Təxribatçı addımlar Ermənistanın  normallaşma prosesində səmimi olmadığını bir daha göstərir- Deputat

Ermənistanın Baş prokuroru və Nikol Paşinyanın özəl təmsilçisinin Xankəndinə səfərləri Xarici İşlər Nazirliyimizin bəyanatında vurğulandığı kimi "Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşı atılan addımdır".  Həm də yeganə addım deyil. Xarici İşlər Nazirliyi onu da doğru qeyd edir ki,  bu  təxribatçı addım Ermənistanın  normallaşma prosesində səmimi olmadığını bir daha göstərir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə,  bu deyilənlər həqiqətdir və kimsəyə sirr deyil: "Kimsəyə o da sirr deyil ki, hazırda iki ölkə arasında normallaşma prosesinə yardım göstərməyə çalışan, yaxud da onun imitasiyasını edənlərdən hansı birisə, o sıradan da bu gün  İrəvanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov belə hərəkətlərə görə Ermənistana sərt təpki göstərməyəcəklər. Fərrux kəndinin Azərbaycan-Ermənistan sərhəddində yox,  Qarabağda olduğunu unudan Lavrovun da, Ermənistanın iki rəsmi ünsürünü Xankəndinə buraxan Rusiyanın oradakı müvəqqəti hərbi kontingentinin rəhbərliyinin də görünür,  görməzlik və  yaddaşsızlıq problemləri var. Və elə bu ilin martında Fərrux  kəndi ətrafında baş verənlər də göstərdi ki, o cür problemlərin ən effektli həlli necə olur".

Onun bildirdiyinə görə, qarşı tərəf, daha dəqiqi tərəflər hərbi poliqonlarımızda bu gün müxtəlif qoşun növlərinin döyüş atışlı intensiv taktiki təlimlərə başladığından təbii ki,  xəbərdardırlar: "Azərbaycanın Müdafiə Nazirliyi bildirir ki, Quru Qoşunları, Hərbi Hava, Hərbi Dəniz və Xüsusi Təyinatlı Qüvvələrin bölmələrinin cəlb edilməsi ilə keçirilən təlimlərdə məqsəd həm 44 günlük,  həm də "digər müasir müharibələrin təcrübəsinə əsaslanan taktiki hərəkətlərin yerinə yetirilməsi", o cümlədən yeni sistemin tətbiqi ilə şərti düşmənin uzaqdan aşkar olunaraq effektli məhvidir. Əminəm ki, Ermənistan rəhbərliyi də, digərləri də Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatının ardından bu təlimlərin keçirilməsinin nə demək olduğunun fərqindədirlər. Nikol Paşinyan Şuşada içib yallı getməsinin, məsuliyyətsiz  bəyanatlar səsləndirməsinin onun özü və ölkəsi üçün nə ilə nəticələndiyini yəqin ki, unutmayıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31