IX Qlobal Bakı Forumu çərçivəsində üçüncü panel iclası keçirilib - FOTO
16 İyun 2022 18:31 Siyasətİyunun 16-da IX Qlobal Bakı Forumu çərçivəsində "Enerji təhlükəsizliyinə bugünkü təhdidlər: onların təbiəti, əhatə dairəsi" mövzusunda növbəti, üçüncü panel iclası keçirilib.
Olaylar.az bildirir ki, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekutanın moderatorluğu ilə keçirilən iclasda yaxın perspektivdə Rusiya nefti və təbii qazının alışını azaltmaq planlarının reallıq dərəcəsi, neft təbii qaz hasil edən ölkələrin atdığı addımlar, qlobal karbon emissiyalarını azaltmaq üçün lazım olan bərpaolunan hidrogen mənbələrinə və digər texnologiyalara keçidin təsirləri mövzusunda müzakirələr keçirilib.
Paneldə çıxışı zamanı Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliev qeyd edib ki, hər bir sahədə Azərbaycan çox sadiq tərəfdaşdır.
Azərbaycan energetika nazirinin müavini Elnur Soltanov bildirib ki, Azərbaycanın qaz ixracının həcmini artırmaq potensialı var. "Yaşıl enerji" potensialı da çox perspektivlidir və biz bu istiqamətdə xarici tərəfdaşlarla uğurla işləyirik.
Panel müzakirələrlə davam edib.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq mərkəzə çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır.
Bu dəfə "Qlobal dünya nizamına təhdidlər" mövzusuna həsr olunan Qlobal Bakı Forumunda 50-dən çox ölkənin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. İyunun 18-dək davam edəcək Forumda qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan tədidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılacaq.












