“Azərbaycanda diaspora quruculuğuna mühüm yer ayrılır”- -İlyas Hüseynov
18 Aprel 2022 15:40 SiyasətOlaylar.az-a Azərbaycandakı Diaspor quruculuğu ve diaspor təşkilatlarının fəaliyyəti ilə bağlı açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, Azərbaycanda diaspora quruculuğuna mühüm yer ayrılır. Bu sahənin inkişaf etdirilməsi ölkəmiz üçün əsas prioritetlərdən biridir. Xarici siyasət strategiyasımızın tərkib hissəsi olan, diaspora fəaliyyəti ölkəmizin bu sahədə həyata keçirdiyi tədbirlərlə müşahidə olunur. Ulu Öndər Heydər Əliyev dünya Azərbaycanlılarının birinci qurultayını çağırmaqla dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycanlıların birləşməsinə və həmrəylik nümayiş etdirməsinə səbəb olub. Məhz birinci qurultaydan sonra, diaspora fəaliyyəti ilə məşğul olan şəxslərin təşkilatlanması prosesi geniş vüsət aldı.
" Bilirsiniz ki, təşkilatları qeydiyyatdan keçirmək, soydaşlarımızın təmsil olunduğu ölkənin qanunvericiliyi ilə tənzimlənir və müvafiq hüquqi prosedurlardan sonra təşkilatlar qeydə alınır. Hüquqi formada qeydiyyatdan keçən təşkilatlar artıq ölkənin ictimai-siyasi həyatında fəal rol oynaya bilər. Bu baxımdan dünyanın ən qabaqcıl ölkələrində artıq Azərbaycanın diaspora təşkilatları mövcuddur. Hətta, bir ölkədə bir neçə təşkilat fəaliyyət göstərir. Bu xüsusda məhz diaspora quruculuğunun inkişaf etdirilməsi eyni zamanda dövlət qayğısı ilə əhatə olunması kontekstində diasporalarla iş üzrə Dövlət komitəsi də geniş miqyaslı fəaliyyət həyata keçirir və birbaşa əsas məqsədi diaspora təşkilatlarının koordinasiyası və bu sahədə fəaliyyətin daha da inkişaf etdirilməsidir. Eyni zamanda biz dünya azərbaycanlılarının həmrəyliyini, gücünü, birliyini və vahid ideya ətrafında birləşdiyini vətən müharibəsi dövründə gördük. Hər bir soydaşımız bir əsgərə çevrilərək beynəlxalq hüququn, ədalətin və BMT nizamnaməsinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması işində Azərbaycana dəstək oldular. Gecə-gündüz sosial şəbəkələr vasitəsilə fəaliyyətin həyata keçirilməsi, müxtəlif petisiyaların təşkil edilməsi, nümayişlər, müxtəlif erməni təbliğatının qarşını almaq üçün həqiqətin bəyan olunması tədbirləri və digər bu qəbildən olan fəaliyyət, ölkəmizin vətən müharibəsində qələbə qazanmasında önəmli rol oynadı. Hazırda postmünaqişə reallıqları kontekstində dünya azərbaycanlıları qarşısında digər mühüm hədəflər dayanır. Bu hədəflər əsasən, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və erməni lobbisinin saxta təbliğat maşının yalan və uydurma yaymağın qarşısını almaqdan ibarətdir. Bu xüsusda da, Azərbaycanın diaspora təşkilatı və xaricdə yaşayan soydaşlarımız əllərindən gələni edirlər. Onların fəaliyyətləri kifayət qədər təqdir olunmalıdır. Eyni zamanda Şuşada dünya Azərbaycanlılarının qurultayının keçirilməsi, Azərbaycanın mədəniyyət paytaxtı, musiqi beşiyimiz Şuşada bu cür önəmli tədbirin keçirilməsi də onu göstərir ki, Azərbaycan dövləti bütün diaspora təşkilatlarının rəhbərlərinin "Dəmir Yumruq" kimi birləşməsində maraqlıdır və bu genişmiqyaslı xarakter almalıdır. Çünki, hazırda yeni reallıqlar kontekstində dünya azərbaycanlılarının daha da səfərbər olması vahid amal, məqam ətrafında birləşməsi və "Qarabağ Azərbaycandır!" tezisinin bütün dünyada təbliğ edilməsində iştirak etməlidirlər. Bu müqəddəs missiya ətrafında hər kəsi görmək çox xoş olardı. Eyni zamanda, Şuşada düşünürəm ki, qurultayda mühüm nəticələrlə yadda qalacaq. Yeni prioritetlər müəyyənləşəcək. Bu prioritetlər ölkəmizin gücünün qüdrətinin artırılması ilə yanaşı xalqımızın da rifahının təmin edilməsi ilə bağlı olan tədbirlərlə müşahid olunacaq"