Prezidentin işğaldan azad edilmiş ərazilərə hər səfəri quruculuq işlərinin vüsətini artırır

Bu da Böyük Qayıdışı  tezləşdirir

Düşmən tapdağı altında olan şəhər və rayonlarımız 44 günlük Vətən müharibəsi nəticəsində azad olunduqdan və azad edilən ərazilərin böyük bir qismi minalardan təmizləndikdən sonra başlanan quruculuq-abadlıq, yenidənqurma işləri bütün sürəti ilə davam edir. Burada diqqət çəkən əsas məqam işğaldan azad edilən ərazilərdə həyata keçirilən quruculuq-abadlıq işlərinin prezident İlham Əliyevin nəzarəti altında aparılmasıdır. Demək olar ki, hər ay azad oliunan ərazilərə səfər edən dövlət başçısı burada görülən işlərlə yaxından tanış olur, müvafiq tapşırıq və tövsiyələrini verir. Bu günlərdə Prezident İlham Əliyev yenə də işğaldan azad edilən ərazilərdə səfərdədir. Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfər edən dövlət başçısı İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva sözügedən rayonlarda görülən işlərlə tanış olub, bir neçə infrastrukturun açılışında iştirak ediblər.

Dövlət başçısının işğaldan azad edilən səfərləri və həmin ərazilərdə aparılan quruculuq-abadlıq işləri Azərbaycan cəmiyyəti tərəfindən birmənalı olaraq yüksək qiymətləndirilir, təqdir olunur. Eyni zamanda bu səfərlər və azad edilən ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq-abadlıq işləri tezliklə məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdacağına əminlik yaradır. Elə Milli Məclisin deputatı Səbinə Xasayeva da bu qənaətdədir. Deputatın sözlərinə görə, Vətən müharibəsində qazanılan Zəfərdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə hər səfəri quruculuq işlərinin vüsətini artırır ki, bu da Böyük Qayıdışı  tezləşdirir. "Mən azərbaycanlıyam!" deyənlər quruculuq işlərinin böyük məsuliyyətlə, böyük vətəndaşlıq sevgisi ilə aparılmasını Zəfərin davamı bilir: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mayın 26-da Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfəri də bu baxımdan tarixləşdi. Xalq belə səfərləri Vətən müharibəsindən sonra Azərbaycanın daxili siyasətinin başlıca istiqaməti bilir və bunu bütün varlığı ilə təqdir edir".

Millət vəkili deyib ki, səfər zamanı ölkə başısı Horadiz - Cəbrayıl - Zəngilan - Ağbənd avtomobil yolunun tikintisi ilə tanış olub: "Hər səfər yeni tikinti, yeni tikintinin başlanğıcı deməkdir. Bu səfərdə ölkə başçısı Cəbrayıl rayonunda Horadiz - Ağbənd dəmir yolu xəttinin Soltanlı stansiyasının və "Azərenerji" ASC-nin "Cəbrayıl" enerji qovşağının təməlqoyma mərasimində iştirak edib. İctimaiyyət təməli qoyulan obyektlər həm ayrılıqda, həm də vəhdətdə işğaldan azad edilmiş ərazilərdə normal həyatın bərqərar olunacağının zəmanəti bilir.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanda inşa edilən məscidin tikintisi ilə tanış olublar, İşğal və Zəfər muzeyləri kompleksinin təməlqoyma mərasimində iştirak ediblər. Bu muzey komplekslər tariximizin bir hissəsini yaşadacaq, gənclərin, yeniyetmələrin vətənpərvərlik duyğularının formalaşmasında, yüksəlişində tarixi mənbə olacaq".

Səbinə Xasayeva qeyd edib ki, ölkə başçısının işğaldan azad edilmiş ərazilərə səfərləri Azərbaycanın xarici siyasətinin də mahiyyətinin göstəricisidir: "Belə səfərlər Azərbaycana dost ölkələri sevindirir. Sevinənlərin sayı daim artmaqdadır".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31