Bakıda "Anadoludan Qarabağa Türkiyə-Azərbaycan Media Forumu"
17 İyun 2022 12:59 SiyasətBu gün Bakıda "Anadoludan Qarabağa Türkiyə-Azərbaycan Media Forumu" keçirilib.
Olaylar.az xəbər verir ki, tədbirdə hər iki ölkənin nüfuzlu nümayəndələri iştirak edib.
Tədbir Vətən müharibəsində canından keçən şəhidlərin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra hər iki ölkənin himnləri səsləndirilib.
Açılış çıxışını forumun ev sahiblərindən "Yeni Çağ" media qrupunun rəhbəri Aqil Ələsgər edib:
"Biz bu gün ulu öndər Heydər Əliyevin "bir millət, iki dövlət" fəlsəfəsinin gerçəkləşdiyini görürük. Azərbaycan və Türkiyə arasında qardaşlıqdan ən yüksək səviyyədə strateji müttəfiqliyə bir keçid var. Təbii ki, burda 44 günlük müharibəmizdə və zəfərimizdə cənab prezidentlərimiz İlham Əliyev ilə Rəcəb Tayyib Ərdoğanın birlikdə fəaliyyətinin və Türkiyənin Azərbaycanın haqlı davasına verdiyi siyasi mənəvi dəstəyin rolu böyükdür. Bu əməkdaşlıq, strateji iş birliyi QHT və media sahəsində də görünməkdədir. Biz burada da Türkiyənin İlətişim Başkanlığına, xüsusilə də sayın Fəxrəddin Altuna və Azərbaycan prezidentinin köməkçisi cənab Hikmət Hacıyevə dərin təşəkkürümüzü bildiririk ki, artıq media sahəsində də, sivil toplum örgütləri sahəsində də çox ciddi bir platform, ciddi bir iş birliyi imkanları yaranıb. İnanırıq ki, bu gün bu konfrans da - Media Forum da bu iş birliyində yeni arayışlara yol açacaqdır".
Daha sonra söz forumun təşkilatçısı, Anadolu Yayınçılar Dərnəyinin başqanı Sinan Burhana verilib:
"Bu gün burda çox önəmli bir toplantı gerçəkləşdiririk. Əslində bu toplantının önəmi Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın köklərinin dərində olmasından qaynaqlanır. Biz bu günə qədər Azərbaycan dediyimiz zaman qəlbimiz hər zaman yanlarında yer aldı. Xocalı qətliamının acısını birlikdə yaşadığımız kimi, Qarabağ zəfərinin sevincini də birlikdə yaşadıq. Təbii ki, türk milləti olaraq bu günə qədər "bir millət, iki dövlət" anlayışı çərçivəsində hərəkət etdik. Azərbaycanın tarixi mədəniyyəti bizim tarixi mədəniyyətimizdir. Mənə görə bu toplantının ən önəmli nəticəsi budur: Qarabağ zəfəri əsnasında bir informasiya müharibəsi yaşandı. Əlbəttə, cəbhədə müharibə davam edirdi, şəhidlərimiz var idi. Lakin bizim üzərimizə düşən ən böyük vəzifə informasiya müharibəsində güclü olmaqdır. Azərbaycan Diplomatiyası İnformasiya Nazirliyi özəlliklə bu savaşlar əsnasında Azərbaycanın haqlı davasını çox ciddi şəkildə nümayiş etdirə bildilər. İstər Azərbaycandakı medianın, istər Türkiyədəki medianın informativ cəhətdən güclü olması bizə çox önəmli nəticələr doğurdu.
Əlbəttə Türkiyə xalqı Azərbaycan xalqının yanında, Azərbaycan da Türkiyənin yanındadır. Amma biz sevgi və sayğı xaricində bilgi düzəninin yüksəldilməsi istiqamətində layihələr həyata keçirməliyik.
Anadolu Yayınçılar Dərnəyi olaraq biz bu məqsədə xidmət etməkdən qürur duyuruq. Bu toplantıya da bu minvalla toplandıq. Öncədən də bu tədbirlər keçirilirdi. İndi nə xoş ki, zəfərdən sonra da keçirildi. Şuşaya da gedəcəyik. Hər daim "Qarabağ Azərbaycandır" deyilirdi. Biz də bu çıxışı işğaldan azad olunan torpaqlarda etmək istəyirik".
Sinan bəyin çıxışının ardınca söz forumun ev sahiblərindən Azərbaycan-Türk elminin sədri, türk millətçilərinin mənəvi anası Tənzilə Rüstəmxanlıya verilib:
"Bu cür bilimsəl toplantıların, konfransların keçirilməsi, Qarabağın, Xocalının anladılması çox yaxşıdır. Mən dəfələrlə şahid olmuşam, Türkiyənin bəzi bölgələrində hətta Qarabağın Azərbaycan torpağı olduğunu bilməyənlər var. Amma xalqın ürəyində bir Azərbaycan sevgisi var idi. Mən bir fikrə könül bağlamış və ona çox inanmışdım ki, Qarabağın işğaldan azad olunması Türkiyə ilə Azərbaycanın birlikdə hərəkətindən və birlikdəliyindən keçir. Zaman bunu bizə göstərdi. Ən önəmli olan o idi ki, Azərbaycanla Türkiyənin siyasi iradəsi bu qədər birlikdə heç bir zaman olmamışdı və bunun üçün Türkiyə Cümhuriyyətinin prezidenti cənab Rəcəb Tayyib Ərdoğan və Azərbaycanın Ali Baş Komandanı, Prezidentimiz və Qarabağ zəfərinin memarı cənab İlham Əliyevin də bu qədər çiyin çiyinə, ürək ürəyə birlikdə hərəkət etməsi oldu.
Mən bunu hər zaman demişəm, indi də təkrar edirəm ki, gördüyünüz dövlətlər arasında ikinci bir dövlət yoxdur ki, Azərbaycan üçün bütün məqamları ilə dövlətin Qarabağ savaşında desin ki, hər şeyimizlə Azərbaycanın yanındayıq. Türkiyə Azərbaycandan heç vaz keçmədi və Azərbaycanın haqlı davasında onu tək buraxmadı.
Azərbaycan illərdir işğal altında olan torpaqlarını işğaldan azad etdi. Mən inanıram ki, bundan sonra itirdiyimiz bir çox torpaqları da ağlımız və birlikdəliyimiz ilə geri qaytaracağıq.
Konfransımız sabah Şuşada keçiriləcək. Azərbaycanın Qarabağ zəfərinə inanan və bunun üçün əlini daşın altına qoyan hər kəsə təşəkkür edirəm".
Daha sonra Türkiyənin Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcı, Medianın İnkişafı Agentliyinin (MEDIA) şöbə müdiri, tarixçi, yazıçı-publisist Natiq Məmmədli çıxış edib.
Tədbirin ikinci hissəsi türkiyəli jurnalist Həsən Öztürkün moderatorluğu ilə, millət vəkili Sabir Rüstəmxanlı, türk jurnalist Güngör Yavuzaslan, Əkrəm Qızıldaş, Osman Avcı və Real TV-nin baş direktoru, jurnalist Mir Şahinin müzakirəsi ilə davam edib. Onların hər biri öz növbəsində çıxış edərək Azərbaycan-Türkiyə münasibətlərindən və media sahəsindəki uğurlardan bəhs ediblər.
RÖYALƏ XƏYAL