Vüsar İsmayılov: “Azərbaycan və Türkiyə gələcək hədəflərə doğru qətiyyətlə addımlayır”
18 İyun 2022 13:14 Siyasət"Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də mədəniyyət paytaxtımız Şuşa şəhərində imzalanan bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Azərbaycanla qardaş Türkiyə arasındakı qardaşlıq və dostluq münasibətləri bütün dünya üçün əsl nümunədir. Dünyada elə ölkələr yoxdur ki, onlar Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olsun. Bizim münasibətlərimizin sarsılmaz əsasları var və tarixin bütün dövrlərində istər sevincli, istərsə də kədərli günlərdə ölkələrimiz bir-birinə daim dəstək olub. Bu gün isə hər iki ölkə liderinin səyləri və uzaqgörən siyasəti nəticəsində münasibətlərimiz daha da yaxınlaşaraq, yeni mərhələyə qədəm qoyub. Ulu öndərimiz Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarı ilə yüksələn xətlə inkişaf edən və milli maraqlarımıza xidmət edən dövlətlərimizin hazırkı münasibətləri uca millətimizi vahid ideyalar ətrafında birləşdirir".
Bu sözləri "OLAYLAR"-a açıqlamasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib. Rayon təşkilatının sədrinin sözlərinə görə Şuşa bəyannaməsinin imzalanması bu
mənada dövlətlərimiz arasındakı münasibətlərin ən mühüm mərhələsini və onun uğurlu nəticəsini özündə ehtiva edir. Şuşa bəyannaməsi bütün sahələrdə sağlam təməllər üzərində qurulan və dövlətlərimizin inkişafına, təhlükəsizliyinə hesablanmış müttəffiqlik əlaqələrini nəzərdə tutur. Şuşa Bəyannaməsi ölkələrimizin siyasi, diplomatik, iqtisadi, beynəlxalq sahələrdə müttəffiqliyini özündə əsk etdirir. Məhz bu sahələr üzrə həyata keçiriləcək birgə layihələr sürətli inkişafın əldə edilməsi ilə yanaşı, dövlətlərimizin beynəlxalq arenada nüfuzunun daha da artmasına, mövqeyinin möhkəmlənməsinə gətirib çıxaracaq: "Bütün sahələrdə hədəflərə yönəlmiş diplomatik əlaqalərimiz, qarşılıqlı münasibətlərimiz haqq mövqeyimizin dünyaya çatdırılması, dünya birliyinin diqqətinin və dəstəyinin cəlb edilməsinə mühüm töhfə olacaq. Xüsusilə, bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq dövlətlərimizin xə xalqlarımızın təhüləkəsizliyinə istiqamətlənmiş ən mühüm və əvəzsiz məsələdir. İndiki dünyada geosiyasi vəziyyətin gərginləşdiyi bir vaxtda dövlətlərimizin və xalqlarımızın təhlükəsizliyinin, sabitliyinin ən yüksək səviyyədə təmin olunması ən vacib və prioritet məqsəddir. Bu baxımdan, AzərbaycanlaTürkiyə arasında bu sahədəki əməkdaşlıq və səylərin birləşdirilməsi olduqca əhəmiyyətlidir və məqsədəuyğundur".
Vüsar İsmayılovun qeyd etdiyi kimi, bəyannamənin strateji əhəmiyyətini artıran məhz hərbi əməkdaşlıq hissəsidir. Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin bəyannamədə əks olunması tarixi nailiyyətdir. Bəyannamədə, eyni zamanda müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı və birgə layihələrin icrasının vurğulanması ölkələrimizin hərbi qüdrətini daha da artıracaq: "İnanırıq ki, birgə səylərimiz və təşəbbüslərimiz nəticəsində ərsəyə gələcək istehsal mərkəzləri dünyanın müdafiə sənayesinə mühüm töhfələr verəcək. Bu töhfələrin artıq bir neçəsini dünyada görməkdəyik. Türkiyə tərəfindən istehsal olunan pilotsuz uçuş aparatlarının gücü və potensialı bütün dünya tərəfindən təqdir edilməkdədir. Azərbaycanın və Türkiyənin bu baxımdan kifayət qədər potensialı və peşəkar kadrları var. Dövlətlərimizin bütün sahələrdə olduğu kimi, hərbi, müdafiə sənayesi, təhlükəsizlik sahələrində də hədəflərini birləşdirib ki, bu da siyasi tariximizdə çox əhəmiyyətlidir".
Vüsar İsmayılov bildirdi ki, Vətən müharibəsində qardaş Türkiyənin siyasi və
diplomatik dəstəyi zəfərimizin əldə olunmasında mühüm rol oynadı. Türkiyə Azərbaycanın tarixi torpaqlarının işğaldan azad edilməsi üçün başladığı haqq savaşında mövqeyinin dünyaya çatdırılmasında və müdafiə olunmasında qətiyyətli cəsarət nümayiş etdirdi. Türkiyənin dünyada ikili standartların hökm sürdüyü bir vaxtda dövlətimiz və xalqımız üçün apardığı mücadilə özü tariximizin ən parlaq səhifələrindən biridir. Zəfər tariximiz və iki qardaş ölkənin bir-birinə dəstəyi tarixən formalaşmış, babalarımızdan bizlərə miras qalan sarsılmaz münasibətlərin ən gözəl və əzəmətli davamıdır. Xüsusilə vurğulamaq lazımdır ki, işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulması prosesində Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur. Qardaş Türkiyə dövləti və şirkətləri də Vətənimizin dirçəldilməsi, inkişafı və yenidən qurulması prosesində bizimlə birgə addımlayır. Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizinin reallığa çevriləcəyi təqdirdə isə ortaq iqtisadi layihələrimiz uğurla icra ediləcək, çox önəmli regional layihələr həyata keçiriləcək: "Bir sözlə, Şuşa bəyannaməsi dövlətlərimizin və xalqlarımızın birliyini, həmrəyliyini, bu həmrəyliyin bundan sonra da uğurla və gələcək hədəflərə doğru qətiyyətlə davametdiriləcəyinə əminliyi ifadə edir".