Özbəkistan-Azərbaycanın münasibətləri yüksək strateji tərəfdaşlıq səviyyəsinə çatıb
22 İyun 2022 10:59 SiyasətAzərbaycanın beynəlxalq münasibətlər sistemində türk dünyası mühüm yer tutur. Bu coğrafiyaya daxil olan respublikalarla müxtəlif istiqamətlərdə əməkdaşlıq edən, bu əməkdaşlığı gün-gündən yeni inkişaf etdirərək yeni bir mərhələyə qaldıran rəsmi Bakının bu jestinə elə qarşı tərəfdən də hər zaman yüksək dəyər, maraq göstərilib. Xüsusilə, müstəqillik illərindən sonra Azərbaycan türk dünyasına daxil olan respublikalarla əlaqələri inkişaf etdirmək istiqamətində məqsədyönlü addımlar atıb ki, bu gün qeyd edilən coğrafiyaya daxil olan ölkələrlə mövcud olan yüksək səviyyəli əməkdaşlığın təməlini məhz həmin illərdə atılan addımlar təşkil edib.
Azərbaycan türk dünyası ilə əməkdaşlığında Orta Asiya regionuna daxil olan respublikaların öz yeri var. Regionun hər bir reespublikası ilə qarşılıqlı faydalı əməkdaşlıq və ikitərəfli münasibətlərin inkişafına üstnülük verən rəsmi Bakı eyni mövqeni qarşı tərəfdən də görür. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Özbəkistana dövlət səfərinə dəvət edilməsi və bu ölkədə Azərbaycan liderinə olan böyük hörmət fonunda bunu aydın görmək mümkündür. Elə Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov da bu qənaətdədir. O bildirib ki, Azərbaycan xalqının Orta Asiyadakı qardaş respublikalar arasında Özbəkistana qarşı münasibəti həmişə daha çox istiliyi, səmimiyyəti ilə fərqlənib. Özbəklərin də Azərbaycan musiqisinə, ədəbiyyatına və insanlarımıza xoş münasibəti barədə eyni sözləri demək mümkündür. Çünki bizi ortaq tarixi köklər, eyni milli-mənəvi dəyərlər birləşdirir: "Ölkələrimiz arasında siyasi əlaqələr də kifayət qədər yüksək səviyyədədir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin 2021-ci il martın 31-də Türk Dövlətləri Birliyinin videokonfrans formatında keçirilmiş Zirvə görüşündə Azərbaycan xalqını 44 günlük müharibə nəticəsində Qarabağın işğaldan azad olunması və tarixi ədalətin bərpa olunması münasibətilə ürəkdən təbrik etməsi də dostluq və qardaşlıq əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisidir".
Partiya sədri diqqətə çatdırıb ki, biz həmin vaxt Özbəkistan dövləti ilə yanaşı sıravi özbəklərin də Azərbaycanın haqq işinə mənəvi dəstəyini açıq hiss edirdik: "Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyevin Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Daşkənddə Heydər Əliyev Meydanının açılışı zamanı etdiyi çıxışında İkinci Qarabağ müharibəsində qazandığımız Qələbə münasibətilə Azərbaycan xalqını qardaş özbək xalqı adından və öz adından bir daha səmimi-qəlbdən təbrik edərək, "Bütün bu illər ərzində Özbəkistan beynəlxalq hüquq əsasında Azərbaycanın ərazi bütövlüyü mövqeyində möhkəm dayanıb", deməsi həqiqətən də çox qürurvericidir. Məsələyə "Dost da, düşmən də dar gündə bilinər" prizmasından baxdıqda özbəklərin bu cür prinsipial mövqeyini təqdirəlayiq, müsbət hal kimi qiymətləndirməliyik".
MHP sədri hesab edir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfərinin ümummilli lider Heydər Əliyevin Özbəkistana 25 il əvvəlki səfərinin tarixi ilə üst-üstə düşməsi də heç də təsadüfi hadisə deyil: "Bu səfərlər arasında məntiqi bağlılıq var. Bu o deməkdir ki, bizim dostluq və müttəfiqlik münasibətlərimiz, soy birliyimiz əbədidir, davamlıdır və əlaqələrimiz də daima yüksələn xətt üzrə inkişaf edir. Özbəkistan Mərkəzi Asiyanın "açar ölkə"si, geosiyasi və geoiqtisadi proseslərdə həlledici həlqəsi hesab olunur. Bu baxımdan, Özbəkistan-Azərbaycan əlaqələrinin yüksək strateji münasibətlər səviyyəsinə çatdırılması bütün Türk dünyasının gələcək taleyində olduqca mühüm rol oynaya bilər. Təsadüfi deyil ki, bu səfər zamanı tərəflər arasında 20-yə yaxın sənədin imzalanması da onu göstərir ki, birgə səylər sayəsində Özbəkistan ilə Azərbaycanın münasibətləri artıq yüksək strateji tərəfdaşlıq səviyyəsinə çatıb və konkret məzmun kəsb etməkdədir. İndi iki dost və qardaş ölkə - Özbəkistan və Azərbaycan arasında münasibətlərin yeni mərhələsi başlayır".
Füzuli