Rahat uyu böyük öndər, ən böyük arzun həyata keçib!

Azərbaycanda bütün sahələrdə olduğu kimi, mətbuat sahəsində də ulu öndər Heydər Əliyevin xidmətləri danılmazdır. Yenicə müstəqilllik əldə edən, bir tərəfdən müharibə, digər tərəfdən isə yoxsulluq şəraitində yaşayan, separatçı qüvvələrin baş qaldırdığı, xarici dairələrin hədəfinə tuş gələn Azərbaycan məhz ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə parçalanmaq və dağılmaz təhlükəsindən xilas oldu. Ölkəmizdə bütün sahələrdə olduğu kimi, mətbuat sahəsində də dərin islahatlara start verildi. Prezident seçildiyi ilk illərdən Azərbaycan mətbuatının tərəqqisinə, KİV-lərin maddi-texniki bazanın möhkəmləndirilməsinə və jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət göstərən Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda söz və mətbuat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinə imkanların yaradılması əsas vəzifə kimi qarşıya qoyuldu.

Azərbaycan dövləti müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasının Konstitusiyasının 50-ci maddəsində "Məlumat azadlığının təsbit olunması", hələ ondan əvvəl, 1993-cü ildə ilk dəfə Parlament tərəfindən "KİV haqqında Qanun"un qəbul edilməsi jurnalistikanın inkişafına güclü təkan verdi. Ulu öndərin yenidən hakimiyyətə qayıdışından sonra cəmiyyətin müxtəlif sferalarında olduğu kimi, bu sahədə də sözün əsl mənasında inqilabi dəyişikliklər baş verdi. 1998-ci ildə ölkə mətbuatı üzərindən senzuranın ləğv olunması yeni dövr jurnalistikasının yaranmasına yol açdı. 

Artıq KİV-lərin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının qəbul olunması ilə ölkə mətbuatının Avropa standartlarına uyğunlaşdırılması prosesi başladı. Yeni qanunda, həmçinin ölkəmizdə fəaliyyət göstərən aparıcı mətbu orqanlarının maddi-texniki imkanlarının gücləndirilməsi məsələsi də öz əksini tapırdı. Ümumilli lider Heydər Əliyevin milli mətbuatımızın inkişafına xidmət edən növbəti addımı isə 1999-cu ildə "Kütləvi İnformasiya Vasitələri haqqında" Qanunu təsdiqləməsi oldu. Bu sənədlə Azərbaycanda yeni mətbuat orqanlarının təsis olunması prosesi xeyli asanlaşdırıldı. 

"2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün Tədbirlər Proqramı" təsdiq olundu. Vətəndaş müraciətlərinə baxılması, informasiyaların mühafizəsi, informasiya azadlığı, radio-televiziya yayımları, İTV və radio haqqında müxtəlif qərar və qanunlar qəbul etməklə KİV-lərin fəaliyyətinin genişləndirilməsi və inkişafı təmin edildi. Ulu öndər Heydər Əliyevin 2000-ci ildə imzaladığı Fərman Azərbaycan milli mətbuatının yubileylərinin ölkə səviyyəsində qeyd edilməsi, mətbuat-dövlət münasibətlərinin möhkəmlənməsində həlledici rol oynadı. Məhz onun milli mətbuatın inkişafına göstərdiyi diqqət və qayğının nəticəsi idi ki, 2002-ci ildə o, "Ruh" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin təsis etdiyi "Jurnalistlərin dostu" mükafatına layiq görüldü.

15 mart 2003-cü ildə Jurnalistlərin I Qurultayında jurnalistlər tərəfindən qeyri-hökumət təşkilatı olan Mətbuat Şurası yaradıldı. Bütün bu addımlar Azərbaycan mətbuatının dünya mətbuatına inteqrasiyasını, jurnalistika sahəsində yeni-yeni nailiyyətlərin əldə edilməsini sürətləndirdi. Artıq əminliklə söyləmək olar ki, KİV-lər ölkədə ən sürətlə inkişaf edən, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə günü-gündən təkmilləşən fəaliyyət sahələrindən biridir. Ölkə mətbuatı müasir informasiya cəmiyyəti quruculuğunda, milli-mənəvi dəyərlərin qorunub saxlanması və təbliğində, o cümlədən tədris və maarifləndirmə sahəsində mühüm rol oynayır.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan mətbuat siyasəti cənab Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla icra edilməkdədir. Jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması məqsədilə mətbuat nümayəndələri üçün yaşayış binalarının istifadəyə verilməsi, əvvəlcə çap nəşrlərinin, ardınca onlayn xəbər portallarının dövlət tərəfindən maliyyələşdirilməsi, jurnalistlərin fərdi  müsabiqələrinin təşkili bu qəbildəndir.

Azərbaycanda mətbuatın inkişafı dövlət siyasətinin vacib istiqamətlərindən biridir. Bütün bu uğurların təməli isə ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə qoyulub. Ölkəmizə rəhbərliyi dövründə onun xarici səfərlərini müşaiyət edən jurnalist qrupunun üzvü olaraq Heydər Əliyevin necə nəcib, təvazökar, fenomenal bir şəxsiyyət olduğunu görmək səadəti mənə də nəsib olub. İmkan olan anda, vaxt tapan kimi jurnalistləri başına toplayan, onlarla həmsöhbət olan, qayğıları ilə maraqlanan, mətbuatın inkişafı ilə bağlı müzakirələr aparan ulu öndərin xatirəsi həmişə qəlbimizdə yaşayacaq!
Rahat uyu öndərim! Ən böyük, müqəddəs arzun həyata keçib. Nəhayət, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və rəşadətli Azərbaycan Ordusunun səyləri nəticəsində tarixi həsrətimizə son qoyulub, doğma torpaqlarımız düşmən tapdağından azad edilib! Ruhun şad olsun!

Mətanət Ağamirli, Əməkdar jurnalist

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31