Qarşıda duran mühüm vəzifələrdən biri birlik və həmrəyliyi qoruyub saxlamaqdır

İstiqamət-  diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

Rəşid Məmmədov: "Düşməni ən çox qorxudan da bu birlik və həmrəylikdir"

Bu günlərdə Azərbaycan, onun incisi sayılan Şuşa daha bir mötəbər tədbirə ev sahiblik etdi. Söhbət aprelin 22-23-ü tarixlərində Şuşada Dünya Azərbaycanlılarının V qurultayının keçirilməsindən gedir. Zəfər qurultayı kimi Azərbaycan tarixinə, eyni zamanda diaspor tariximizə düşən bu qurultay dünya azərbaycanlılarının birlik və bərabərliyi, həmrəyliyi istiqamətində növbəti önəmli toplantı oldu. Həmçinin Zəfər Qurultayını yeni geosiyasi reallıqlar fonunda Azərbaycanın diaspor quruculuğu istiqamətində atmış olduğu vacib addım kimi də xarakterizə etmək olar. Təsadüfi deyil ki, Dünya Azərbaycanlılarının V Qurultayında iştirak edən diaspor təmsilçilərimiz də məhz bu qənaətdədirlər. "Qala" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov da məhz belə düşünür. Təşkilat sədri "OLAYLAR"-a verdiyi müsahibədə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin qurultaydakı geniş və məzmunlu çıxışı ilə diaspor təşkilatları qarşısında yeni vəzifələr qoyduğunu, strateji yol xətti müəyyən etdiyini də vurğulayıb.

-Rəşid bəy, Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayının xaricdə yaşayan soydaşlarımızın birlik və həmrəyliyi baxımından nə dərəcədə əhəmiyyətli oldu və ümumiyyətlə qurultayın işini, onun Şuşada keçirilməsini necə dəyərləndirirsiniz?

-Bildiyimiz kimi Dünya Azərbaycanlılarının 5-ci qurultayı 22 apreldə Azərbaycanın Mədəniyyət paytaxtı Şuşada keçirildi. Qurultayda 65 ölkədən 400-ə yaxın diaspor nümayəndəsi iştirak etdi. Bu qurultayın Şuşa şəhərində keçirilməsi tarixi bir hadisə oldu. Onu da qeyd edim ki, Müzəffər Ali Baş  Komandan, Dünya Azərbaycanlılarının prezidenti çox hörmətli İlham Əliyev cənablarının Zəfər Qurultayına qatılmağı dünyadakı diasporamızın bir araya gəlməsi, cənab prezitentimizin yürütdüyü siyasətə dəstək verməsinə və yaşadığımız ölkələrdə Azərbaycançılıq təbliğatına böyük təkan verəcək. Qurultay çox yüksək səviyyədə təşkil olunmuşdu.

-Qurultayda çıxış edən dövlət başçısı diaspor təşkilatları qarşısında hansı vəzifələr qoydu və bir təşkilat olaraq dövlət başçısının qarşıya qoyduğu vəzifələri, hədəfləri həyata keçirmək istiqamətində hansı addımlar atacaqsınız?

-İlham Əliyev cənabları çıxışı zamanı, Qarabağ zəfərindən sonra ilk dəfə  Dünya Azərbaycanlılarının bir araya gəlməsini dilə gətirdi və qeyd etdi ki, Azərbaycan xalqına zəfər çox yaxşı yaraşır. Prezident İlham Əliyev  Azərbaycan xalqının və dövlətinin bundan sonra da müzəffər xalq və dövlət olaraq yaşayacağını dedi. İlham Əliyev cənabları  bir daha çıxışında vurğuladı ki, Azərbaycan Respublikasının prezidenti olaraq ən başlıca vəzifəsi Qarabağ problemini həll etmək idi. Biz hamımız, Azərbaycan vətəndaşları, eyni zamanda   dünyada yaşayan azərbaycanlılarımız tək bir hədəf üzərində çalışdıq. Azərbaycan xalqı öz gücünü göstərdi və ədaləti bərpa etdi. Azərbaycan  xalqının böyük bir xalq olduğunu dünyaya sübut etdiyini cənab İlham Əliyev bir daha beynəlxalq aləmə bəyan etdi. Xaricdə yaşayan milyonlarla soydaşlarımızın Azərbaycanın haqq səsini yaşadığı ölkədə çatdırdığını vurğuladı və "Bu gün savaş bitsə də, Ermənistan hələ torpaq iddiasından əl çəkmir və əminəm ki, bu torpaq  iddialarıda aradan qalxacaq" dedi. Biz diaspor təşkilatlarının üzərinə bundan sonra daha böyük məsuliyyət düşür. Yaşadığımız ölkədə qarşıda duran mühüm vəzifələrdən biri də Vətən müharibəsində əldə etdiyimiz qələbəni təbliğ etməkdir. Eyni zamanda Azərbaycan həqiqətlərini, ölkəmizin təbliğatını yüksək səviyyədə iş və əməllərimizlə təbliğ edə bilərik və  bu istiqamıətdə çalışmalıyıq. Yerli mətbuatlarda, digər media subyektlərində  mütəmadi çıxışlar, məqalələr dərc etməli, tədbirlər keçirməli, yüksək çinli məmurlar və ziyalılarla görüşlər təşkil etməyi qarşımıza məqsəd qoyub həyata keçirməliyik.

-Şuşa qurultayını Azərbaycan diasporu, dünya azərbaycanlılarının həmrəyliyi istiqamətində yeni bir mərhələ kimi xarakterizə etmək olarmı?

-Bu qurultayın Şuşa şəhərində təşkil olunmasının çox böyük bir önəmi olacaq və təşkilatlarımız bu mötəbər toplantının məsuliyyətini tam dərk edib daha da birliyimizi gücləndirəcəklər.  Bütün təşkilatlar güclərini, potensiallarını dəmir yumruq ətrafında birləşdirməlidirlər.

-Bundan sonra Azərbaycan diasporundan gözləntilər nədən ibarətdir və erməni diasporunun xaricdə yaşayan soydaşlarımıza, diaspor təşkilatlarımıza təzyiqləri arta bilərmi?

-Hesab edirəm ki, bundan sonra Azərbaycan evlərində məktəblər açılmalı, dil kursları təşkil olunmalı, yaşadığımız ölkədə gənclərimizin inteqrasiya etməsinə dəstək olmalıyıq. Erməni diasporası bundan sonra heç bir vaxt sakit durmayacaq və onların təzyiq göstərmələri də gözləniləndi. Biz də özümüzü arxayın hiss etməməliyik, həmişə olduğu kimi buna hazır olmalıyıq və işimizi daha da irəliyə doğru davam etdirməliyik. Hazırda qarşıda duran mühüm vəzifələrdən biri bu birlik və həmrəyliyi qoruyub saxlamaqdır. Düşməni ən çox qorxudan da bu birlik və həmrəylikdir.

Son olaraq bir daha qeyd edim ki, Şuşa şəhərində  keçirilən Dünya Azərbaycanlılarının 5-ci Zəfər Qurultayı  çox yüksək səviyyədə keçirildi. Təşkilatçılara, əməyi keçən hər bir şəxsə  dərin təşəkkürümüzü bildiririk.

Süleyman İsmayılbəyli

Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31