Demokratik dəyərlərə bağlılıq, fikir, söz, məlumat azadlığının inkişaf etdirilməsinə yönəlik siyasi iradə
27 May 2022 15:55 Siyasətİstiqamət- fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi
Fikir, söz və məlumat azadlığı, plüralizm demokratik cəmiyyətlərdə, ölkələrdə insan hüquq və azadlıqlarının qorunması kimi başlıca prinsiplərdir. Sivil, demokratik dünyada bu prinsiplərə əməl etmək, onları qorumaq və inkişaf etdirmək başlıca prioritet hesab edilir. Elə Azərbaycan dövləti də bu prioritetə sadiq qalaraq fikir, söz və məlumat azadlığı, plüralizmin inkişaf etdirilməsi, bu prinsiplərin qorunması istiqamətində sistemli addımlar atır. Newscenter.az saytının təsisçisi və baş redaktoru Ruhiyyə Mehdiyeva da bu qənaətdədir. O bildirib ki, Azərbaycanda fikir, söz, məlumat azadlığı, plüralizm günümüzdə ən yüksək səviyyədədir və kimsənin buna şübhəsi olmamalıdır: "Çünki Azərbaycan dövləti özü, şəxsən dövlət başçısı cənab İlham Əliyev bu prosesdə maraqlıdır və dövlət səviyyəsində ölkədə söz, fikir, məlumat azadlığı, plüralizmin təmin olunması məqsədilə lazımı addımlar atılır". Baş redaktor qeyd edib ki, Azərbaycanda fikir, söz, məlumat azadlığı, plüralizmin inkişaf etdirilməsi müstəqilliyin ilk illərindən prioritet təşkil edib və ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra bu istiqamətə diqqət daha da artıb. Ruhiyyə Mehdiyevanın sözlərinə görə, postsovet məkanına daxil olan respublikalar içərisində fikir, söz, məlumat azadlığı, plüralizmin qorunması, onun inkişaf etdirilməsi istiqamətində də ilk addım məhz Azərbaycanda atılıb: "Bunu senzuranın ləğvi qərarının timsalında daha aydın şəkildə göstərmək mümkündür. Bildiyimiz kimi 1998-ci il, avqust ayının 6-da ümummilli lider Heydər Əliyevin imzaladığı sərəncam əsasında Azərbaycanda senzura ləğv edildi. Məlum sərəncam o dövr üçün postsovet ölkələrində bir ilk olmaqla bərabər, eyni zamanda həmin dövr üçün atılmış kifayətqədər cəsarətli addım idi. Həmçinin senzuranın ləğvi demokratik dəyərlərə bağlılıq, fikir, söz, məlumat azadlığı, plüralizmin inkişaf etdirilməsinə yönəlik siyasi iradə və bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilib tətbiq edilməsinə olan marağın göstəricisi sayılırdı. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyevin ölkədə senzuranın ləğvi ilə bağlı imzalamış olduğu tarixi sərəncam həmin dövrdə beynəlxalq təşkilatlar tərəfindən təqdir edilir, müsbət qiymətləndirilirdi. Avropa Şurası, onun müvafiq təsisatları, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Komitəsi, "Freedom House", Human Rights Watch kimi beynəlxalq təşkilatlar Heydər Əliyevin 1998-ci il, 6 avqust sərəncamını Azərbaycanın demokratik prinsiplərə sadiqliyi, bu prinsipləri inkişaf etdirmək üçün siyasi iradə nümayiş etdirməsi kimi xarakterizə edirdilər".
Baş redaktor sonrakı dövrdə də ümummilli lider Heydər Əliyev tərəfindən ölkədə fikir, söz, məlumat azadlığı, plüralizmin inkişaf etdirilməsi istiqamətində davamlı addımlar atıldığını və bu siyasətin günümüzdə də davam etdiyini diqqətə çatdırıb. Ruhiyyə Mehdiyeva deyib ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Cənab İlham Əliyevin respublikaya rəhbərlik etdiyi 20 ilə yaxın müddətdə Azərbaycanda həm mətbuatın həyatında, həm də fikir, söz, məlumat azadlığı, plüralizmin inkişaf etdirilməsi istiqamətində yeni bir mərhələ başlayıb: "Mətbuata göstərilən dövlət dəstəyi, bu sahədə çalışan qələm əhlinin sosial rifah halının yüksəldilməsi istiqamətində atılan tarixi addımlar, həmçinin azad söz, fikir, söz azadlığının inkişaf etdirilməsinə yönəlik siyasət bu sahədə də Azərbaycanı qabaqcıl, nümunəvi ölkələrdən birinə çevirib. Bu gün ölkədə yüzlərlə informasiya agentliyi və xəbər portallarının, çap mediasının fəaliyyət göstərməsi, zaman-zaman onlara dövlət dəstəyinin verilməsi, siyasi mövqeyi və proseslərə olan baxışlarından asılı olmayaraq hər kəsin müstəqil şəkildə kütləvi informasiya vasitələrində öz fikrini ifadə edib düşüncələrini cəmiyyətlə sərbəst, maneəsiz şəkildə bölüşməsi Azərbaycanda fikir, söz, məlumat azadlığı, plüralizmin mövcudluğunun əyani sübutudur. Təqdir edilməli hal ondan ibarətdir ki, bu müsbət tendensiya getdikcə daha da inkişaf edir".
Baş redaktor onu da diqqətə çatdırıb ki, bir çox hallarda ölkədə yaradılan fikir, söz, məlumat azadlığı, plüralizmdən sui-istifadə hallarına yol verilir: "Nəticə etibarilə azad söz, mətbuat, fikir azadlığı adı altında şəxsi həyata müdaxilə edilir, insanlar şantaj, böhtanla üzləşir. Bəzi hallarda bütün etik prinsiplər, peşə etikası qaydaları kobud şəkildə pozularaq ayrı-ayrı şəxslər, səlahiyyət sahibləri təhqirə məruz qalır. Bu kimi hallar Azərbaycanda jurnalistikanın nüfuzuna, bu sahədə çalışan ləyaqətli adamların fəaliyyətinə kölgə salır, jurnalist peşəsinə ayrı-ayrı insanlar arasında nifrət yaradır. Hesab edirəm ki, bu kimi mənfi hallar tezliklə aradan qaldırılacaq və Medianın İnkişafı Agentliyinin yarandığı gündən məhz bu kimi mənfi tendensiyalara qarşı apardığı mübarizə yaxın vaxtlarda öz dolğun nəticələrini göstərəcək və nəticə etibarilə təsadüfi adamlar, jurnalistikaya, jurnalist fəaliyyətinə kölgə salan şəxslər, onun nüfuzuna xələl gətirənlər bu sahədən uzaqlaşacaqlar".
Süleyman İsmayılbəyli
Yazı Azərbaycan Respublikasının MediaNIN İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir