidenti hörmətli Şavkat Mirziyoyevdir. Bildiyiniz kimi, Özbəkistan işğaldan azad edilmiş Füzuli şəhərində hədiyyə kimi məktəb tikir və növbəti tədris ilinə qədər məktəbin istifadəyə verilməsi planlaşdırılır. Cənab Prezident  Daşkənddə bunu çox yüksək qiymətləndirdi və bildirdi ki, bu bizə verilmiş ilk belə böyük hədiyyədir, bu, hədiyyə bizim qardaşlığımızın rəmzi olacaq, yüzilliklər boyu Azərbaycan xalqının qəlbində yaşayacaq. Özbəkistan və onun Prezidenti torpaqlarını işğaldan azad edən Azərbaycanı ilk və ürəkdən təbrik edən ölkələrdəndir. Digər tərəfdən Ulu Öndər Heydər Əliyevin irsinə və onun sovetlər dönəmində Özbəkistan üçün etdiklərinə hörmət əlaməti olaraq Daşkənddə Heydər Əliyev Meydanının yaradılması və Meydanın mərkəzində Ulu Öndərin böyük memorial kompleksinin ucaldılması bizim dostluq və qardaşlığımızın növbəti simvollarından birinə çevriləcək". Millət vəkili qeyd edib ki, səfər zamanı çox mühüm razılaşmalar imzalandı: "Bunlardan hərbi sahədə əməkdaşlıq haqqında sazişi, Xarici İşlər nazirlikləri arasında 2022-2024-ci illər üzrə əməkdaşlıq proqramını, Bakı-Tbilisi-Qars dəmir yolu ilə yük daşımalarının artırılması, iqtisadi əməkdaşlığın və qarşılıqlı investisiyaların genişləndirilməsi haqqında razılaşmanı xüsusi qeyd etmək lazımdır. Çox istərdik ki, Mərkəzi Asiyanın digər qardaş dövlətləri də Özbəkistandan nümunə götürərək 21-ci əsrdə türk dünyasının qələbə rəmzinə çevrilən Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması və dirçəldilməsi işinə qoşulsunlar, beləliklə, türk dövlətlərinin sürətli inteqrasiyası və birliyi üçün daha fəal olsunlar".

Azərbaycanla Özbəkistan atasında iqtisadi əlaqələr də inkişaf mərhələsini yaşayır. Məlum olduğu kimi qlobal böhran nəticəsində dünya iqtisadiyyatını bürümüş mənfi tendensiyalar və proseslər fonunda Özbəkistan və Azərbaycan iqtisadiyyatları üçün müsbət göstəricilər səciyyəvidir. Bu isə, öz növbəsində, hər iki ölkənin seçdiyi inkişaf modellərinin həyat qabiliyyətini və effektivliyini təsdiqləyir. Bu modellər yeni, sosial istiqamətli iqtisadiyyatın formalaşdırılması prinsiplərini özündə əks etdirir. Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında ikitərəfli əməkdaşlıq üzrə müştərək hökumətlərarası komissiyanın fəaliyyəti ölkələrimiz arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafına böyük töhfə verir. Milli Məclisin deputatı Vüqar Bayramov qeyd edib ki, Türk Dövlətləri Təşkilatının üzvü olan hər iki ölkə strateji münasibətlərə malikdirlər. Özbəkistan Azərbaycanın haqq işinə dəstək olan dövlətlərdəndir. Xüsusən də son illər iki ölkə arasında münasibətlərin daha da dərinləşməsi müşahidə olunur: "İqtisadi əlaqələrə gəldikdə isə, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 111 milyon 903 min dollar olub. Bu 2020-ci ilə nisbətən 16 faiz artım deməkdir. Pandemiya ilində ölkələr 82 milyon 318 min dollarlıq dövriyyəyə malik olublar. Bununla belə, Azərbaycan və Özbəkistan pandemiya dövründə öz aralarındakı ticari dövriyyələrini qoruyub saxlaya və hətta artıra biliblər. Belə ki, 2019-cu ildə dövriyyə 81 milyon 962 min dollar idi. 2011-ci ildə Azərbaycan Özbəkistandan 78 milyon 431 min dollarlıq mal idxal edib. Bu əvvəlki ilə nisbətən 32.5 faiz artım deməkdir. Mərkəz Asiya dövlətinə isə ötən il 33 milyon 490 min dollarlıq mal ixrac etmişik və burada da 44.9 faiz artım qeydə alınıb. Xarici ticari əlaqələrin struktruna gəldikdə isə, Azərbaycan Özbəkistandan ötən il 4 milyon 862 min dollarlıq televiziya qəbulediciləri, 2 milyon 628 min dollarlıq məişət kondisionerləri alıb. Bununla bərabər təzə meyvə (829 min dollar), paltaryuyan maşınları (538.7 min dollar), kağız və kartondan sanitar-gigiyenik məmulatlar (504.9 min dollar), ayaqqabı (131.9 min dollar), təzə tərəvəz (51.1 min dollar) də idxal məhsulları arasındadır. İxracatımıza gəldikdə isə ötən il 7 milyon 51 min dollarlıq şəkər məhsulları Özbəkistana göndərilib. Pandemiyadan öncə 4 milyon 864 min dolallıq etilen polimerləri, 621.9 min dollarlıq sürtkü yağları da dost ölkəyə ixrac olunub. Gözlənilir ki, son dövlət səfəri münasibətlərin daha da dinamik inkişaf etməsinə zəmin yaradacaq və tərəflər qarşılıqlı olaraq mövcud potensialdan daha sıx faydalanacaqlar".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31