Ermənistan üçün sonun başlanğıcı

Samir Hümbətov: "Qarabağda antiterror əməliyyatlarının həyata keçirilməsi mümkündür"

Bir aya yaxındır ki, Ermənistanda hakimiyyət əleyhinə etiraz aksiyaları keçirilir. Baş nazir Nikol Paşinyanın istefasını tələb edən aksiya iştirakçıları hesab edirlər ki, Ermənistanın indiki vəziyyətə düşməsinin əsas səbəbkarı məhz Nikol Paşinyandır. Maraqlısı odur ki, etiraz aksiyaları ilə paralel olaraq Azərbaycan-Ermənistan dövlət sərhədində təxribatların intensiv xarakter alması da müşahidə edilir. Baxmayaraq ki, Azərbaycan Silahlı Qüvvələri düşmənə layiqli cavab verir, buna rəğmən erməni təxribatları davam etməkdədir. Bəs görəsən istər Ermənistandakı etiraz aksiyaları, istərsə də dövlət sərhədində baş verən təxribatların arxasında dayanan real qüvvə kimdir, yaxud hansı xarici dairədir. Bu və   digər suallarla Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətovla söhbətləşdik.

-Samir bəy, Ermənistandakı proseslərin məntiqi sonluğu necə olacaq?

-Ermənistanda cərəyan edən hadisələrin gedişatından aydın olur ki, proseslər idarə ediləndir və bilavasitə hakimiyyətin özünün də bu məsələdə belə demək mümkünsə iştirakı var. Ancaq bütün halda düşünmürəm ki, bu proseslər Ermənistanda hansısa ciddi dəyişikliklərə, eyni zamanda hakimiyyətin devrilməsinə səbəb ola bilər. Hesab edirəm ki, Nikol Paşinyanın hakimiyyətdə qalması hələ uzun müddət davam edə bilər.

Təbii ki, Ermənistanda baş verən etiraz aksiyalarında müəyyən qrupların da maraqları var və onlar bu yolla Paşinyanın hakimiyyətdən devrilməsi arzusundadırlar. Ancaq mən deyərdim ki, həm müxalifət, həm də həmin aksiyaların iştirakçıları özləri də bilmədən hakimiyyətin maraq dairəsinə xidmət edən addımlar atırlar. Əlbəttə ki, məntiqi nəticə ondan ibarət olacaq ki, Nikol Paşinyan müəyyən vaxta qədər proseslərin belə davam etməsində maraqlı görünəcək. Ermənistan hakimiyyəti həm Qərb, həm Rusiya, həm də Azərbaycandan müəyyən mənada dividentlər əldə edəcəyi təqdirdə bu proseslər səngiyəcək.  Eyni zamanda Nikol Paşinyan cəmiyyətə belə bir mesaj verir ki, aksiyaları davam etdirsək, Azərbaycanla danışıqlar yarımçıq qalacaq və proseslər tamamilə başqa istiqamət ala bilər. Bu da Qarabağda üçüncü bir antiterror əməliyyatının həyata keçirilməsi üçün zəmin yaradacaq. Düşünürəm ki, qısa zamanda Ermənistandakı proseslər hakimiyyətin nəzarəti altında yatırılacaq və vəziyyət normala qayıdacaq.

-Etirazlar hakimiyyətin devrilməsi və dövlət sərhədində yeni toqquşmalara gətirib çıxara bilərmi?

-Düşünmürəm ki, Ermənistandaxili proseslər hakimiyyətin devrilməsi ilə nəticələnəcək. Hesab edirəm ki, Nikol Paşinyan hələ uzun müddət hakimiyyətdə qalacaq. Apardığım müşahidələrdən belə qənaətə gələrək deyirəm. Eyni zamanda dövlət sərhədində toqquşmaların olması da istisna edilmir. Böyük ehtimal ki, bundan sonra da həm Ermənistan-Azərbaycan dövlət sərhədində, həm də Rusiya sülhmıəramlılarının müvəqqəti olaraq dislokasiya edildiyi Azərbaycanın Qarabağ bölgəsində toqquşmaların olması gözləniləndir. Hətta müəyyən təxribatçı diversant qrupların ərazilərimizə mina basdırma cəhdləri də müşahidə edilə bilər. Yaxud Qarabağda yaşayan mülki erməni əhali tərəfindən də Azərbaycana qarşı təxribatlar törədilə bilər. Bir sözlə Ermənistanla Azərbaycan arasında proseslərin normala düşməsi üçün hələ uzun bir zamana ehtiyac var. Çünki Ermənistan tərəfi hələlik buna hazır deyil.

