15 İyun Milli Qurtuluş günü dövlətçiliyimizin şanlı qürur səhifələrindən biridir
11 İyun 2022 12:13 SiyasətAzərbaycanın inkişaf, uğur tarixinin əsası qoyulmuş 15 iyundan 30 bizi 30 ilə yaxın zaman ayırır. 1993-cü il, iyun ayının 15-də xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan ümummiilli lider Heydər Əliyev qoydu bu inkişafın, uğurun təməlini. Elə buna görədir ki, Azərbaycan xalqı həmin tarixi anı heç vaxt unutmur, onu ötən 30 ilə yaxın müddətdə əsl bayram kimi qeyd edir. Hər il olduğu kimi bu il də xalqımız 15 İyun-Milli Qurtuluş Gününü əziz bayram kimi qeyd etməkdədir. Çünki Azərbaycanda olan bugünkü əmin-amanlıq, sabitlik, iqtisadi inkişaf üçün böyük fədakarlıqlar göstərən Ümumilli liderimiz Heydər Əliyev xalqımızın təkidli tələbi ilə hakimiyyətə yenidən qayıdaraq ömrünü bütövlükdə doğma Azərbaycanımızın çiçəklənməsinə, mənsub olduğu xalqın inkişafına sərf etmişdir. Bütün varlığı ilə sevdiyi Vətənini, xalqını, onun dövlətçiliyini tarixin çox çətin sınaq və imtahanlarından böyük məharətlə çıxarmış, minilliklərin tarixini yekunlaşdırıb, Azərbaycan xalqının salnaməsini öz dəst - xətti ilə tamamlayaraq, dünya dövlətləri cərgəsində özünün qurub yaratdığı şah əsəri olan müstəqil Azərbaycan dövlətinə yaşamaqəbədi var olmaq hüququ vermişdir. Ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinə sərf etdiyi 1993-2003-cü illəri də bir ömrün qızıl salnaməsi, Azərbaycanı daim müstəqil, azad, demokratik ölkə kimi görmək istəyən dahi şəxsiyyətin öz məqsədlərini uğurla həyata keçirdiyi illərin unudulmaz səhifələridir.
Elə Milli Məclisin deputatı Sədaqət Vəliyeva da bu qənətdədir. Millət vəkili həmin tarixi günlərə qısa nəzər salaraq qeyd edir ki, XX əsrin sonlarında Azərbaycanda hər bir sahədə ağır böhran, xaos, nizamsızlıq hökm sürürdü. Onun sözlərinə görə. digər tərəfdən də AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyində tüğyan edən hərc-mərclik mövcud böhranı daha da dərinləşdirirdi: "Artıq vəziyyət o qədər çətinləşmişdi ki, Azərbaycan bir dövlət kimi məhv olma təhlükəsi ilə üz- üzə qalmışdı. Xalqımızı belə çətin və ağır vəziyyətdən yalnız və yalnız, hər zaman ən çətin günlərdə xalqının yanında olan, adını tarixə vətəninin, xalqının xilaskarı kimi həkk edən Heydər Əliyev dühası xilas edə bilərdi. 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə Bakıya qayıdan Ümummilli Liderimiz, Ulu Öndər Heydər Əliyev, tarixi xilaskarlıq missiyasını öz
üzərinə götürərək Azərbaycanı xaos, vətəndaş qarşıdurması, dövlət müstəqilliyinin itirilməsi kimi təhlükələrdən xilas etdi.
Millət vəkili bildirib ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində çox qısa müddət ərzində ölkəmizdə asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu, nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı: "Bu proseslərin davamı olaraq idarəetmə sistemi formalaşdırıldı, neft müqavilələri imzalandı. Bütün bunlar Azərbaycanda böyük iqtisadi dirçəlişin yaranması ilə nəticələndi. Eyni zamanda qanunvericilik sahəsində də böyük islahatlar aparıldı, ilk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi. Bununla da ölkədə hökm sürən ictimai-siyasi böhran aradan qalxmaqla yanaşı Azərbaycanın sürətli inkişafının əsası qoyuldu. Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunmuş 15 İyun Milli Qurtuluş günü dövlətçiliyimizin şanlı qürur səhifələrindən biridir".
Sədaqət Vəliyeva qeyd edib ki, bu gün Azərbaycanın inkşafında və əldə etdiyi bütün uğurların kökündə Heydər Əliyev siyasəti dayanır. Əsası Ümumilli Liderimiz tərəfindən qoyulmuş bu siyasət bu gün cənab Prezident, ölkə başçımız İlham Əliyev tərəfində uğurla və layiqincə davam etdirilir: "Bu gün Azərbaycan, dahi Heydər Əliyev məktəbinin layiqli yetirməsi olan İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində torpaqlarını işğaldan azad etmiş, qalib xalq kimi dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Xalqımız öz xilaskarı Heydər Əliyevi hər zaman dərin hörmət və ehtiramla yad edir".
Süleyman