Əsədi şoka salan hədə - “Sarayını bombardman edərik”
16 İyun 2022 13:19 Siyasətİsrailin Suriyadakı rejimin başçısı Bəşər Əsədi İranla hərbi əməkdaşlığı dayandırmayacağı və ya azaltmayacağı təqdirdə sarayını bombalayacağı ilə hədələdiyi iddia edilib.
Bu barədə İngiltərədə ərəb dilində fəaliyyət göstərən "Elaph" saytı məlumat yayıb.
İsraildəki rəsmi mənbəyə istinad edən sayt bildirib ki, Təl-Əviv ölkəsindəki əməliyyatlarını ört-basdır edən və Tehrandan müasir silahlar tədarük edən Əsədə xəbərdarlıq mesajı göndərib. Mesajda İsrail hərbçilərinin Suriyaya növbəti hücumunda Əsədin sarayının hədəfə alınacağı bildirilib.
"Yerusəlim Post" xəbəri təsdiqləmək üçün İsrail Silahlı Qüvvələrindən açıqlama almaq istədə də, məsələ ilə bağlı şərh verməkdən imtina olunub.
İsrailin son vaxtlar Suriyaya hücumlarının artdığı iddia edilir. Məlumata görə, ötən həftənin sonu İsrail qüvvələri Dəməşq Beynəlxalq Hava Limanına zərbələr endirib və yeganə aktiv uçuş-enmə zolağı ciddi zədələnib. Bu səbəbdən hava limanında uçuşların tamamilə dayandırıldığı bildirilib.
İsrail mediasının məlumatına görə, hücumda Tehrandan Dəməşqə daşınan İran silahları hədəfə alınıb. Hava limanının İran üçün silah daşıma bazasına çevrildiyini iddia edən İsrail mediası son hücumun Təl-Əvivin Əsədə açıq xəbərdarlığı olduğunu yazıb.
İyunun 15-də Rusiya Xarici İşlər Nazirliyi İsrail səfiri Aleksandr Ben Çvini danışıq üçün çağırıb və Dəməşqə hücumla bağlı açıqlama tələb edib.
Teleqraf.com