"Bu qanunda konstitusiyaya zidd müddəalar var" - Deputatdan irad

"Ələt Azad iqtisadi zonası" haqqında qanunda konstitusiyaya zidd müddəalar var". Olaylar  xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev idarə səsləndirib. O qeyd edib ki, sahibkarın xeyrinə olan güzəştlər qanunda da qeyd edilməlidir: "Bu qanun Konstitusiyanın 71-ci maddəsinin 7-ci hissəsi ilə ziddiyyət təşkil edir. Bu hissədə məhkəmələrin həll etdiyi məsələ qanunda azad iqtisadi zonanın səlahiyyətinə verilir. Ələt Azad İqtisadi zonasında fərqli hüquqi tənzimləmə tətbiq oluna biləcəyi qanunda yer alır. Amma bu, Milli Məclisin səlahiyyətinə aid olan məsələlərdir. Vergiləri, gömrük rüsumlarını Milli Məclis təyin edə bilər. başqa dövlət qurumu vergi, gömrük rüsumu tətbiq edə bilməz. Aksiz dərəcələrini biz qanunla müəyyən etməliyik, amma bu Vergi Məcəlləsinə daxil edilib. Komitənin iclasında iştirak edən Vergi Xidmətinin nümayəndəsi Samirə xanım bunu əsaslandırmağa çalışdı. Amma o Konstitusiyaya zidd bu maddəni konstitusiyaya zidd olan digər maddə ilə izah etmək istədi. Bu qanunlar ekspertizadan keçirilməlidir. Cənab Prezidentə təşəkkür edirəm ki, bizim burada qaldirdığımız bir məsələni həyata keçirdi, Hüquq Ekspertiza Mərkəzinin yaradılması barədə sərəncam imzaladı. Bizim aparat rəhbəri də orada təmsil olunur. Düşünürəm ki, Milli Məclisə gələn bütün qanun layihələri orada ekspertizadan keçirilməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31