“Ticarət dəhlizlərinin yaradılmasında Azərbaycanın və Özbəkistanın rolu olduqca böyükdür“
22 İyun 2022 14:53 Siyasət"Ticarət dəhlizlərinin yaradılmasında Azərbaycanın və Özbəkistanın rolu olduqca böyükdür."
Olaylar.az-a açıqlama verən "Bakı xəbər" qəzetinin baş redaktoru, politoloq Aydın Quliyev bildirib ki, Azərbaycan-Özbəkistan münasibətləri Avrasiya regionu üçün həmişə təsirli və özünü göstərən faktor olub, bu onunla izah olunur ki, bu iki ölkənin münasibətlərindəki həm indiki inkişaf tempi, həm də indiki inkişaf tempinə uyğun olaraq gələcək dərinləşmə perspektivləri həmişə Avrasiya regionundaki proseslərə öz təsir gücü ilə seçilib. Yəni , Özbəkistan Orta Asiyanın, Azərbaycan isə Qafqazın ən qüdrətli dövlətləri sırasındadır. Buna görə də Azərbaycanın və Özbəkistanın həm indiki təbii ehtiyatları, insan resursları, həm də çox əlverişli coğrafi mövqeləri iki ölkənin münasibətlərinin daha da inkişaf etdirilməsi və gələcək dərinləşdirilməsi üçün maraqlı və əhəmiyyətli perspektivlər açır. Dediyim bu faktorlar hər iki ölkənin oxşar müstəvilərdə olmasını şərtləndirir. Xüsusilə də qeyd etmək lazımdır ki , Azərbaycan və Özbəkistan özlərinin gücləri və bölgələrindəki proseslərə təsir göstərmək baxımından həmişə maraqlı mövqelərdə olublar. İstər Özbəkistan, istərsə də Azərbaycanı birləşdirən ümumi xüsusiyyətlər, oxşar amillər var. İki ölkə həm beynəlxalq münasibətlərdə, həm də regional siyasətdə özünün müstəqil iradəvi siyasəti ilə həmişə seçilmişlər. Hər iki ölkənin daha müstəqil siyasət aparmağa meyilli və iradəli olması iki ölkənin siyasətinin əlaqələndirilməsinə və beynəlxalq müstəvidə uzlaşdırılmasına həmişə geniş imkanlar açıb və bu sahədə də böyük perspektivlər var. Buna görə də Azərbaycanın və Özbəkistanın münasibətlərinin daha da dərinləşdirilməsi həm iki ölkənin başçılarının iradəsi üzərində dayanır,həm də bu iradəni gücləndirən faktorlar olaraq oxşar siyasi iqtisadi xüsusiyyətlərlə izah olunur. Buna görə də Azərbaycan prezidentinin Özbəkistana səfərində imzalanmış sənədlərə iki ölkənin münasibətlərində yeni bir mərhələnin başlanğıcı kimi baxmaq olar. Biz indiyə qədər Özbəkistan - Azərbaycan münasibətlərində tərəfdaşlıq, əməkdaşlıq münasibətlərinin inkişafından çox danışırdıq və bu gün bu səfər zamanı imzalanmış strateji tərəfdaşlığın daha da genişləndirilməsi ilə bağlı bəyannamə, eləcə də hərbi texniki və hərbi təhsil sahələrində əməkdaşlığn gücləndirilməsini müəyyən edən sənədlərin imzalanması olduqca əhəmiyyətlidir. İmzalanmış olan bu sənədlər iki ölkənin münasibətlərinin daha da dərinləşdirilməsi üçün hüquqi çərçivəni xeyli dərəcədə genişləndirir və möhkəmləndirir. Özbəkistanla Azərbaycanın münasibətləri daha əvvəldən də strateji tərəfdaşlıq üzərində qurulmuş və rəsmiləşdirilmişdir. 