Qlobal Bakı Forumu- Siyasi gündəmi Azərbaycan müəyyənləşdirir

Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Qlobal dünya nizamına təhdidlər" mövzusunda Qlobal Bakı Forumu başlayıb.

Qeyd edək ki, tədbirdə dünyanın 50-dən çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak edir.

IX Qlobal Bakı Forumunda onlayn forum iştirakçıları ilə yanaşı, 300-ə yaxın şəxs əyani şəkildə iştirak edib. Panellər formasında təşkil olunan tədbir çərçivəsində bir sıra vacib əhəmiyyət kəsb edən məsələlərlə bağlı müzakirələr aparılır.

"Qlobal Bakı Forumları mühüm regional və beynəlxalq sülh, sabitlik, təhlükəsizlik, əməkdaşlıq məsələlərinin müzakirə olunduğu çox vacib və əhəmiyyətli bir beynəlxalq platformaya çevrilib. Biz artıq fasiləsiz şəkildə IX belə forumun keçirildiyinin şahidi oluruq və bunların hamısının da təşkilatçılığını Azərbaycan öz üzərinə götürüb".

Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Aydın Quliyev bildirib.

"Qlobal Bakı Forumlarında müzakirə olunan regional və beynəlxalq təhlükəsizlik məsələləri ilə bağlı çox əhəmiyyətli və gələcəyə hesablanmış fikirlər səsləndirilir. Bu gün də dünyanın 50-dən çox ölkəsinin nümayəndələrinin bu forumda iştirakı onun mötəbərliyinin, azalmayan, aşağı düşməyən və getdikcə yüksələn bir tempə malik olduğunu sübut edir. Çünki biz görürük ki, ilbəil Qlobal Bakı Forumlarına beynəlxalq maraq da artır. Burada müzakirə olunan məsələlərin ətrafında konfransdan sonra dünya mediası vasitəsilə müraciətlər və davamlı müzakirələrin şahidi oluruq. Bu isə o deməkdir ki, Qlobal Bakı Forumunda dünyanın tanınmış siyasət, dövlət adamlarının sülh və təhlükəsizliklə bağlı səsləndirdikləri ideyalar, fikirlər maddi təsir qüvvəsi kəsb etməyə başlayır və dünyadakı proseslərə öz təsirini göstərir.

Bu forumların gücünü və əhəmiyyətini artıran amillərdən biri bu foruma Azərbaycanın təşkilatçılıq və ev sahibliyi etməsidir. Əlbəttə, hər hansı bir ölkə belə forumlara ev sahibliyi və təşkilatçılıq edə bilər. Amma Azərbaycanın təşkilatçılığında özəllik ondan ibarətdir ki, bizim ölkəmiz həm regionda, həm də Avrasiya bölgəsində enerji təhlükəsizliyi, sabitlik və əməkdaşlıq sxemlərinin təklif olunması, tətbiqi və təşkil edilməsi üzrə demək olar ki, təşəbbüskar və lider ölkələr sırasındadır.

Həqiqətən Avrasiya məkanında enerji əməkdaşlığı, investisiyalar, ticarət və qarşılıqlı yardımlaşma ilə bağlı gedən proseslərdə Azərbaycan çox önəmli rola malikdir və Azərbaycanın malik olduğu zəngin iqtisadi potensial və infrastruktur obyektlər şəbəkəsi bizim ölkəmizin rolunu daha da artırır. Yəni, bu forumların təşkilatçısı və ev sahibi qismində Azərbaycanın olmasının özü artıq dünya üçün əhəmiyyətli bir faktdır. Çünki dünya bu foruma qədər yaxşı bilir ki, Azərbaycan beynəlxalq və regional təhlükəsizlik və sülh problemlərinin həllində öz gücü, potensialı ilə iştirak edir və bir sıra başqa ölkələrdən, məsələn, açıq deyək ki, Ermənistan kimi dalan ölkələrdən fərqli olaraq sülh və təhlükəsizlik məsələsində dünyanın boynunda artıq yük deyil, əksinə, dünyada sülh və təhlükəsizlik naminə öz çiyninə yük götürərək bunu ləyaqətlə aparır. Bax bu amil, yəni, Azərbaycanın sülh regional və qlobal sülhə və təhlükəsizliyə real töhfə vermək qabiliyyəti və potensialları Bakı Qlobal Forumunun əhəmiyyətini artıran amillərdən biridir. Əlbəttə, bu forumda Azərbaycanın özünün son iki ildə, yəni Vətən müharibəsindən bu yana əldə etdiyi sülhə və təhlükəsizliyə xidmət edən naliyyətlərinin dünyaya çatdırılması üçün əhəmiyyətli bir platforma rolunu oynayır. Gələn qonaqlar bir daha şahid olurlar ki, Azərbaycan bölgədə böyük bir təcavüz və müharibə ocağını söndürməklə əslində bəşəri sülhə böyük töhfə vermiş oldu.

