Azərbaycanın diplomatik cəbhədə diqqət çəkən fəallığı
7 İyun 2022 15:55 SiyasətAzərbaycan diplomatik cəbhədə fəal aktorlar sırasındadır. 44 gün ərzində savaş meydanında əldə etdiyi nailiyyəti diplomatik sahədə möhkəmləndirmək, prosesi paralel şəkildə aparmağı hədəfləyib. Son günlər rəsmi Bakı ilə aparılan müzakirələr, Azərbaycanla əməkdaşlığa göstərilən beynıəlxalq marağın ciddi müşahidə ediləcək tərzdə artması, eyni zamanda tez-tez elan olunmamış səfərlərin reallaşması fonunda bunu aydın görmək mümkündür. Elə bu günlər də diplomatik sahədə Bakının fəallığı görünməkdədir. Həmişə olduğu kimi yenə də fəallıq bir neçə cəbhədə, istiqamətdə özünü büruzə verir. Bu günlərdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun qəfil, əvvəlcədən elan olunmamış halda qarda. Türkiyəyə səfər etməsi, Ankarada baş tutan təmaslar, eləcə də Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin eyni vaxtda okeanın o tayına səfər etməsi fonunda deyilənlər öz təsdiqini tapır.
Əvvəla Azərbaycan XİN rəhbərinin Türkiyəyə səfərinə diqqət etsək belə nəticəyə gəlmək olar ki, hansısa ciddi bir səbəb Ceyhun Bayramovun Ankaraya səfərinə rəvac verib. Çünki adətən bu tipli səfərlər zamanı əvvəlcədən tərəflərdən biri rəsmi məlumat yayır. Ceyhun Bayramovun Türkiyə səfəri barədə isə XİN rəhbəri qardaş ölkəyə səfərə getmədən bir neçə saat əvvəl məlumat yayıldı.
Azərbaycan XİN rəhbərinin Türkiyəyə qəfil səfərinə rəvac verən başlıca amilə gəlincə, heç şübhəsiz ki, bu Qarabağda son vaxtlar müşahidə edilən hərəkətliliklə bağlıdır. Daha doğrusu Ermənistandakı təxribatçı qrupların müntəzəm olaraq dövlət sərhədində təxribatlar törətməsi, Azərbaycan ərazilərini atəşə tutması ilə bağlıdır. Ermənistanla yaranmış qeyri-sabit vəziyyətlə paralel olaraq dövlət sərhədində təxribatların artması rəsmi Bakını adekvat tədbirlər görmək məcburiyyətində qoyur. Məhz buna görə də Bakı necə ki, 44 günlük müharibəyə qədər, eləcə də müharibə günlərində atacağı addımları qardaş Türkiyə ilə müzakirə edib, indi də eyni siyasətə sadiq qalaraq Ankara ilə Qarabağ ətrafında gedən proseslərdə fikir mübadiləsi aparmaq niyyətindədir. Təsadüfi deyil ki, XİN rəhbəri Ceyhun Bayramov da Türkiyənin "Anadolu" agentliyinə verdiyi müsahibədə bunu istisna etməyib. Azərbaycan XİN rəhbəri bildirib: "İkinci Qarabağ müharibəsindən və Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra region ölkələri arasında münasibətlərin normallaşması üçün yaxşı imkanlar yaranıb. Azərbaycan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasından yana olduğunu ən yüksək səviyyədə ifadə edib. Biz Türkiyə və Ermənistanın xüsusi nümayəndələr təyin etməsini və onların üç görüşünü çox müsbət hal hesab edirik. Bu, Türkiyə və Azərbaycanın Ermənistana yönəlmiş müsbət mesajlarının bir nümunəsidir. Azərbaycan Ermənistana açıq şəkildə deyir ki, "Bizim Ermənistanla heç bir problemimiz yoxdur. Biz Ermənistanla normal qonşuluq münasibətlərinin qurulmasının tərəfdarıyıq".
Bu arada diplomatik çevrələrdə gəzən söhbətlərdə o da qeyd edilir ki, Ceyhun Bayramov Ankarada təmaslarda olduğu müddətdə Rusiyanın xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov da Türkiyəyə səfər edəcək və nazirlərin üçtərəfli formatda görüşü baş tutacaq. Hələlik bu xəbər rəsmi təsdiqini tapmasa da, bütün halda belə bir görüşün baş tutma ehtimalı böyükdür.
Qeyd etdiyimiz kimi Azərbaycanın XİN rəhbərinin Türkiyəyə səfəri ilə eyni vaxtda Prezidentin köməkçisi Hikmət Hacıyev okeanın o tayına səfər edib. Yayılan xəbərlərdə Hikmət Hacıyevin Birləşmiş Ştatlar Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşdüyü bildirilir. Bu barədə Prezidentin köməkçisi məlumat da paylaşıb və qeyd edib ki, Ağ Evdə ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla Azərbaycan-ABŞ tərəfdaşlığı və regional məsələlərlə bağlı səmərəli və mehriban söhbət olub.
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ağ Ev rəhbəri Co Baydenin son 1 ay ərzində iki dəfə azərbaycanlı həmkarə İlham Əliyevə məktub ünvanlaması və hər iki məktubda Vaşinqtonun Bakı ilə münasibətləri daha da inkişaf etdirmək kimi niyyətin görünməsi, bunun ardınca da Hikmət Hacıyevin okeanın o tayına səfər etməsi onu deməyə əsas verir ki, Vaşinqton qədər də Bakı ikitərəfli münasibətlərin inkişaf etdirilməsində maraqlıdır və Ağ Evdən gələn jesti müsbət qiymətləndirir. Hətta haqlı olaraq həm Co Baydenin Azərbaycan prezidentinə ünvanladığı məktubları, həm də Hikmət Hacıyevin okeanın o tayına səfər edib yüksək səviyyəli rəsmilərlə görüşməsini Vaşinqton-Bakı münasibətlərində yeni bir mərhələnin başlanğıcı kimi xarakterizə edilir. Vaşinqtonla Bakı arasındakı ikitərəfli münasibətlərdə yaranacaq yeni mərhələdə isə daha çox yüksəksəviyyəli qarşılıqlı səfərlərin diqqət çəıkəcəyi vurğulanır. Hikmət Hacıyevin timsalında baş tutan ilk səfər daha sonra iki ölkənin xarici siyasət idarəsi rəhbərlərinin qarşılıqlı səfərləri ilə intensiv xarakter ala bilər. Hətta bütün bunların nəticəsi olaraq Azərbaycan Prezidentinin rəsmi səfərlər Birləşmiş Ştatlara dəvət edilməsi də mümkün variantlar sırasında qeyd edilir.
Bütün halda görünən odur ki, Azərbaycan diplomatik cəbhədə kifayət qədər fəallaşıb və əsas aktora çevrilib. Bu isə rəsmi Bakının qlobal səviyyədə rolu və nüfuzunun artmasına öz müsbət təsirini göstərir.
Füzuli