Lavrovun Bakı səfərinin pərdəarxası məqamları..

İkinci Qarabağ müharibəsi və əldə etdiyimiz tarixi Zəfərdən sonra Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində göstərilən beynəlxalq səylər təəssüflər olsun ki, hələlik öz müsbət nəticəsini göstərmir. Düzdür, danışıqlar davam edir və əldə edilən ümumi razılıqlar var. Lakin nə Avropanın, nə də şimal qonşumuz olan Rusiyanın vasitəçiliyi Bakı ilə İrəvan arasında sülhün əldə edilməsi üçün kifayət etmir. Səbəb isə aydınıdır. Ermənistan rəhbərliyinin qeyri-konstruktiv mövqeyi və prosesə maneçilik yaratmaq üçün vaxt uzatmaqla məşğul olması.

Prosesin uzanması isə heç şübhəsiz ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması vasitəçiliyini üzərinə götürən beynəlxalq güclərin, əsas etibarilə də Rusiya Federasiyasının qlobal anlamdakı nüfuzunu, çəkisini azaldır.  Çünki 44 günlük Vətən müharibəsinin başa çatması və tərəflər arasında 10 noybar bəyannaməsinin imzalanması təşəbbüsü də məhz Kremldən gəlmişdi. Açıq etiraf etmək lazımdır ki, Rusiyanın həmin ərəfədə atmış olduğu bu addım beynəlxalq arenada Moskvanın siyasi çəkisinin, nüfuzunun artmasına gətirib çıxarmışdı. Lakin sonradan prosesin davamlı xarakter almaması və bu günə qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmaması Moskvanın qlobal çəkisini əsaslı dərəcədə aşağı saldı. Bir tərəfdən Ukraynada üzləşdiyi uğursuzluq, digər tərəfdən Bakı ilə İrəvan arasındakı vasitəçiliyin indiki haldakı nəticəsizliyi Kremli yenidən hərəkətə gətirib. Bir neçə gün əvvəl Rusiyanın xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrovun Ermənistana səfər etməsi və orada sözügedən sülh müqaviləsi ilə bağlı aparılan danışıqlar, yaxın günlərdə isə Bakıya gözlənilən səfər belə bir qənaət formalaşdırır. Hər halda Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatdan aydın olur ki, Sergey Lavrov iyunun 23-24-də Azərbaycana səfər edəcək. Bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova brifinqdə bildirib. Onun sözlərinə görə, S.Lavrov Bakıya səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov hesab edir ki, Sergey Lavrovun Ermənistana səfərindən sonra onun Bakıya da gələcəyi gözlənilən idi: "Əvvəllər də dediyimiz kimi, Rusiyanın Cənubi Qafqazda fəallaşmasının iki əsas səbəbi var. Birincisi, Kreml Ukrayna ilə müharibəyə başının qarışdığına görə Aİ- nin Bakı ilə İrəvan arasında vasitəçilik təşəbbüslərinin artdığını və üçtərəfli görüşlərin effektli olduğunu görür. Əlbəttə, bu, Moskvanı narahat edir. Çünki şimal qonşumuz regiona nəzarəti itirmək istəmir. Bu mənada Rusiya regionda "müəyyən daşların yerinə oturmasına" razıdır. Bir şərtlə ki, bu, onun öz vasitəçiliyi ilə olsun və istədiyi vaxt yenidən prosesləri tormuzlada bilsin.  İkinci bir tərəfdən, Rusiya savaşla bağlı Azərbaycan və Ermənistandan konkret mövqe öyrənmək istəyir. Bakı hələlik ideal siyasəti yeridərək, Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bildirir. Bunun əksinin olması mümkün də deyil. Çünki Azərbaycan özü də otuz il işğaldan əziyyət çəkib".

Onun sözlərinə görə, Rusiya mövqeyimizin dəyişməyi üçün Azərbaycana müəyyən təzyiqlər etməyə çalışa bilər: "Hərçənd bunun mənasız olacağını və əks effekt verə biləcəyini Kreml yaxşı bilir. Odur ki, Rusiyanın Cənubi Qafqaz məsələsində Azərbaycanın maraqlarına uyğun müəyyən addımlar atması da mümkündür. Əlbəttə, bu da yenə Bakının mövqeyinin Moskvanın xeyrinə dəyişəcəyi ümidi ilə ola bilər. Çox güman ki, Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla birlikdə keçirəcəyi mətbuat konfransında Ermənistanla əlaqələrin normallaşmasını dəstəklədiyini bildirəcək. XİN başçısı, yəqin, Rusiyanın bunun üçün köməklik etməyə hazır olduğunu deyəcək. Hətta istisna deyil ki, Rusiyanın baş diplomatı əlaqələrin normallaşması istiqamətində Türkiyənin rolunu da müsbət qiymətləndirsin. Amma, əlbəttə, səslənəcək bəyanatlar səmimi olmayacaq. Həmin açıqlamaların hər birinin arxasında Rusiyanın regionla bağlı öz geosiyasi maraqları dayanacaq.  Lavrovun Bakıya səfərinin ciddi nəticə verə biləcəyi inandırıcı deyil. Sadəcə olaraq dediyimiz kimi, Rusiya öz fəallığını göstərmək və regionla bağlı itirdiyi vasitəçilik təşəbbüsünü bərpa etmək istəyir".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31