Şərqdə ilk demokratik dövlət modeli-AXC
27 May 2022 15:06 Siyasət"Sabah, may ayının 28-də xalqımız Müstəqillik gününü qeyd edəcəkdir. 104 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi xalqımızın müstəqillik əzmini təcəssüm etdirən tarixi hadisə olmuşdur. Şərqdə ilk demokratik dövlət quruluşu modelini təqdim etmiş Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, qısa müddətdə öz hökumətini, parlamentini, digər dövlət orqanlarını, ordusunu formalaşdırmışdı. Demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq sahələrində atılmış inamlı addımlar Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyətini əks etdirən əsas istiqamətlər idi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentdə çıxışı zamanı qeyd edib. Spiker bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı ənənələrdən bəhrələnən xalqımız 1991-ci ildə tarixi varislik üzərində dövlət müstəqilliyini bərpa etsə də, ancaq həmin zaman Azərbaycan çıxılmaz problemlər məngənəsinə düşmüş, müstəqil dövlətçiliyini itirmək təhlükəsi ilə üzləşmişdi: "1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə ali hakimiyyətə qayıdan dünya miqyaslı siyasi və dövlət xadimi Heydər Əliyevin misilsiz idarəçilik məharəti, əzmkarlığı və yorulmaz səyləri nəticəsində dövlətin qarşısında dayanan ağır problemlər həll edildi, Azərbaycan tənəzzülə son qoyub ardıcıl inkişaf yoluna çıxdı. Ölkəmizin sivil dünyanın bir hissəsinə çevrilməsi üçün möhkəm təməllər yaradıldı. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasını zamanın çağırışlarına və tələbatına uyğun şəkildə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət Azərbaycanı yeni qələbələrə aparır. Onun rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əzəli və tarixi torpaqlarımızın erməni işğalından qurtarılması, tarixi ədalətin bərpa olunması və dövlətimizin ərazi bütövlüyünün təmin edilməsi Azərbaycanın qarşısında tamamilə yeni inkişaf perspektivləri açmış, Cənubi Qafqaz bölgəsinin geosiyasi mənzərəsini dəyişmişdir. Əminliklə demək olar ki, dövlət başçısının uzaqgörən siyasəti sayəsində qələbədən qələbəyə addımlayan Azərbaycan dövləti qarşıdakı illərdə daha böyük uğurlara imza atacaqdır".