"15 iyun dövlətçilik tariximizdə ayrıca məzmuna və xüsusiyyətə malik hadisədir"
13 İyun 2022 13:34 Siyasət"15 iyun 1993-cü il hadisələri müstəqil Azərbaycan dövlətinin tarixində xüsusi əhəmiyyətli hadisə kimi dəyərləndirilirməlidir" Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Aydın Quliyev deyib:
"Nəzərə almaq lazımdır ki, 1993-cü il iyunun 15-i artıq ölkədə mərkəzi dövlət hakimiyyəti sistemi strukturları tamamilə dağılmışdı. Ölkənin o zamankı prezidenti yerində yox idi. Ali hakimiyyət qanunvericilik orqanı olan Milli Məclis öz səlahiyyətlərini yerinə yetirə bilmirdi, ölkənin daxilində gedən siyasi prosesləri koordinasiya edə bilmirdi, ölkədə faktiki hərbi böhran var idi. Hələ erməni təcavüzü tam şəkildə dayandırılmamışdı və ermənilər yeni ərazilər işğal etmək üçün fürsətdən istifadə etməyə hazırlaşırdılar. Belə şəraitdə Ali Sovetin sessiyasında Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi və Prezident səlahiyyətlərinin icrasının ona həvalə edilməsi barədə qərar həqiqətən də tarixi əhəmiyyətli hadisə idi. Burda söhbət hətta bir neçə günlüyünə olsa belə Azərbaycanın Ali Hakimiyyət zirvəsində yarana biləcək tam deqradasiyanın və tam boşluğun aradan qaldırılması və onun fitnə-fəsadlarının qarşısının alınmasından gedir. Təsəvvür edin ki, Prezidentin olmadığı, ölkənin ali hərbi və siyasi rəhbərliyi arasında əlaqənin itirildiyi bir şəraitdə belə bir addım atılmasaydı, Azərbaycanın beynəlxalq miqyasda və ölkənin daxilində vəziyyəti necə olardı? Ona görə də Heydər Əliyevin həm Ali Sovetə sədr seçilməsi, həm də Prezidentin səlahiyyətlərinin Heydər Əliyevin üzərinə qoyulması dövlətçilik sisteminin dağınıqlıqdan yenidən mərkəzləşməyə və toparlanmağa doğru proses açmaqda böyük rol oynadı. Burda həm Heydər Əliyevin təcrübəsi, xarizması öz təsirini göstərdi. Heydər Əliyevin hakimiyyətə gətirilməsi, Ali Sovetin sədri vəzifəsinə seçilməsi təkcə deputatların iradəsi daxilində baş vermirdi. Cəmiyyətimizdə, bütün Azərbaycan miqyasında o zamankı Vətəndaş Cəmiyyəti İnstitutları bu prosesə dəstək verirdi. Ona görə də Heydər Əliyevin Ali Sovetin sədri və Prezident səlahiyyətlərini icra edən şəxs statusu alması Azərbaycanda dövlətçilik sisteminin yenidən mərkəzləşdirilməsi prosesinin başlanğıcına çevrildi.
Demək olar ki, o zaman dövlətin və dövlətçiliyin sadəcə adı var idi. Heydər Əliyev Ali Sovetin sədri seçiləndə bir tərəfdən ölkə real təcavüz qarşısında idi, torpaqlarının bir hissəsini itirmişdi. Ölkənin daxilində isə mərkəzi hakimiyyət demək olar ki, yox dərəcəsinə düşürüldüyü üçün prosesləri Azərbaycan dövlətinin adından suveren nəzarət və suveren tənzimlənmə həyata keçirilmirdi. Buna görə də Heydər Əliyevin Ali Sovetin sədri seçilməsi dediyim kimi dövlətçilik sisteminin yenidən strukturlaşması və mərkəzləşdirilməsinə başlamasına imkan verirdi. Elə bundan sonra Azərbaycanda cəmiyyətdə artıq güclü və mərkəzi bir hakimiyyətin yaranmağa başlanması haqqında rəy yarandı. Bu hadisə cəmiyyətə və beynəlxalq dairələrə bir mesaj ötürdü ki, Azərbaycan artıq normal dövlətçilik sisteminə qayıdış ərəfəsindədir, öz müstəqil dövlətçiliyini yenidən daha möhkəm şəkildə strukturlaşdırmaq ərəfəsindədir və əgər bu prosesə Heydər Əliyev kimi təcrübəli bir dövlət adamı başçılıq edirsə, demək sabah üçün narahat olmağa o qədər də böyük əsas yoxdur. Sadəcə olaraq, Heydər Əliyevin başlatdığı işə ictimai cəmiyyət səviyyəsində yetəri dəstək verilməlidir.
Buna görə də 15 iyun 1993-cü il hadisələri müstəqil Azərbaycan dövlətinin tarixində xüsusi əhəmiyyətli hadisə kimi dəyərləndirilirməlidir və bu müstəqil Azərbaycan dövlətinin daha güclü şəkildə mərkəzləşdirilməsi prosesinin başlanğıcı kimi dəyərləndirilə bilər".