2004-cü ildə belə bir bəyənnamə imzalanmışdır amma 2004-cü ildən ötən müddət ərzində hər iki ölkənin, xüsusilə də xarici regional və qlobal siyasətdə müstəqilliyə daha çox meyllənməsi onların strateji tərəfdaşlığının yeni daha geniş hüquqi çərçivəsinin müəyyənləşdirilməsinə bir ehtiyac yaratdı və çox yaxşı ki iki ölkənin lideri bu ehtiyacı zamanında dəyərləndirə bildilər və 2004-cü ildən sonrakı həm regional, həm də qlobal dəyişmələri nəzərə alaraq iki ölkənin strateji tərəfdaşlıqlarının daha da genişləndirilməsini təsbit edən yeni rəsmi hüquqi çərçivənin müəyyənləşdirilməsi üçün lazımi addımı atdılar. Özbəkistanın və Azərbaycanın münasibətlərinin daha da dərinləşdirilməsi dediyim kimi həm Avrasiya regionu üçün əhəmiyyətli və təsirli hadisədir, həm də Avrasiya üzərində strateji körpülərin xüsusilə də Mərkəzi Asiya və Avropa arasında strateji körpülərin daha da gücləndirilməsində öz təsirli rolunu oynayacaq. Çox haqlı olaraq Azərbaycan prezidenti iki ölkənin hər iki ölkə üçün müəyyən təhdidlərin həmdə oxşar təhdidlərin olduğuna diqqət çəkdi. Belə şəraitdə Azərbaycanın və Özbəkistanın hərbi texniki və hərbi təhsil sahəsində əməkdaşlığını genişləndirilməsi artıq həm zamanın tələbinə çevrilir, həm də iki ölkənin təhlükəsizlik və müdafiə maraqları bunu labüd edir. Heç şübhə yoxdur ki, imzalanmış bu sənədlərdən sonra iki ölkənin həm ticarət , investisiya, beynəlxalq yükdaşımalar sahəsində əməkdaşlığı yeni yeni formalarda ortaya qoyulacaq. Özbəkistanın və Azərbaycanın strateji tərəfdaşlığının genişləndirilməsinə həm iki ölkənin ikitərəfli münasibətləri nöqteyi nəzərindən önəm vermək lazımdır, həm də bütünlüklə ümumtürk inteqrasiya proseslərində bu yaxınlaşmanın oynaya biləcəyi rola diqqət çəkmək lazımdır.Heç şübhəsiz ki, bu gün Azərbaycanın türk dünyasında yalnız Türkiyə qardaş ölkə ilə strateji müttəfiqlik səviyyəsinə qədər yüksəlmiş münasibəti var və bu rəsmi sənəddə də öz əksini tapmışdır. Şübhə yoxdur ki, Azərbaycanın başlatdığı proses gələcəkdə Özbəkistanın və digər türk dövlətlərinin timsalında yeni strateji müttəfiqlik sənədlərinin imzalanmasına qədər inkişaf edə bilər və Azərbaycanın türk dünyasında münasibətlərinin strateji tərəfdaşlıqdan strateji müttəfiqliyə keçid etməsi perspektivinə ən yaxın ölkəni mən Özbəkistanı görürəm. Əlbəttə, Orta Asiyanın digər türk ölkələri ilə də Azərbaycanın münasibətləri pis deyil. İnkişafa və dinamikaya meyillidir, amma Özbəkistanla münasibətlərin xüsusi xarakterini bu münasibətlərin kökündə Özbəkistanın və Azərbaycanın keçmiş liderlərinin də dostluq münasibətlərinin bir ənənə kimi dayanması daha uzaq gedən nəticələri çıxarmağa imkan verir, həm də bir ənənəyə çevrilmiş iki ölkənin liderlərinin arasındakı dostluq yaxınlıq münasibətləri bu gün də davam etdirilir ki, bu da gələcəyə yönəlik daha dərinə gedən nəticələr çıxarmaq üçün əsasdır . Heç şübhə yoxdur ki, işlərin bu cür gedişi Azərbaycanla Özbəkistanın arasında hansısa gələcəkdə strateji müttəfiqlik münasibətlərinin artıq rəsmiləşməsinə gətirib çıxara bilər. Bir sözlə, ümumtürk inteqrasiya kontekstində həm də Avrasiyada böyük nəqliyyat, ticarət dəhlizlərinin yaradılmasında Azərbaycanın və Özbəkistanın rolu potensialı olduqca böyükdür.