İctimai nəzarət dövlətimizin, xalqımızın, cəmiyyətimizin inkişafına töhfə verməlidir- MÜSAHİBƏ-ÖZƏL

Cavid Osmanov: "İnkişafa mane olan amillərin üzə çıxarılmasında ictimai nəzarətin funksiyası çox böyük olmalıdır" 

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə geniş təhlil olunmaqdadlr. Dövlət başçısı həm ölkəmiz, həm də Ermənistanla bağlı bir sıra vacib mesajlar verməklə İrəvanı 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqları qəbul etməyə çağırdı. Azərbaycan Prezidentinin müsahibə zamanı qeyd etdiyi mhüm məqamlardan biri də ictimai nəzarətlə bağlı idi. Təsadüfi deyil ki, dövlət başçısının məlum müsahibəsindən sonra cəmiyyətdə də bu istiqamətdə fəallıq artıb. Bəs görəsən ictimai nəzarət məsələsində mərkəzi və yerli icra hakimiyyəti, eləcə də qanunverici orqanın üzərinə hansı vəzifələr düşür. Bu və ya digər suallarla Milli Məclisin deputatı Cavid Osmanova müraciət etdik.

-Cavid müəllim, bu günlərdə Azərbaycan Prezidenti yerli televiziya kanallarına müsahibə verdi və bir sıra vacib məqamlara toxundu. Qanunverici orqanın təmsilçisi olaraq necə fikirləşirsiniz, dövlət başçısının həmin müsahibəsindən irəli gələrək Sizin qarşınızda hansı vəzifələr dayanır?

-Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev yerli televiziya kanallarına müsahibəsi zamanı bir sıra vacib məqamlara toxundu. Dövlət başçısı tərəfindən müsahibə zamanı artıq geridə qalmış illər ərzində həyata keçirilmiş tədbirlər, qazandığımız uğurlar, onların nəticələri və effektləri, eyni zamanda Azərbaycan dövləti tərəfindən regionda yaranan yeni reallığa uyğun olaraq atılan addımlarla bağlı vacib mesajlar verildi. Əlbəttə ki, Prezident İlham Əliyev tərəfindən eyni zamanda qarşıda duran bir sıra vəzifələr də müəyyənləşdirildi. Azərbaycanın gələcək hədəflərinə daha sürətlə və keyfiyyətlə çatması  üçün hesab edirəm ki, hər kəs öz üzərinə düşən vəzifələri yerinə yetirməlidir. Cənab prezident tərəfindən yerli televiziya kanallarına  verilən müsahibədə qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi üçün istər mərkəzi icra orqanları, istərsə qanunverici orqan, istərsə də media tərəfindən müvafiq addımlar atılmalıdır.

-Prezidentin müsahibədə vurğuladığı bir xüsusi məqam ictimai nəzarətlə bağlı idi. Konkret olaraq cəmiyyətimiz bu istiqamətdə hansı addımlar atmalıdır?

-Sizin də qeyd etdiyiniz kimi dövlət başçısı tərəfindən yerli televiziya kanallarına verilən müsahibədə ictimai nəzarət məsələsi də xüsusi olaraq vurğulandı və cənab prezident bir sıra məsələlər barədə media üzərindən məlumat aldığını qeyd etdi. Onu da qeyd etmək lazımdır ki, cəmiyyəti narahat edən hər bir məsələyə də ciddi reaksiya verilir. Bu baxımdan ictimai nəzarətin güclü və şəffaf olması çox vacibdir. Əlbəttə ki, bəzi hallarda sui - istifadə hallarının olduğunu da görürük. Yaxud hansısa bir qarayaxma kampaniyası da həyata keçirilir. Ancaq bütün bunlar təbii ki, yolverilməzdir və ictimai nəzarət tam sərbəst və ölkəmizin, dövlətimizin, xalqımızın, cəmiyyətimizin inkişafına birmənalı olaraq töhfə verməlidir. Eyni zamanda bu inkişafa mane olan amillərin üzə çıxarılmasında ictimai nəzarətin funksiyası çox böyük olmalıdır. 

-Dövlət başçısının müsahibəsində də vurğulandığı kimi Ermənistanda hələ də revanşist qüvvələr var və onlar müntəzəm olaraq dövlət sərhədində təxribatlar törədirlər. Sizcə bu kimi təxribatlar davamlı xarakter alacaq, yoxsa? 

-44 günlük Vətən müharibəsinin bitməsindən bir ildən artıq müddət keçir. Lakin hələ də Ermənistandakı müəyyən qüvvələr tərəfindən revanşist fikirlər səslənməkdə və cəmiyyətə aşılanmaqdadır. Həmin revanşist qüvvələr Ermənistanın daxili ilə yanaşı, onda  kənarda, ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən erməni lobbiləri arasında da mövcuddur. Onların bu kimi revanşist hərəkətləri, düşüncələrini Vətən müharibəsi bitdikdən sonra belə dövlət sərhədində bir neçə dəfə törətdikləri təxribatlar zamanı da aydın şəkildə gördük. Cənab prezident də sözügedən müsahibəsində qeyd etdi ki, bu kimi təxribatlar davamlı xarakter daşıya bilməz və Ermənistan bu kimi təxribatlardan əl çəkməlidir. Indiyə qədər dövlət sərhədində ermənilərin həyata keçirdikləri bütün təxribatların qarşısı qətiyyətlə alınıb və düşmənə çox böyük sarsıdıcı zərbələr endirilib. Ona görə də Ermənistan düşünməsin ki,  dövlət sərhədində bu müntəzəm hal kimi davam edəcək və istədikləri zaman təxribatlar həyata keçirəcəklər. Hər bir məsələdə olduğu kimi, bu məsələdə də səbr kasamız dola və düşmənə daha ciddi reaksiya, cavab verilə bilər. Bununla da Ermənistan özünü tamamilə daha acınacaqlı duruma sürükləyər.  

-Belə demək mümkünsə Ermənistanın inkişafı onun atacağı adımlardan asılıdır

-Əlbəttə. Düşünürəm ki, Ermənistan hazırkı rəzil vəziyyətindən, blokada durumundan çıxmaq, bölgə ölkələri ilə  normal, sivil münasibətlər qurmaq istəyirsə və inkişaf yolunu tutmaq niyyətindədirsə,  o halda təxribatlardan əl çəkib danışıqlar yolunu tutmalıdır. Burada danışıqlar yolu dedikdə təbii ki, sərhədlərin delimitasiyası və demorkasiyasından, nəqliyyat əlaqələrinin bərpasından  söhbət gedir. Əks təqdirdə Ermənistanın vəziyyəti daha da ağır olacaq. Bütün halda biz sülh, əminamanlıq, bölgədə sabitlik istəyirik.

-Dövlət sərhədində təxribatlar davam edəcəyi təqdirdə Dəmir Yumruq yenidən işə düşə bilər?

-Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin qeyd etdiyi kimi Üçüncü Qarabağ müharibəsi bizim planlara daxil deyil. Ancaq bu o demək deyil ki, Ermənistan istədiyi qədər təxribatlar törədəcək və istədiyi qədər çirkin əməllərini davam etdirəcək. Ona görə də Ermənistan unutmamalıdır ki, bu kimi təxribatlar davam edəcəyi təqdirdə Azərbaycan Dəmir Yumruğu yenidən işə salacaq. 

-Cavid müəllim, bir deputat olaraq yenicə qədəm qoyduğumuz 2022-ci ili Azərbaycan üçün necə xarakterizə edərdiniz? Uğurlu inkişafımız bu il də davam edəcəkmi?

-Hesab edirəm ki, 2022-ci il Azərbaycan üçün növbəti uğurlu il kimi yadda qalacaq. Son illərdə əldə edilən uğurlar və xüsusilə 44 günlük Vətən müharibəsindəki parlaq qələbəmiz, müharibə bitdikdən dərhal sonra işğaldan azad edilən ərazilərimizdə həyata keçirilən böyük quruculuq və yenidənqurma işləri, ölkəmizin 2021-ci ildə beynəlxalq münasibətlər sistemində davamlı uğurlara imza atması, COVİD-19 - a qarşı mübarizədə Azərbaycanın uğurlu addımları və ölkəmizin təşəbbüsü ilə bir çox beynəlxalq təşkilatlarda, eləcə də BMT-də qəbul edilmiş qətnamələr, aparılan müzakirələr, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılmış addımlar, həmçinin  digər fundamental işlər hər birimizdə əminlik yaradır ki, 2022-ci il Azərbaycan üçün uğurların davamı olan il kimi yadda qalacaq. 2022-ci heç şübhəsiz ki, Böyük Qayıdış artıq reallığa da çevrilə bilər. Bu baxımdan əminəm ki, 2022-ci il də Azərbaycan uçun uğurlar ili olacaq.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31