“ABŞ Azərbaycanı Avropa üçün yeni enerji mənbəyi və kanalı hesab edir”
27 May 2022 13:00 SiyasətYeganə Hacıyeva: "ABŞ da prezidentin kim olmasından asılı olmayaraq bu məqamlar dəyişməyəcək"
ABŞ Azərbaycanın müstəqilliyini 25 dekabr 1991-ci ildə tanımış, diplomatik münasibətlər isə 28 fevral 1992-ci ildə qurulmuşdur.. 1993-cü ildən etibarən yüksək səviyyəli qarşılıqlı səfərlər və beynəlxalq təşkilatlar çərçivəsində görüşlər baş tutmuşdur. ABŞ-a ilk rəsmi səfər 1997-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilmişdir. Azərbaycan ilə ABŞ arasında tərəfdaşlığın 30 ildən artıq bir tarixi vardır. Bu illər ərzində ölkələrimiz arasında bərabərlik, qarşılıqlı hörmətə və enerji təhlükəsizliyi, sülhməramlı əməliyyatlar, terrorla mübarizə və digər sahələr daxil olmaqla uğurlu əməkdaşlıq ənənələri formalaşmışdır.
İki ölkə arasında siyasi əlaqələr dinamik olaraq inkişaf edir. ABŞ Prezidenti Cozef Baydenin Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərməsi heç də təsadüfi hal deyil. Belə ki, Cozef Baydenin təbrik məktubunda Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlığın tarixin mühüm anında öz bəhrəsini verdiyi, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynadığı vurğulanır.
"OLAYLAR.az"-a açıqlmasında politoloq Yeganə Hacıyeva ABŞ-la münasibətlərin Azərbaycanın iqtisadi və siyasi həyatında nə kimi rola malik olduğunu və gələcəkdə Azərbaycan-ABŞ münasibətlərinin hansı istiqamətdə inkişaf edə biləcəyini vurğulayıb:
"Azərbaycan ABŞ-ın vacib strateji-iqtisadi, qlobal enerji təhlükəsizliyində və Cənubi Qafqazda ən böyük ticari tərəfdaşıdır. ABŞ-ın ən böyük əhəmiyyət verdiyi strateji bölgələrdən biri də Cənubi Qafqazdır, Azərbaycanın bu regionda xüsusi çəkisi daha ağırdır. Azərbaycan Avropa və Asiya qitələrinin birləşdiyi bir nöqtədə yerləşir, Xəzərin karbohidrogen ehtiyatlarının Avropaya nəql edilməsində çox önəmli rol oynayır. Söhbət tək neftdən yox, həm də "mavi yanacaq"dan gedir.
ABŞ Azərbaycanın liderliyi ilə həyata keçirilən qlobal enerji layihələrini, o cümlədən Cənub Qaz Dəhlizini qəti surətdə dəstəklədi, Azərbaycanın və beynəlxalq tərəfdaşların onun tamamlanmasına yönəlmiş səylərini alqışladı. ABŞ Azərbaycanı Avropa üçün yeni enerji mənbəyi və kanalı hesab edir, qlobal enerji təhlükəsizliyinin gücləndirilməsində, o cümlədən Xəzər regionunda enerji resurslarının işlənilməsi və ixracında Azərbaycanın oynadığı rolu yüksək dəyərləndirir. Bu, ABŞ administrasiyasının bölgə problemlərinə düzgün yanaşmasının ifadəsidir. Təhlükəsizlik məsələlərində ABŞ onun üçün həyat əhəmiyyətli prioritetlərdən olan Əfqanıstandakı missiyası və Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri üçün döyüş təyinatı olmayan yüklərin daşınmasında Azərbaycanın hava məkanlarından haqqını ödəməklə istifadə edirdi.
NATO-nun Əfqanıstandakı keçmiş missiyası üçün nəzərdə tutulan bütün yüklərin daşınması, Şimal paylaşdırma şəbəkəsinin cənub marşrutu üzrə yüklərin 40 faizini Azərbaycanın hava məkanı və aeroportlarından dəhliz olaraq istifadə etməklə həyata keçirirdi.
Azərbaycan Əfqanıstandakı ABŞ hərbi heyətinin hərəkətliliyi üçün təhlükəsiz tranzit yolu , 2002-ci ildən Əfqanstanda ABŞ və NATO qoşunlarına qətiyyətli dəstək göstərən etibarlı və aparıcı tərəfdaşı olub. Siyasi məsələlərdə isə Azərbaycanla bağlı ABŞ-ın iqtisadi, diplomatik və təhlükəsizlik sferalarında mövcud münasibətləri inkişaf etdirməsi onun Cənubi Qafqaz regionuna təsirinin güclənməsinə xidmət edir".
Sadalanan və digər mühüm məsələləri nəzərə alsaq bu, o deməkdir ki, ABŞ da prezidentin kim olmasından asılı olmayaraq bu məqamlar dəyişməyəcək: "Bayden Adminstrasiyasının Azərbaycana ünvanladığı məktubunu təklikdə yüksək, Mərkəzi Asiya ölkələrinə göndərilən məktublarla birgə isə ümumiyyətlə çox qiymətli dəyərləndirmək lazımdır.
Məktubda qeyd edilən əsas məqam Cənubi Qafqazda sülh və inkaşın dəstəklənməsində Azərbaycanla birgə fəaliyyət göstərmək təşəbbüsü isə Azərbaycanın qlobal təhlükəsizlikdə xüsusi rolu olan Cənubi Qafqaz regionuna təsir imkanları ilə bağlıdır. Son illərin bölgədə formalaşan geosiyasi və geoiqtisadi reallığında Cənubi Qafqazda təhlükəsizlik məsələsi qlobal anlamda önə çıxarıb, bölgədə təhlükəsizliyin təmin edilməsi vacib elementdir.
Amma əlbəttə Bayden administrasiyası ABŞ-dakı erməni lobbi qrupları ilə aktiv çalışan administrasiyadır. Vaşinqtonun siyasi dairələrinə təsir etmək iqtidarında olan və ABŞ-ın böyük və təsirli siyasi təşkilatlarından biri kimi tanınan erməni lobbi qrupunun bir üzvü hətta Baydenin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat mətninin müəllifi idi. Baydenin bu bəyanatı Ermənistanın Bərdədə mülki əhaliyə qarşı etdiyi amansız hücum günü səsləndirilmişdi.
ABŞ Konqresindəki erməni lobbisinin ən çox əməkdaşlıq etdiyi partiya hər zaman demokratlar partiyası olub.
Bu proseslər əsasında görünən odur ki, Baydenin hakimiyyəti zamanı Azərbaycan və ABŞ münasibətlərində müəyyən təzadlı məqamlar olacaq. Lakin buna baxmayaraq, istənilən ABŞ prezidenti üçün ölkənin maraqları çərçivəsində Azərbaycanla qurulan münasibətlərin yaxşı olması daha vacibdir"
Nəsimi Ələsgərli