Qlobal Bakı Forumunda Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlər, xüsusilə də Vətən müharibəsindən sonrakı dövrdə gündəmin ən vacib məsələsi olan sərhədlərin müəyyənləşməsi və sülh sazişinin imzalanmasını qaçılmaz bir tələb kimi irəli sürməsi olduqca əhəmiyyətlidir. Çünki dünya və iştirak edən qonaqlar bir daha əmin olurlar ki, Vətən müharibəsindən sonra həm siyasi gündəmi Azərbaycan müəyyənləşdirir, həm də Azərbaycanın müəyyənləşdirdiyi siyasi gündəm həqiqətən bölgənin və bütün Avrasiyanın inkişafına və təhlükəsizlik tələblərinə cavab verir.

Azərbaycan çox haqlı mövqedə dayanır ki, Zəngəzur dəhlizi bölgədə sülhün, təhlükəsizliyin və Vətən müharibəsindən sonrakı dövrdə sülh yaratmaq prosesinin sütunudur. Əgər Zəngəzur dəhlizi olmayacaqsa, deməli müharibədən sonra bölgədə yaranmış  yeni reallıqların böyük bir hissəsi yalnız olsa -olsa potensial imkanlar kimi qalacaq. Amma müharibədən sonra yaranmış olan yeni reallıqların həqiqətən işlək və nəticə verən təsəvvürlərə çevrilməsi üçün mütləq şəkildə Zəngəzur dəhlizi açılmalıdır və işləməlidir. Eyni zamanda, Forumda  Ermənistanın bölgədə sülh və təhlükəsizliyin təmin olunmasında hələ də ardıcıl mövqe tutmadığını bir daha görürlər. Çünki əgər 10 noyabr sənədinin imzalanmasından artıq 2 ilə yaxın bir vaxt keçirsə və bu müddətdə Ermənistan bölgənin təhlükəsizliyinin və sülhünün sütunu olan Zəngəzur dəhlizinin açılması ilə bağlı ziyanlı ritorikalar mövqeyindən əl çəkməyibsə, demək Azərbaycanın mövqeyi doğurdan da dünya miqyasında mübahisəsiz şəkildə qəbul olunur və dünya bütün regional siyasətini Azərbaycanın təklif etdiyi gündəm üzərində qurmaqda maraqlıdır.

Bir sözlə, Qlobal Bakı Forumu həm bölgəmiz üçün sülhün və təhlükəsizliyin ən real sxemlərini göstərmək baxımından əhəmiyyətlidir, həm də Azərbaycanın əldə etdiyi reallıqların dünyanın təhlükəsizlik tələbləri ilə tam şəkildə uzlaşdığının nümayişi baxımından əhəmiyyətlidir".

"Bakı Qlobal Forumu planetar əhəmiyyətə malikdir və burada irəli sürülən fikirlər, mülahizələr mütləq şəkildə tətbiq olunmalıdır".

Politoloq İlyas Hüseynovun sözlərinə görə bu forumun tarixi və əhəmiyyəti çox genişdir:

"Bildiyiniz kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə  "Qlobal dünya nizamına təhdidlər" mövzusunda Qlobal Bakı Forumu keçirilir. IX Qlobal Bakı Forumunda bir sıra beynəlxalq münasibətlərə dair məsələlər müzakirə olunur.

Bu forumun tarixi  əhəmiyyəti çox genişdir. Ona görə də məhz Rusiya-Ukrayna müharibəsi fonunda dünyada beynəlxalq hüququn fundamental norma və prinsiplərinin qorunması, dünyada aclıq, yoxsulluq problemləri, ərzaq təhlükəsizliyi, insan hüquqları, demokratiya, qloballaşma, artan bərabərsizlik, XXI əsrdə yeni çağırışlar, qlobal sağlamlığın təşviqi, Cənubi Qafqazda barış, əməkdaşlıq və inteqrasiya, qlobal təhlükəsizlik quruculuğunun yenidən nəzərdən keçirilməsi, sülh perspektivləri və digər mühüm fundamental məsələlər əsas diqqət mərkəzində olacaqdır. Nəzərə almaq lazımdır ki, tədbirdə dünyanın 50-dən çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri iştirak edirlər.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi mühüm işlərə imza atır. Vətən müharibəsində də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bir müraciəti ünvanlanmışdır və bu müraciətdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv olan şəxslərin Ermənistanın Azərbaycan torpaqlarını işğalına son qoyması ilə bağlı mühüm tezislər yer alırdı və post-müharibə reallıqları kontekstində də bu mərkəzin fundamental əsasları özündə ehtiva edən yanaşmaları müşahidə edilməkdədir.

Bakı Qlobal Forumunun mühüm əhəmiyyəti vardır. Bu forumda hər zaman beynəlxalq münasibətlərə dair çox geniş məsələlər müzakirə olunur və bu forumda iştirakçıların nüfuzuna, onların dərin biliklərinə hər zaman şahid oluruq və bu forumun daha sonrakı dövrdə də mühüm siyasi nəticələri hiss olunur.

Forumun qlobal xarakterini nəzərə alaraq qeyd etmək lazımdır ki, siyasi diplomatik bir ağırlığı mütləq şəkildə mövcuddur.

Digər mühüm məsələ forum iştirakçılarının Şuşaya səfər ilə bağlıdır. Biz müşahidə edirik ki, son dövrlər Şuşanın siyasi diplomatik mərkəzə çevrilməsi müşahidə olunur. Mədəniyyət paytaxtımız artıq beynəlxalq münasibətlərə dair diskusiya məkanına çevrilir. Bir müddət öncə nüfuzlu beyin mərkəzlərinin nümayəndələri də Şuşaya səfər etmişdi və burada çox önəmli müzakirələr keçirildi.

Eyni zamanda, Bakı Qlobal Forumunda irəli sürülən məsələlər bu gün bütün dünyanı narahat edən bir məsələlərdir və bu məsələlərin həlli, onların çıxış yollarının axtarılması təklif və tövsiyələrin irəli sürülməsi də gözlənilir. Düşünürəm ki, məhz önəmli düşüncə sahibləri, böyük təcrübəyə malik olan şəxslər, önəmli postları tutan şəxslərin bu forumda bəşəriyyəti xilas etmək, dini dünya düzənində inkişaf yollarını axtarmaq və xalqların rifahını düşünməyə dair fikirləri diqqətlə qəbul olunacaq və sonrakı proseslərdə tətbiq olunacaq. Çünki hər zaman dövlət idarəçiliyində mühüm vəzifə tutmuş və böyük təcrübəyə malik olan şəxslərin fikirlərinə ehtiyac duyulur. Çağdaş dövrümüzdə müasir trendlərlə yanaşı həm də böyük təcrübəyə malik nüfuzlu şəxslərin düşüncələrinə ehtiyac vardır və bu hər zaman belə olacaqdır. Çünki mühüm düşüncə sahibi, mühüm işlərə imza atmış şəxslər planetin gələcəyi ilə bağlı da önəmli tövsiyələr verə bilərlər və bu tövsiyələr əsasında mühüm konsepsiyalar hazırlana və icra oluna bilər. Ona görə də Bakı Qlobal Forumu planetar əhəmiyyətə malikdir və burada irəli sürülən fikirlər, mülahizələr mütləq şəkildə tətbiq olunmalıdır".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31