Qlobal Bakı Forumu Azərbaycanın dünyadakı nüfuzunu daha da artırır

Azərbaycanda Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Qlobal dünya nizamına təhdidlər" mövzusunda Qlobal Bakı Forumu başlayıb. Sayca 9-cu olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlər müzakirə  edilib. Tədbirdə dünyanın 50-dən çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirak edib. IX Qlobal Bakı Forumunda onlayn forum iştirakçıları ilə yanaşı, 300-ə yaxın şəxs əyani şəkildə iştirak edib. Panellər formasında təşkil olunacaq tədbir çərçivəsində bir sıra vacib əhəmiyyət kəsb edən məsələlərlə bağlı müzakirələr aparılacaq. Qeyd edək ki, Qlobal Bakı Forumu həqiqətən də bu gün qlobal siyasətə aid təxirəsalınmaz və vacib məsələlərin müzakirəsi baxımından olduqca aparıcı platformalardan biri hesab olunur. Ölkəmizdə belə bir tədbirin keçirilmsi bir daha göstərir ki, artıq  Azərbaycan qlobal problemlərin müzakirə olunduğu, həlli yollarının axtarıldığı məkana çevrilib. Təkcə bu baxımdan forumun hansı əhəmiyyətə malik olmasına aydınlıq gəlmiş olur. Nəzərə almaq lazımdır ki, forumda dünya miqyaslı ictimai-siyasi xadimlərin  iştirakı və çıxışı nəzərdə tutulur ki, bu da tədbirin əhəmiyyətini bir daha artırmış olur. Sadalanan faktlar deməyə əsas verir ki, bu gün dünya siyasətində Azərbaycanın özünəməxsus yeri var. Qarabağ zəfəri  Azərbaycanın dünyada yerini və mövqeyini daha da gücləndirib. Bu forum həm də dövlətimizə təşkilatçı kimi göstərilən etimadın təzahürüdür. Azərbaycan Qlobal Bakı Forumuna ev sahibliyi etməklə dünya siyasətindəki əhəmiyyətli rolunu bir daha təsdiq edir.

xxx

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar klubunun sədri Zaur Məmmədov qeyd edib ki, dünya ictimaiyyətinin diqqətində olan və qlobal əhəmiyyətli mövzuların diskussiya mərkəzinə çevrilən "Bakı platforması" Prezident İlham Əliyevin 23 dekabr 2011-ci il tarixli Sərəncamına əsasən 30 sentyabr 2012-ci ildə Gəncə şəhərində keçirilmiş dahi şair Nizami Gəncəvinin 870 illik yubiley tədbirində təsis edilib. Qlobal Bakı Forumu müxtəlif xarici ölkələrin keçmiş dövlət və hökumət başçıları və nüfuzlu beynəlxalq ekspertlərini öz ətrafında birləşdirir: "Prezident İlham Əliyevin səyləri nəticəsində bu illər ərzində davamlı şəkildə beynəlxalq müzakirələr platformasına çevrilən Qlobal Bakı Forumu hər il dünya dövlətləri qarşısında dayanan ən aktual məsələlər ətrafında ayrı-ayrı siyasətçilərin, ekspertlərin fikir mübadiləsi məkanına çevrilib. Öz növbəsində, bu kimi yüksək statusa malik olan tədbirlər həyata keçirən Azərbaycan daha bir arena vasitəsilə bölgədə baş verənlərlə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırır. Bu il 9-cusu keçirilən Qlobal Bakı Forumu isə ölkəmiz üçün xüsusi tarixdə baş tutur. Son ilyarım ərzində   Cənubi Qafqazda yaranan yeni geosiyasi mənzərə, sözsüz ki, bu forumun gündəliyində işıqlandırılmalı idi. Bu dəfə yeni yaranan vəziyyət və ölkəmiz qarşısında dayanan bir sıra çağırışlar, informasiya təbliğatı, Qarabağ və Şuşaya səfərlərbölgədəki reallıqların obyektiv qiymətləndirilməsi Bakı Forumu vasitəsi ilə ölkəmiz tərəfindən dünya ictimaiyyətinə çatdırılacaq". Onun sözlərinə görə, forumun gündəliyinə dünya qarşısında dayanan ən vacib mövzular daxil edilib: "Gündəliyə Qlobal təhlükəsizlik quruculuğunun yenidən nəzərdən keçirilməsi və sülh perspektivləri, hazırkı dövrdə enerji təhlükəsizliyinə təhdidlər, Ukrayna müharibəsi, müqavimət, qaçqınlar və yenidənqurma, Qlobal sağlamlığın təşviqi, Cənubi Qafqazda barış, əməkdaşlıq və inteqrasiya, dəyişən Avropa və Qərbi Balkanların təhlükəsizliyi, Yaxın Şərq və ərəb dünyasında sülh, sabitlik və inkişaf axtarışları, qloballaşma və artan bərabərsizlik,  İnsan hüquqları, demokratiya və XXI əsrdə yeni çağırışlar, ərzaq təhlükəsizliyi, dünyada aclıq və yoxsulluq problemləri kimi vacib mövzular daxil edilib. Xatırladım ki, Forumda 53 ölkədən 400-ə qədər nümayəndənin, o cümlədən dövlət və hökumət başçılarının, sabiq dövlət və hökumət başçılarının, gənc liderlər iştirak edəcəklər. Beləliklə, Prezident İlham Əliyevin daha bir qlobal təşəbbüsü nəticəsində nüfuzlu beynəlxalq platformaya çevrilən Qlobal Bakı Forumu Azərbaycanın dünyadakı nüfuzunu gücləndirməkdə davam edir, ölkəmizin nəinki regional miqyasda, hətta dünya miqyasında sayılıb-seçilən aktor olduğunu nümayiş etdirir".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31