-Sizcə Ermənistandakı aksiyaların arxasında Rusiya, yoxsa Qərb dayanıb?

-Aparılan müşahidələr və təhlillərin nəticəsində bu proseslərin arxasında daha çox Rusiyanın dayandığımı görmək olar. Çünki Ermənistanda baş verən etiraz aksiyaları daha çox Rusiya kütləvi informasiya vasitələrində işıqlandırılır.  Bu da hər şeyin gün kimi aydın olduğundan xəbər verir. Hətta Rusiyanın təxribat maşını bəzi ölkələrdə baş verən etirazları zaman-zaman Ermənistanda cərəyan edən proseslər kimi qələmə verməyə çalışıb. Qərb mediasından isə Ermənistanda baş verən hadisələr barədə nadir hallarda informasiya əldə edə bilirik. Qeyd etdiyim kimi bu tipli material yalnız Rusiya mediasında yayılər. Bundan da belə nəticəyə gəlmək olar ki, Ermənistanda baş verən aksiyaların arxasında daha çox Rusiya faktoru dayanır. Eyni zamanda etiraz aksiyasında əsas hərəkətverici qüvvələrə nəzər yetirdikdə də görürük ki, bu qüvvələr əsasən Qarabağ klanının nümayəndələridir ki, onlar da bir qayda olaraq Rusiyaya bağlı qüvvələr kimi tanınırlar. Keçmiş prezidentlər Röbert Köçəryan və Serj Sərkisyanın timsalında, eləcə də onların atdığı addımlardan bunu aydın görmək mümkündür. Bir daha qeyd edim ki, burada Rusiya faktoru özünü daha qabarıq şəkildə göstərir.

-İndiki halda, xüsusilə də dövlət sərhədində təxribatların müntəzəm olaraq baş verdiyi bir vaxtda Azərbaycan hansı addımı atmalıdır?

-Mövcud vəziyyətdə Azərbaycanın atacağı addımlara gəlincə, Azərbaycan dəfələrlə bəyan edib ki, Erməmistan təxribatları davam etdirib sülh müqaviləsinin imzalanmasına maraq göstərməsə, o halda rəsmi Bakı da Ermənistanın ərazi bütövlüyünü tanımayacaq. Əgər Ermənistanın ərazi bütövlüyü tanınmırsa, hər an hansısa arzuedilməz situasiya, Qarabağda antiterror əməliyyatların həyata keçirilməsi baş verə bilər. Düşünürəm ki, Qarabağda antiterror əməliyyatlarının həyata keçirilməsi mümkündür. Baxmayaraq ki, orada Rusiya hərbiçiləri mövcuddur, ancaq buna rəğmən antiterror əməliyyatları keçirilə bilər. Hesab edirəm ki, Rusiyanın xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrovun Türkiyəyə səfəri zamanı məhz bu məsələlərin də müzakirə edilməsi mümkündür. Azərbaycan tərəfi, Müdafiə Nazirliyi də bəyan edib ki, hər an istənilən situasiyaya hazır olmaq lazımdır. Hesab edirəm ki, bu önəmli bir mesajdır. Həmçinin ölkə rəhbəri, cənab İlham Əliyev də açıq şəkildə bildirib ki, Ermənistan tərəfi ya sülh danışıqlarında iştirak edərək Azərbaycanla sülh müqaviləsi imzalayacaq, ya da proseslər Ermənistanın ziyanına işləyəcək. Düşünürəm ki, indiki halda Ermənistanın yeganə çıxış yolu məhz Azərbaycanla danışıqlar masasına oturub sülh müqaviləsini müzakirə etməsidir. Əks halda proseslər Erməmnistan üçün arzuedilməz vəziyyətə gətirib çıxarar. Bu da Qarabağda antiterror əməliyyatlarının həyata keçirilməsi və regionda vəziyyətin gərignləşməsinə səbəb olar. Bu isə Ermənistan üçün sonun başlanğıcı olacaq.

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31